AZƏRBAYCANDA İKİNCİ NEFT BUMU BAŞLANIR

Qlobal miqyasda alternativ enerjiyə keçid sürətli xarakter alsa da, görünən odur ki, ənənəvi yanacaq növləri hələ uzun illər ərzində dünya iqtisadiyyatında mühüm rol oynamaqda davam edəcək. Çünki alternativ enerji istehsalı istənilən həcmdə deyil və bu vəziyyət yaxın onilliklərdə dəyişməyəcək. Elə bu kontekstdə təbii qaz, o cümlədən neft müasir dünyada qlobal iqtisadiyyatın, sənayenin və beynəlxalq münasibətlərin əsas dayaqlarından biri hesab olunur.

Xatırlatmaq lazım gəlir ki, XIX əsrin sonlarından etibarən sənaye inqilabının sürətlənməsi ilə neftə olan tələbat sürətlə yüksəlib, XXI əsrdə isə bu enerji resursunun strateji əhəmiyyəti daha da artıb. Bu gün neft təkcə enerji mənbəyi kimi deyil, eyni zamanda iqtisadi, siyasi və geosiyasi faktor olaraq dünya nizamının formalaşmasında mühüm rol oynayır. Real vəziyyətin təhlili sübut edir ki, bu gün dünyada istifadə olunan enerjinin böyük bir hissəsi məhz neft və neft məhsullarının payına düşür. Alternativ enerji mənbələrinin inkişafına baxmayaraq, neft hələ də enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı mövqeyini qoruyub saxlayır. Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün neft effektiv enerji mənbəyi olaraq qalmaqdadır. İnkişaf etmiş ölkələrinin sənayesinin inkişafında da yenə həlledici rol neftə məxsusdur.

Beləliklə, neftin dünya iqtisadiyyatındakı rolu danılmazdır. Neft hasilatı və ixracı bir çox ölkələrin dövlət büdcəsinin mühüm gəlir mənbəyini təşkil edir. Bir çox ərəb ölkələri, Rusiya, ABŞ, Kanada, Azərbaycan, Norveç kimi ölkələr neft gəlirləri hesabına iqtisadi inkişaflarını uğurla təmin edib, regional, qlobal miqyaslı infrastruktur layihələri həyata keçiriblər. Azərbaycan da daxil olmaqla hasilatçı ölkələrin bir çoxu dünyada enerji təhlükəsziliyinin təmin olunmasında aparıcı subyekt kimi çıxış edirlər.

O da faktdır ki, Azərbaycan nefti tarixən təkcə milli iqtisadiyyatın deyil, həm də dünya enerji sisteminin mühüm tərkib hissəsi olub.  Qeyd edildiyi kimi bu gün də Azərbaycan nefti qlobal enerji təhlükəsizliyinin təmin olunmasında, beynəlxalq əməkdaşlığın inkişafında və regionun geosiyasi əhəmiyyətinin artmasında mühüm rol oynayır. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanı beynəlxalq enerji bazarında etibarlı tərəfdaşına çevirib. Azərbaycanın həyata keçirdiyi iri enerji layihələri ölkənin dünya üçün əhəmiyyətini daha da artırıb. Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəməri Xəzər neftinin Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxarılmasını təmin edir. Bu kəmər təkcə iqtisadi layihə deyil, eyni zamanda siyasi və strateji əhəmiyyət daşıyır. O, Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, neft tədarükündə alternativ marşrutların formalaşmasına xidmət edir.

Son illərdə təbii səbəblər üzündən istismarda olan quyularda neftin azalmasına gəlincə, görünən odur ki, bu proses müvəqqəti xarakterə malikdir. Ölkəmizdə yaxın tezlikdə növbəti neft bumunun olması gözlənilir. Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibəsindən sonra bu telekanalın təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirakı zamanı səsləndirdiyi fikirlər də bunu təsdiq edir. Enerji sahəsində vəziyyətlə bağlı danışan dövlət başçısı bildirib: “Enerji sektoruna gəlincə, biz qaz hasilatını artırırıq, neft hasilatını azaldırıq. Lakin neft hasilatını sabitləşdirmək, hətta artırmaqla bağlı planlarımız var. Ola bilsin ki, indi bu barədə danışmaq tezdir. Ancaq əgər beynəlxalq enerji şirkətləri tərəfindən həyata keçirilən kəşfiyyat layihələri yaxşı nəticələr versə, Azərbaycanda ikinci mühüm neft bumunu yaşaya biləcəyimizə dair çox haqlı ümidlərimiz var. Biz məhz buna ümid edirik”.

Xatırlatmaq lazım gəlir ki, dövlət başçısı bu məsələyə ötən ilin avqustunda “ExxonMobil” və SOCAR arasında əməkdaşlığa dair imzalanan memorandum fonunda Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində də toxunub. Onun sözlərinə görə,  “ExxonMobil” və SOCAR arasında əməkdaşlığa dair imzalanan memorandum böyük layihə ilə nəticələnəcək: “Əvvəlcədən nə isə demək istəmirəm, amma Azərbaycanda böyük neft yatağının kəşfi ehtimalı yüksəkdir. Bildiyiniz kimi, “Exxon” dünyanın aparıcı enerji şirkətidir və müasir texnologiyalar sahəsində böyük təcrübəyə malikdir. “Exxon”un, həmçinin Azərbaycanda böyük təcrübəsi var. “Exxon” bizim “Azəri-Çıraq-Günəşli” layihəmizə ilk olaraq 1994-cü ildə qoşulmuşdu və burada xüsusi elçi cənab Uitkoffun, ABŞ-ın enerji nazirinin müavininin və mənim iştirakımla imzalanma mərasiminin keçirilməsi faktiki olaraq nümayiş etdirir ki, biz bu layihənin gələcəyinə inanırıq. İnanın, inanmasaydıq, memorandumun imzalanmasında iştirak etməzdik. Mən çox nadir hallarda memorandum imzalanmasında iştirak edirəm. Mən bəzən müqavilələrin imzalanmasında iştirak edirəm, lakin bu, memorandumdur. Əlimizdə bir sıra amillər, texniki amillər var ki, onlar yeni karbohidrogen ehtiyatlarının kəşfinə işarə edir”. 

Təbii ki, yeni neft bumu ölkə iqtisadiyyatının inkişafına əlavə təkan verəcək.  Prezident İlham Əliyev cari il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bu fonda qeyd edib: “Neft hasilatı sabitləşdikdən sonra ÜDM üzrə daha yüksək rəqəmləri görəcəyimizi düşünürəm. Amma yenə də mənim üçün bu, nə rəqabətdir, nə də yarış. Əsas odur ki, iqtisadiyyatımız bizə inkişaf etməyə, əhali üçün daha yaxşı yaşayış şəraiti yaratmağa, azad edilmiş əraziləri bərpa etməyə, müdafiə qabiliyyətinə investisiya qoymağa və ümumilikdə, iqtisadiyyatımızı daha da gücləndirməyə imkan versin”.

Bir məqam da xüsusi qeyd olunmalıdır ki, Azərbaycan nefti dünya bazarlarında yüksək keyfiyyəti ilə də seçilir. “Azeri Light” markalı neft aşağı kükürdlü və yüksək keyfiyyətli olması ilə beynəlxalq alıcılar tərəfindən yüksək qiymətləndirilir. Bu da Azərbaycanın neft ixracında rəqabət qabiliyyətini artırır. Azərbaycan neftinin dünya üçün əhəmiyyəti regional sabitlik və əməkdaşlıq baxımından da önəmlidir. Eyni zamanda, Azərbaycan neft gəlirlərindən səmərəli istifadə edərək iqtisadiyyatın şaxələndirilməsinə xüsusi diqqət yetirir və artıq böyük nəticələrə imza atıb. Bu yanaşma qlobal enerji keçidi dövründə Azərbaycanın mövqelərini qorumağa imkan yaradır. Dünya alternativ enerji mənbələrinə keçid etsə də, bu mərhələdə Azərbaycan nefti də hələ uzun müddət mühüm rol oynayacaq.

Görünən həm də odur ki, neft müasir dövrdə dünya üçün strateji əhəmiyyətə malik əsas resurslardan biri kimi mövqeyini uğurla qoruyur. Enerji təminatı, iqtisadi inkişaf, sənaye istehsalı və beynəlxalq siyasət neftlə sıx şəkildə bağlıdır. Alternativ enerji mənbələrinin inkişafına baxmayaraq, neft hələ uzun müddət qlobal sistemdə mühüm rol oynamaqda davam edəcək.

MTM Analitik Qrup