
Azərbaycanın qlobal investora çevrilməsi son illərdə ölkəmizdə formalaşan makroiqtisadi sabitliyin, çevik xarici siyasətin və uzunmüddətli strateji hədəflərin nəticəsidir. Ölkə iqtisadiyyatı artıq daxildəki əsaslı kapital qoyuluşlarını qarşılamaq, ixrac gəlirləri hesabına balans yaratmaq səviyyəsindən çıxaraq, beynəlxalq maliyyə bazarlarında fəal iştirak edən etibarlı tərəfdaş mövqeyinə yüksəlib.
Makroiqsadi dayanıqlıq, aşağı borclanma səviyyəsi, iri valyuta ehtiyatları və institusional islahatlar nəticəsində əldə olunan nəticələr ölkəmizin iri sərmayədara çevrilməsini təmin edir. Bu reallıq beynəlxalq reytinq agentliklərinin hesabatlarında da dolğun əksini tapır. “Moody’s” beynəlxalq reytinq agentliyi son açıqlamasında Azərbaycanın fiskal və makroiqtisadi mövqeyini müsbət dəyərləndirib. Agentlik bu qənaətdədir ki, hökumətin borcu ortamüddətli perspektivdə ümumi daxili nəhsulun (ÜDM) 30 faizindən aşağı səviyyədə qalacaq və bu da analoji reytinqə malik ölkələrin göstəricilərindən daha yaxşıdır.
Bu yanaşma ölkəmizin aşağı borclanma siyasətinin nəticəsi kimi diqqəti çəkir. Maliyyə Nazirliyinin məlumatına əsasən, Azərbaycanın xarici borcu hazırda cəmi 5.299 milyard dollar təşkil etməklə, son 1 ildə 1.162 milyard dollar, yaxud 18 faiz azalıb. Ümumilikdə, xarici dövlət borcunun ÜDM-in 7 faizindən aşağı həddə olması Azərbaycanı qlobal miqyasda ən az borclu ölkələr sırasında saxlayaraq, maliyyə müstəqilliyini təmin edən əsas amilərdən biri kimi çıxş edir.
“Moody’s” Azərbaycanın “Baa3” səviyyəsində uzunmüddətli kredit reytinqini ölkənin xalis kreditor mövqeyi ilə əlaqələndirir. Eyni zamanda, sərmayələrin əsas mənbəyi kimi Azərbaycan Dövlət Neft Fondunda toplanan iri maliyyə aktivlərini göstərilir. Hesab edilir ki, pul-kredit siyasətində əldə olunan irəliləyişlər ölkənin xarici iqtisadi mövqelərini möhkəmləndirir, maliyyə sisteminin davamlılığını artırır, dövlət borcunun kəskin artması risklərini minimuma endirir.
Reytinq agentliyinin açıqlamasında iqtisadiyyatın şaxələndirilməsi siyasətinin reall nəticələrə yol açdığı, real sektorun inkişafı da xüsusi qeyd edilir. “Moody’s” hesab edir ki, 2025-ci ildə Azərbaycanın ÜDM artımı təxminən 1,5 faiz təşkil edib və bu dinamika neft-qaz sektorundakı azalmanın qeyri-neft sektorundakı dayanıqlıq hesabına qismən kompensasiya edildiyini göstərir. Eyni zamanda, 2025-ci ilin avqustunda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalar agentlik tərəfindən müsbət qiymətləndirilir. Diplomatik fəallığın artması və regional gərginliyin azalması ölkəmizin iqtisadi reytinqini daha da yaxşılaşdıran amil kimi dəyərləndirilir.
Hər bir ölkə üçün strateji valyuta ehtiyatları iqtisadi və maliyyə təhlükəsizliyinin fundamental təminat mexanizmidir. Bu ehtiyatlar makroiqtisadi sabitliyin qorunması, milli valyutanın dayanıqlığı, risklərin azaldılması və uzunmüddətli inkişaf strategiyalarının reallaşdırılması baxımından həlledici rol oynayır. Ölkəmizin strateji valyuta ehtiyatlarının 85 milyard dollara yaxınlaşması ölkənizin qlobal investor imicinin yüksəlməsində mühüm rol oynayır. Bu ehtiyatlar qeyri-neft sektorunun inkişafına, böyük infrastruktur layihələrinin maliyyələşdirilməsinə, xarici bazarlarda strateji investisiya qərarlarının qəbuluna geniş imkanlar yaradır.
Ümumilikdə, son 25 ildə Azərbaycanın xarici ölkələrə yönəltdiyi birbaşa investisiyaların həcminin 29 milyard dolları ötması ölkəmizin sərmayə cəlb edən ölkədən iri sərmayədara çevrildiyini sübut edir. Bu investisiyalar yalnız maliyyə gəlirləri əldə etmək məqsədi daşımır, eyni zamanda, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, sənaye və maliyyə sektorlarında ölkənin uzunmüddətli iqtisadi mövqelərinin möhkəmləndirilməsinə xidmət edir.
2025-ci ilin yanvar-oktyabr aylarında bir sıra ölkələrin iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcminin 2 milyard 38 milyon dollara çatması, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 47,7 faiz artması da Azərbaycanın kapital ixrac edən ölkə statusunu möhkəmləndirir. Ötən ilin yanvar-oktyabr aylarında ölkəmizdən xaricə 2 milyard 38 milyon dollar investisiya yatırılıb. Bunun 542,6 milyon dolları İsrailə, 289 milyon dolları Türkiyəyə, 250 milyon dolları Birləşmiş Ərəb Əmirliklərinə, 176 milyon dolları Birləşmiş Krallığa, 118 milyon dolları İtaliyaya yatırılan investisiyalar təşkil edib. İsrailə yatırılan investisiyaların yüksək məbləği Aralıq dənizində yerləşən “Tamar” enerji layihəsi ilə bağlı olub.
Bu investisiyaların coğrafiyası ölkəmizin strateji tərəfdaş ölkələrin iqtisadiyyatına daha çox töhfə verdiyini göstərir. Bu, Azərbaycanın etibarlı tərəfdaş və uzunmüddətli investor imicini gücləndirməklə yanaşı, siyasi və iqtisadi risklərin neytrallaşdırlmasına da imkan yaradır.
Digər mühüm iqtisadi göstəricilər də xarici investisiya fəallığının sağlam təməllər üzərində qurulduğunu təsdiqləyir. 2025-ci ildə Azərbaycanda 129,1 milyard manatlıq ÜDM-in istehsal olunması və əvvəlki illə müqayisədə 1,4 faiz artımın qeydə alınması iqtisadi aktivliyin qorunduğunu göstərir. Xüsusilə qeyri-neft-qaz sektorunda 5,5 faiz artım diversifikasiya siyasətinin real nəticələr verdiyini sübut edir. Bu göstəricilər iqtisadiyyatın neft gəlirlərindən asılılığın mərhələli şəkildə azaldıldığını göstərir.
MTM Analitik Qrup
