AZƏRBAYCAN “SÜLH ŞURASI”NA QOŞULUR

ABŞ Prezidentinin yanvarın 16-da “Sülh Şurası” adlı yeni beynəlxalq təşkilatın yaradılması barədə verdiyi qərar Donald Trampın xarici siyasətdə üstünlük verdiyi alternativ beynəlxalq mexanizmlər yanaşmasının davamı kimi görünür. Tramp administrasiyası ənənəvi beynəlxalq institutların – BMT, ATƏT, hətta NATO daxilində bəzi mexanizmlərin müasir çağırışlara operativ cavab verə bilmədiyini dəfələrlə vurğulayıb. Bu baxımdan, “Sülh Şurası” daha çevik, siyasi iradəyə əsaslanan və konkret nəticələrə fokuslanan platforma kimi dizayn edilə bilər. Yeni təşkilatın adı da qlobal münaqişələrin dərinləşdiyi, regional savaşların beynəlxalq təhlükəsizlik arxitekturasını sarsıtdığı bir dövrdə simvolik və strateji məna daşıyır.

Donald Trampın bu quruma Azərbaycan Respublikasını təsisçi üzv dövlət qismində dəvət etməsi qlobal diplomatiyada diqqətəlayiq hadisə kimi qiymətləndirilməlidir. Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında bu dəvətin qəbul edildiyi, eləcə də rəsmi təsdiq məktubunun ABŞ tərəfinə göndəriləcəyi bildirilib. Bu fakt təkcə yeni beynəlxalq platformanın formalaşması deyil, həm də Azərbaycanın son illərdə artan geosiyasi çəkisinin növbəti təsdiqidir. Qeyd edək ki, Azərbaycanın bu quruma məhz təsisçi üzv qismində dəvət olunması təsadüfi deyil. Burada bir neçə əsas amil ön plana çıxır ki, bunlardan da birincisi Azərbaycanın regional sülh təcrübəsidir. Belə ki, Azərbaycan son illərdə Cənubi Qafqazda post-münaqişə reallıqlarının formalaşdırılmasında əsas aktora çevrilib. Ermənistanla normallaşma prosesi, regional kommunikasiyaların açılması təşəbbüsləri və çoxtərəfli dialoq çağırışları Bakının sülh gündəliyinə sadiqliyini göstərir. İkincisi, Azərbaycanın qlobal etibarlı tərəfdaş imicidir ki, enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, Avropa ilə strateji enerji əməkdaşlığı Azərbaycanın beynəlxalq etibarını gücləndirib. ABŞ üçün Azərbaycan sabitlik ixrac edən, praqmatik və balanslı xarici siyasət yürüdən ölkə kimi qəbul olunur. Üçüncüsü, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dövründə nümayiş etdirdiyi diplomatik aktivlik və institusional təşəbbüslər ölkənin çoxtərəfli formatlarda işləmək bacarığını sübut edib. Bu təcrübə “Sülh Şurası” kimi yeni strukturlar üçün mühüm kapitaldır.

Bu dəvət eyni zamanda Vaşinqton-Bakı münasibətlərində yeni siyasi mərhələnin siqnalı kimi də dəyərləndirilə bilər. Tramp administrasiyası dövründə ABŞ xarici siyasətində maraqlara əsaslanan praqmatik yanaşma üstünlük təşkil edir. Azərbaycanın regional güc mərkəzi kimi mövqeyi və müstəqil qərarvermə qabiliyyəti ABŞ üçün dəyərli tərəfdaşlıq modelidir. “Sülh Şurası” çərçivəsində Azərbaycan regional münaqişələrin tənzimlənməsi, vasitəçilik təşəbbüsləri, humanitar və post-münaqişə bərpası məsələlərində daha çox diqqətçkən aktora çevrilə bilər. Bu addım bəzi regional və qlobal aktorlar tərəfindən rəqabət prizmasından da izlənilə bilər. Xüsusilə ABŞ-nin təşəbbüsü ilə formalaşan yeni beynəlxalq platformaların mövcud güc balansına təsiri diqqətlə analiz ediləcək. Lakin Azərbaycanın balanslaşdırılmış xarici siyasəti bu riskləri minimallaşdırmaq üçün kifayət qədər manevr imkanları yaradır. Beləliklə, Azərbaycanın “Sülh Şurası”na təsisçi üzv dövlət kimi qoşulmaq niyyəti ölkənin artıq regional deyil, qlobal sülh gündəliyində söz sahibi olan aktor statusuna yüksəldiyini göstərir. Bu addım həm diplomatik prestij, həm də beynəlxalq proseslərə təsir imkanlarının genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır.

MTM Analitik Qrup