AZƏRBAYCAN-ABŞ STRATEJİ TƏRƏFDAŞLIĞI GÜCLƏNİR, HƏRBİ ƏLAQƏLƏR YENİ YÜKSƏLİŞ MƏRHƏLƏSİNƏ DAXİL OLUR – TƏHLİL

Getdikcə daha mürəkkəb xarakter almağa başlayan müasir beynəlxalq münasibətlər sistemində müdafiə sənayesi dövlətlərin milli təhlükəsizliyinin təmin olunmasında və strateji müstəqilliyinin qorunmasında mühüm rol oynayır. Azərbaycan da müstəqilliyini bərpa etdikdən sonra müdafiə qabiliyyətinin gücləndirilməsini prioritet istiqamət kimi müəyyən edib və bu məqsədlə müdafiə sənayesi sahəsində əlaqələrini uğurla şaxələndirib. Bu strategiya ölkənin həm hərbi-texniki potensialının artırılmasına, həm də beynəlxalq tərəfdaşlıq imkanlarının genişlənməsinə gətirib çıxarıb.

Məlumdur ki, Azərbaycanın müdafiə sənayesinin formalaşması və inkişafı əsrin əvvəllərindən etibarən sistemli xarakter almağa başlayıb. Xüsusən də Müdafiə Sənayesi Nazirliyinin yaradılması bu sahədə institusional əsasların möhkəmləndirilməsinə səbəb olub. Burada ilkin mərhələdə əsas məqsəd Silahlı Qüvvələrin ehtiyaclarının daxili istehsal hesabına təmin edilməsi olsa da, sonrakı dövrlərdə ixrac potensialının formalaşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ön plana çıxıb. Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bu xüsusda qeyd edib: “Biz keçən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik. Onun böyük hissəsi Azərbaycan Silahlı Qüvvələrinə verilib, bir hissəsi isə ixrac edilib. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir. Yeniliklərdən biri də odur ki, biz böyük, dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə Azərbaycanda birgə müəssisələr yaratmışıq. Burada həm pilotsuz uçuş aparatları, artilleriya qurğuları, digər vasitələr, silah-sursat istehsalı nəzərdə tutulur. Biz bu sahəyə bir neçə prizmadan baxırıq. Birincisi, daxili istehlakı daxili istehsalla maksimum təmin etmək. İkincisi, böyük sənaye sahəsi yaratmaq. Üçüncüsü, müasir kadr potensialı yaratmaq və ixrac imkanlarımızı genişləndirməkdir ki, bu sahəyə, eyni zamanda, gəlir gətirən sahə kimi baxmağa başlamışıq”.

Beləliklə, Azərbaycan müdafiə sənayesini həm də beynəlxalq tərəfdaşlıqlar hesabına gücləndirir. Burada o da xüsusi qeyd olunmalıdır ki, Azərbaycan müdafiə sənayesi sahəsində əlaqələrini şaxələndirərkən balanslaşdırılmış xarici siyasət prinsipinə sadiq qalır. Ölkə eyni zamanda həm Qərb dövlətləri, həm regional tərəfdaşlar, həm də İslam dünyasına aid ölkələrlə hərbi-texniki əməkdaşlıq qurub. Türkiyə bu sahədə Azərbaycanın ən önəmli strateji tərəfdaşları sırasındadır. İki ölkə arasında birgə istehsal layihələri, texnologiya transferi və hərbi məhsulların modernləşdirilməsi müdafiə sənayesinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə imkan verib. Bununla yanaşı, İsrail, Pakistan, Cənubi Koreya və bir sıra Avropa ölkələri ilə əməkdaşlıq Azərbaycanın müdafiə sənayesinin texnoloji imkanlarını genişləndirib. Xüsusilə pilotsuz uçuş aparatları, rabitə sistemləri, optik-elektron avadanlıqlar və yüksək dəqiqlikli silahların istehsalı sahəsində əldə olunan təcrübə Azərbaycanın hərbi-texniki qüdrətini daha da artırıb.

Proseslərin inkişaf axarı Azərbaycanın hərbi sferada ABŞ ilə də münasibətlərinin yeni dinamik inkişaf mərhələsinə qədəm qoymaqda olduğunu göstərir. Ümumiyyətlə, Azərbaycan və ABŞ arasında əlaqələr, tərəfdaşlıq münasibətləri artıq intensiv yüksəliş mərhələsinə daxil olur. Bunu ABŞ Prezidenti Donald Tramp da xüsusi olaraq vurğulayır. O, “Truth” sosial media hesabında öncə ötən ilin avqust ayında imzalanmış sülh müqaviləsinə əməl etdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edib. Trampın sözlərinə görə, son müharibə dəhşətli olub və onun sona çatdıra bildiyi səkkiz müharibədən biridir, lakin region artıq sülh və rifah dövrünə qədəm qoyur. O, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin sülh səylərini davam etdirmək, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu irəli aparmaq üçün fevralda Azərbaycana və Ermənistana səfər edəcəyini vurğulayıb. ABŞ Prezidenti həmçinin Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək, Ermənistanla dinc nüvə əməkdaşlığı müqaviləsi bağlamaq və Amerikanın yarımkeçirici istehsalçılarının maraqları naminə müqavilələr imzalamaq niyyətində olduğunu bildirib. Bundan əlavə, Tramp ABŞ-nin Azərbaycana zirehli geyimlər, qayıqlar və digər məhsullar da daxil olmaqla Amerika istehsalı olan müdafiə avadanlıqları satmağı planlaşdırdığını açıqlayıb.

Bütün bunlar həm də o deməkdir ki, Azərbaycan Ordusunun arsenalında ABŞ istehsalı olan məhsullar da olacaq. Bu, həm də məlum 907-ci düzəlişin hüquqi qüvvəsinin ABŞ Prezidenti tərəfindən dayandırlması sayəsində mümkünləşir. Xatırlatmaq lazım gəlir ki, ötən əsrin sok dekadasından etibarən ABŞ-nin Azərbaycana hərbi sahədə yardımı əsasən beynəlxalq təhlükəsizlik proqramları vasitəsilə həyata keçirilib. Xüsusilə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması, hərbi planlaşdırma, müdafiə islahatları və kadr hazırlığı sahəsində əməkdaşlıq genişlənib. 2001-ci il 11 sentyabr terror aktlarından sonra isə qlobal təhlükəsizlik mühiti köklü şəkildə dəyişdi və Azərbaycan-ABŞ hərbi əməkdaşlığı yeni mərhələyə qədəm qoydu. Azərbaycan terrorizmə qarşı beynəlxalq koalisiyaya qoşuldu, ABŞ-nin rəhbərliyi altında Əfqanıstan və İraqda həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak etdi. Azərbaycan hərbçilərinin bu missiyalarda iştirakı iki ölkə arasında hərbi etimadı gücləndirdi və ölkəmizin beynəlxalq təhlükəsizlik sisteminə töhfə verən məsuliyyətli tərəfdaş kimi mövqeyini möhkəmləndirdi.

geostrateji mövqeyi də ABŞ üçün xüsusi əhəmiyyət kəsb edir. Xəzər dənizi regionunda yerləşən Azərbaycan enerji nəqli marşrutlarının təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan ABŞ Azərbaycanla dəniz təhlükəsizliyi, sərhəd mühafizəsi və kritik infrastrukturun qorunması sahələrində əməkdaşlığa xüsusi diqqət yetirib. Xəzər dənizində dəniz sərhədlərinin qorunması üçün texniki yardım, patrul gəmiləri və avadanlıq təminatı bu əməkdaşlığın əsas istiqamətlərindən biri olub. Hərbi təhsil və peşəkar hazırlıq sahəsi Azərbaycan-ABŞ əməkdaşlığının vacib komponentidir. Bununla yanaşı, yuxarıda adı çəkilən 907-ci düzəliş səbəbindən Azərbaycan-ABŞ hərbi əlaqələri müəyyən məhdudiyyətlər və siyasi çətinliklərlə də üzləşmişdi. ABŞ Konqresinin qəbul etdiyi 907-ci düzəliş uzun müddət Azərbaycana birbaşa hərbi yardımın göstərilməsini məhdudlaşdırmışdı. Lakin terrorizmə qarşı mübarizə və regional təhlükəsizlik maraqları səbəbindən bu məhdudiyyətlər müəyyən dövrlərdə qismən dayandırılmış və əməkdaşlıq davam etdirilmişdi. İndi isə bu düzəlişin birdəfəlik ləğvi üçün müvafiq addımlar atılır.

Bu gün Azərbaycan-ABŞ hərbi münasibətləri daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan formatda inkişaf edir. Azərbaycan özünün balanslaşdırılmış xarici siyasət kursunu qoruyaraq həm NATO, həm də digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığını davam etdirir. ABŞ isə Azərbaycanı Cənubi Qafqazda regional sabitlik və təhlükəsizlik baxımından mühüm tərəfdaş kimi qiymətləndirir. Bu kontekstdə hərbi istiqamət üzrə də iki ölkə arasında əlaqələr dinamik şəkildə inkişaf edir və bu, həm Azərbaycanın, həm də ABŞ-nin milli maraqlarına cavab verir.

MTM Analitik Qrupu