
Müasir dövrdə qlobal iqtisadiyyat dərin transformasiya mərhələsindən keçir və bunu şərtləndirən çoxsaylı səbəblər var. Geosiyasi faktorlardan tutmuş texnologiyanın dinamik inkişafına qədər geniş diapozonda cərəyan edən hadisələr dünya iqtisadiyyatında ciddi dəyişikliklərə gətirib çıxarır. Bu mənada Azərbaycan iqtsadiyyatı ilə bağlı da mühüm yeniliklər qeydə alınır və ölkəmizdə sözügedən sahəyə beynəlxalq maraq əhəmiyyətli dərəcədə yüksəlir. İkinci Qarabağ müharibəsi nəticəsində ölkəmizin Cənubi Qafqazda yaratdığı yeni reallıqlar, daha sonra sülh təşəbbüsləri ilə regionu sabitlik, tərəqqi məkanına çevirməsi dünyanın, o cümlədən müxtəlif transmilli şirkətlərin bura marağını artırırb. Azərbaycanın regionun lider dövləti olması isə diqqəti daha çox ölkəmiz üzərində fokuslayır.
Digər tərəfdən Azərbaycanda iqtisadi islahatlar, zamanın tələblərinə uyğun atılan addımlar ölkənin cəlbediciliyini daha da artırır. İqtisadi inkişaf prosesində yeni sahələrin ön plana çəkilməsi, əlverişli mühit, infrastruktur çoxsaylı xarici investorların da ölkəmizə diqqətini yüksəldir. Bütün bunlar kontekstində Azərbaycanda investiya üçün bir çox konkret sahələr əcnəbi investorları getdikcə daah çox cəlb edir. Prezident İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirakı zamanı bu xüsusda qeyd edib: “Bu gün Azərbaycana faydalı qazıntı növlərinə, bərpaolunan enerjiyə, süni intellektə və məlumatlar mərkəzlərinə sərmayə qoyuluşu Avropa şirkətlərinin marağındadır. Strateji tərəfdaşlıq nizamnaməsinin hazırlanması ilə bağlı işçi qrupun yaradılması haqqında mən və Prezident Tramp tərəfindən tarixi sənədin imzalanmasından sonra Amerika şirkətləri ilə bizim əməkdaşlığımız heç zaman olmadığı qədər intensivləşib. Biz demək olar ki, həmin sənədi, yəni strateji tərəfdaşlıq xartiyasını yekunlaşdırırıq və ümid edirəm ki, bu, növbəti ay baş tutacaqdır. Bərpaolunan enerji mövzusu orada öz əksini tapmayıb, – bunun nə ilə bağlı olduğunu anlayırıq, – ancaq məlumat mərkəzləri, süni intellekt, bağlantı, enerji və bir sıra digər sahələr həmin xartiyaya daxildir. Biz avqust ayının 8-dən etibarən Vaşinqtona və digər şəhərlərə artıq 4 nümayəndə heyəti göndərmişik. Onların hamısı yaxşı nəticələrlə geri qayıdıb və hesab edirik ki, biz ABŞ ilə yeni mərhələyə qədəm qoyuruq – siyasi, iqtisadi, enerji və hətta müdafiə sahəsində. Bu, Azərbaycan üçün Amerika Birləşmiş Ştatlarından birbaşa sərmayə cəlb etməkdə böyük imkanlar yaradacaqdır və ümid edirəm ki, bizim avropalı tərəfdaşlarımız bu məsələdə geri qalmayacaqlar”.
Qeyd olunanlar onu təsdiq edir ki, Azərbaycana Qərb dünyasından yaxın tezlikdə yeni sərmayə axını başlanacaq. Özü də bu dəfə qeyri-neft/qaz sektoruna daha çox diqqət ediləcək. Ölkəmizdə bu kontekstdə nəzərə alınır ki, ənənəvi iqtisadi modellər tədricən bilik, texnologiya və dayanıqlılıq üzərində qurulan yeni yanaşmalarla əvəz olunur. Bu prosesdə ölkələrin uzunmüddətli inkişafı düzgün seçilmiş prioritet sahələrə yönəldilən sərmayələrdən birbaşa asılıdır. Azərbaycan üçün faydalı qazıntılar, bərpaolunan enerji, süni intellekt və məlumatlar mərkəzləri strateji əhəmiyyət daşıyan əsas istiqamətlər kimi çıxış edir.
Nəzərə alınmalıdır ki, Azərbaycan zəngin faydalı qazıntı ehtiyatlarına malik ölkədir. Neft və qazla yanaşı, ölkə ərazisində qızıl, mis, molibden, dəmir filizi, alunit, digər qiymətli minerallar mövcuddur. Bu ehtiyatların səmərəli şəkildə istismarı iqtisadiyyatın diversifikasiyası baxımından mühüm rol oynayır. Xüsusilə qeyri-neft sektorunun inkişafı üçün mədən sənayesinə müasir texnologiyalar və ekoloji standartlar əsasında sərmayə qoyuluşu vacibdir. Bu fonda işğaldan azad edilmiş ərazilərə də xüsusi diqqət olunur. Məsələ ilə bağlı Prezident İlham Əliyev Davosda dünya ictimaiyyətinin nəzərinə çatdıırb ki, mədənçilik ölkəmiz üçün nisbətən yenidir: “Çünki nadir metallarımızın əksəriyyəti son beş və iki il ərzində Ermənistanın işğalından azad edilmiş ərazilərdə yerləşir. Hazırda ən müasir texnologiyalardan istifadə etməklə fəal tədqiqat mərhələsindəyik ki, potensialımızı dəqiq müəyyən edək. Potensialın mövcudluğu sovet dövründə aparılmış araşdırmalardan məlumdur, lakin o texnologiyalar tamamilə köhnə idi”.
Bununla yanaşı, qlobal iqlim dəyişiklikləri və enerji təhlükəsizliyi məsələləri bərpaolunan enerjiyə investisiyaları qaçılmaz edir. Azərbaycan günəş və külək enerjisi potensialına görə regionda öncül mövqedədir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları “yaşıl enerji zonası” elan olunaraq bu sahədə böyük imkanlar açır. Bərpaolunan enerji layihələrinə qoyulan sərmayələr ölkənin enerji balansında neft və qazdan asılılığı azaldır, karbon emissiyalarını minimuma endirir və beynəlxalq ekoloji öhdəliklərin yerinə yetirilməsinə töhfə verir. Eyni zamanda, bu sahə xarici investorlar üçün cəlbedici olmaqla, Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyini daha da möhkəmləndirir.
Texnoloji inkişafın əsas hərəkətverici qüvvələrindən biri olan süni intellekt artıq yalnız gələcəyin deyil, bu günün reallığıdır. Süni intellekt iqtisadiyyatın demək olar ki, bütün sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, səhiyyə, maliyyə, nəqliyyat və dövlət idarəçiliyində səmərəliliyin artırılmasına xidmət edir. Azərbaycanda süni intellekt sahəsinə sərmayə qoyuluşu insan kapitalının inkişafına, innovativ startap ekosisteminin formalaşmasına və rəqəmsal iqtisadiyyatın genişlənməsinə imkan yaradır. Süni intellektin effektiv fəaliyyəti isə böyük həcmdə məlumatların emalı ilə birbaşa bağlıdır. Bu baxımdan məlumatlar mərkəzləri müasir iqtisadiyyatın strateji infrastruktur elementi hesab olunur. Məlumatlar mərkəzlərinə sərmayə qoyuluşu ölkənin rəqəmsal suverenliyini gücləndirir, informasiya təhlükəsizliyini təmin edir və beynəlxalq rəqəmsal xidmətlərin cəlb olunmasına şərait yaradır. Azərbaycanın coğrafi mövqeyi regional məlumatlar mərkəzinə çevrilməsi üçün mühüm üstünlükdür. Bu sahədə inkişaf bulud texnologiyaları, elektron hökumət xidmətləri və maliyyə texnologiyalarının sürətli yayılmasına imkan verir. Ölkəmizdə enerji istehsalı faktoru da bu baxımdan mühüm üstünlük hesab olunur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ölkəmizdə həm də enerji ucuzdur: “İkincisi, əlavə potensialımız var. Hətta bu gün istifadə etmədiyimiz və ötürmə imkanlarının məhdudluğu səbəbindən ixrac edə bilmədiyimiz 2 giqavat elektrik enerjimiz mövcuddur. Altı il ərzində bu göstərici 8 giqavata çatacaq və regionumuzda heç bir ölkə bu qədər əlavə gücə malik deyil. Əksər ölkələr idxaldan asılıdır. Bəziləri hətta enerji çatışmazlığı ilə üzləşir. Məhz buna görə də məlumat mərkəzləri üçün maksimum səmərəliliyin əldə oluna biləcəyi yer Azərbaycandır”.
O da faktdır ki, bərpaolunan enerji mənbələri məlumatlar mərkəzlərinin enerji tələbatını ekoloji cəhətdən təmiz şəkildə ödəyə, süni intellekt isə faydalı qazıntıların kəşfiyyatı və hasilatında xərclərin azaldılmasına, təhlükəsizliyin artırılmasına xidmət edə bilər. Bu qarşılıqlı əlaqə investisiyaların ümumi səmərəliliyini yüksəldir və dayanıqlı inkişaf modelinin formalaşmasına şərait yaradır. Sözügedən sahələrə yönəldilən məqsədyönlü və uzunmüddətli sərmayələr ölkənin qlobal iqtisadi sistemdə rəqabət qabiliyyətini artırır, milli təhlükəsizliyi möhkəmləndirir və gələcək nəsillər üçün dayanıqlı iqtisadi əsaslar yaradır. Azərbaycanın bu istiqamətlərdə atdığı addımlar onun regional liderlik mövqeyini daha da gücləndirir, ABŞ və Avropadan yeni sərmayə axınını təmin edir. Ərəb dünyası, Çin kimi dünyanın aparıcı ölkəsindən də Azərbaycana yatrılan investisiyaların həcmində sürətli artım qeydə alınır. Bütün bunlar Azərbaycan qarşısında yeni imkanlar pəncərəsi açır.
MTM Analitik Qrup
