DAVOS FORUMU AZƏRBAYCAN ÜÇÜN MÜHÜM BEYNƏLXALQ ƏMƏKDAŞLIQ PLATFORMASIDIR – TƏHLİL

Dünya İqtisadi Forumu (Davos Forumu) qlobal siyasi-iqtisadi gündəmin formalaşmasında mühüm rol oynayır. Hər il İsveçrənin Davos şəhərində keçirilən illik toplantılar dövlət və hökumət başçılarını, aparıcı transmilli şirkətlərin rəhbərlərini, beynəlxalq təşkilatları və nüfuzlu intellektual dairələri bir araya gətirir. Davos təkcə iqtisadiyyatın müzakirə olunduğu məkan deyil, eyni zamanda, qlobal təhlükəsizlik, enerji siyasəti, iqlim dəyişikliyi və beynəlxalq əməkdaşlıq məsələlərinin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Bu baxımdan, Davos Forumu dünya siyasətinin “qapalı diplomatiya” ilə açıq ideya mübadiləsinin kəsişdiyi nadir məkandır.

1971-ci ildə təsis olunan Dünya İqtisadi Forumu zamanla qlobal qərarların formalaşdığı mühüm mərkəzlərdən birinə çevrilib. Burada səslənən fikirlər, aparılan müzakirələr və qurulan təmaslar sonradan beynəlxalq siyasətə və dünya iqtisadiyyatına real təsir göstərir. Davosda dövlətlər öz mövqelərini təqdim edir, yeni çağırışlara münasibət bildirir və qlobal trendlərə uyğun strategiyalarını beynəlxalq ictimaiyyətə çatdırırlar. Forumun əsas üstünlüklərindən biri onun qeyri-rəsmi, lakin yüksək səviyyəli dialoq mühiti yaratmasıdır. Rəsmi sammitlərdən fərqli olaraq Davosda liderlər daha açıq müzakirələr aparmaq, fikir mübadiləsi etmək və gələcək əməkdaşlıq üçün zəmin yaratmaq imkanı əldə edirlər. Bu xüsusiyyət Davosu xüsusilə orta və inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyətli platformaya çevirir.

Azərbaycanın Davos Forumu ilə əlaqələri müstəqilliyin ilk illərinə gedib çıxır. 1990-cı illərin ortalarında ümummilli lider Heydər Əliyevin Davosda iştirakı Azərbaycan üçün qlobal iqtisadi platformaya ilk ciddi çıxış idi. Həmin dövrdə ölkə beynəlxalq investorlar üçün hələ yeni tanınırdı və Davosda səsləndirilən mesajlar Azərbaycanın açıq iqtisadi siyasətini, enerji potensialını və regional əhəmiyyətini dünya ictimaiyyətinə çatdırırdı. Bu cür tədbirlər Azərbaycanı tədricən qlobal siyasi-iqtisadi diskursun bir parçasına çevirdi. Ona görə də Davos platforması Azərbaycan üçün təkcə iqtisadi təqdimat məkanı deyil, həm də ölkənin siyasi baxışlarının, regional mövqeyinin və beynəlxalq əməkdaşlıq niyyətinin ifadə edildiyi tribunadır.

Prezident İlham Əliyevin Davos Forumunda mütəmadi iştirakı Azərbaycanın bu platformadakı mövqeyini daha da möhkəmləndirib. Dövlət başçısı dəfələrlə Davosda qlobal enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, regional sabitlik və postmünaqişə reallıqları ilə bağlı mövqeyini ardıcıl şəkildə təqdim edib. Dövlət başçısı aktiv şəkildə müzakirələrə qoşulur, müxtəlif ölkə liderləri və aparıcı şirkətlərin rəhbərləri ilə görüşlər keçirir, Azərbaycanın maraqlarını və prioritetlərini birbaşa çatdırır. Nəticədə, Davos Forumu Azərbaycan üçün real siyasi və iqtisadi dividendlər gətirən platformaya çevrilir. Prezidentin çıxışlarında Azərbaycanın enerji siyasəti, Avropa üçün etibarlı tərəfdaş imici, nəqliyyat və logistika layihələri, eləcə də regional əməkdaşlıq təşəbbüsləri xüsusi yer tutur. Bu, Azərbaycanın qlobal iqtisadi sistemdə məsuliyyətli və proqnozlaşdırılan tərəfdaş kimi qəbul olunmasına xidmət edir.

Davos Forumu Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi baxımından bir neçə istiqamətdə əhəmiyyətlidir. İlk növbədə, bu platforma ölkəyə yüksək səviyyəli diplomatik təmaslar qurmaq imkanı yaradır. Qısa zaman ərzində onlarla lider və şirkət rəhbəri ilə birbaşa əlaqə qurmaq yalnız Davos kimi forumlarda mümkün olub. İkinci mühüm məqam iqtisadi əməkdaşlıq və investisiya mühitidir. Davosda aparılan danışıqlar Azərbaycanın enerji, sənaye, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahələrində potensialını nümayiş etdirməyə şərait yaradır. Bu isə ölkəyə olan marağın artmasına və uzunmüddətli iqtisadi tərəfdaşlıqların qurulmasına səbəb olur. Üçüncü aspekt Azərbaycanın regional liderlik iddiasının möhkəmlənməsidir. Davosda səsləndirilən mövqelər Cənubi Qafqazda və daha geniş coğrafiyada Azərbaycanın söz sahibi olduğunu göstərir. Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, Davos Forumu Azərbaycan üçün sadəcə illik beynəlxalq tədbir deyil, strateji əhəmiyyət daşıyan qlobal platformadır. Bu forumda iştirak ölkənin beynəlxalq imicinin formalaşmasına, siyasi mövqeyinin güclənməsinə və iqtisadi imkanlarının genişlənməsinə xidmət edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Davos xətti Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir.

MTM Analitik Qrupu