AZƏRBAYCAN CƏNUBİ QAFQAZA ƏBƏDİ SÜLH GƏTİRİR

Azərbaycanın Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına  çevrilməsi istiqamətində atdığı addımlar dünya miqyasında da təqdir edilir, alqışlanır. Beynəlxalq miqyasda o da qəbul olunur ki, Cənubi Qafqazda sülhün memarı Azərbaycandır, burada proseslərin inkişaf axarı bilavasitə ölkəmizdən asılıdır. Azərbaycan regionda sülhün əbədi xarakter daşımasında maraqlı tərəfdir. Bunu  Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə də bir daha təsdiq edib.

O da xüsusi qeyd olunmalıdır ki, regionda sülh və əməkdaşlıq naminə Azərbaycan lideri həyata keçirdiyi genişmiqyaslı fəaliyyət sayəsində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qalibləri sırasındadır. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondunun məlumatına əsasən, bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan – “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər komitəsinin üzvü və Mükafatın baş katibi Məhəmməd Əbdülsəlam bildirib: “Bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçib. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur”.

Mükafatın verilməsi bir daha təsdiq edir ki, Azərbaycanın Ermənistanla, ümumiyyətlə, Cənubi Qafqazda sülh, əməkdaşlıq istiqamətində addımları dünyada məmnuniyyətlə qarşılanır. Ölkəmiz isə yuxarıda qeyd edildiyi kimi regionda barışın əbədi olmasında maraqlı tərəfdir. “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsindən danışarkən bu xüsusda Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində qeyd edib: “Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır. Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm. Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, biz Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur”.

Azərbaycanın yanaşmasının həyati əhəmiyyət kəsb etdiyini indi Ermənistanda da qəbul edirlər.  Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda bununla bağlı bildirib: “…Prezident Əliyev qeyd etdi ki, biz sülh və əmin-amanlıq şəraitində yaşamağı öyrənməliyik. Biz uğur qazanacağıq, inanırıq. Bizim sazişlərimiz çox konkret prinsiplərə əsaslanıb. Bəli, ölkə olaraq biz bir-birimizin ərazi bütövlüyünə, suverenliyinə, yurisdiksiyalarına hörmət edirik, bunlar rəhbər prinsiplərdir. Bəli, sərhədlərimiz bir gün açılacaq və sadəcə, bir neçə il bundan əvvəl siyasi iradə bu səviyyədə deyildi. Eləcə də sıravi işgüzar səfərlər olacaq. Sıravi vətəndaşlarımız sərhədləri rahat keçərək münasibətlər quracaqlar. Biz bu fürsətlərdən faydalanacağıq və bu əməkdaşlıq nəticəsində Cənubi Qafqaz bütün dünya üçün çox əlverişli regiona çevriləcək”.

Beləliklə, Azərbaycanın regionda sülh, əməkdaşlıq istiqamətində atdığı addımlar öz nəticəsini verir, Cənubi Qafqazın tarixində tamam yeni bir mərhələ başlanır. Bütün bunlar fonunda Azərbaycan Prezidentinin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də tamamilə təbiidir.

Qeyd edilməlidir ki,  müasir dünyada münaqişələr, dini və irqi ayrı-seçkilik, nifrət ritorikası və sosial parçalanma bəşəriyyət üçün ciddi problemlər yaradır. Belə bir mürəkkəb və ziddiyyətli dövrdə insanları birləşdirən, sülhü, dialoqu və qarşılıqlı hörməti təşviq edən təşəbbüslərin rolu getdikcə daha da artır. Bu baxımdan “Zayed İnsan Qardaşlığı Mükafatı” beynəlxalq miqyasda insanlıq üçün böyük əhəmiyyət daşıyan nüfuzlu mükafatlardan biridir.

Mükafat Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nahyanın humanist ideyalarına və irsinə əsaslanır. Şeyx Zayed tolerantlıq, mərhəmət, qarşılıqlı hörmət və sülh dəyərlərini dövlət siyasətinin və ictimai həyatın əsas sütunlarına çevirmiş lider kimi tanınır. Mükafat onun bu ali ideallarını yaşatmaq, qlobal miqyasda insan qardaşlığı ideyasını təşviq etmək məqsədilə təsis edilib. Mükafatın ərsəyə gəlməsində mühüm tarixi hadisələrdən biri 2019-cu ildə Əbu-Dabidə imzalanmış “İnsan Qardaşlığı haqqında Sənəd” olub. Bu sənəd Roma Papası Fransisk və Əl-Əzhər şeyxi Əhməd əl-Tayyib tərəfindən imzalanaraq dinlərarası dialoqun, sülhün və qarşılıqlı anlaşmanın gücləndirilməsi istiqamətində tarixi addım kimi qiymətləndirilib. “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz bu sənəddə əks olunan prinsiplərin praktiki həyata keçirilməsinə xidmət edir. Mükafatın əsas məqsədi insan qardaşlığının inkişafına töhfə verən şəxsləri, təşkilatları və təşəbbüsləri tanımaq və təşviq etməkdir. Bu mükafat dini liderlərə, dövlət xadimlərinə, humanitar təşkilatlara, elm və mədəniyyət nümayəndələrinə, eləcə də cəmiyyətin rifahı naminə çalışan fərdlərə təqdim olunur. Burada əsas meyar milliyyət, din və ya siyasi mövqedən asılı olmayaraq, bəşəri dəyərlərə sadiqlik və insanlığa xidmət prinsipləridir.

Qeyd edilənlər kontekstində Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”a layiq görülməsi tamamilə təbii xarakterə malikdir. Çünki, Azərbaycanın 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində əldə etdiyi şanlı Zəfərin davamı Prezident İlham Əliyev tərəfindən sülh masasında da böyük uğurla davam etdirildi. Nəticədə Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradaraq uzunmüddətli sülhün memarına çevrildi. Bununla Azərbaycan lideri bütün dünyaya nümayiş etdirdi ki, ölkəmiz  Cənubi Qafqazda sülh quruculuğu prosesində də  lideridir və gələcək nəsillər üçün rifahın, sabitliyin hökm sürdüyü bir region miras qoymaq istiqamətində əməli addımlar atır.

MTM Analitik Qrup