SABAH BAKI METROSU GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİNDƏ İŞLƏYƏCƏK

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimi dəyişdiriləcək.

QSC-dən bildirilib ki, anım tədbirlərinin keçiriləcəyi “20 Yanvar”, həmçinin Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət mexanizmləri tətbiq ediləcək.

Qeyri-iş günü olsa da, metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, qatarların hərəkət qrafiki dəyişdiriləcək, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır saxlanılacaq. Stansiyalarda musiqilər günün ruhuna uyğun səsləndiriləcək və qatarlarda stansiya elanları radiorabitə vasitəsilə təqdim olunacaq.

Hadisənin mərkəzində yer almış “20 Yanvar” stansiyası Hüzn Günü üçün xüsusi tərtibatda hazırlanacaq, stansiyanın vestibülləri və platformasında qərənfillərdən ibarət kompozisiya qurulacaq. Metropolitenin rəhbərliyi Vətənimizin azadlığı və müstəqilliyimizin bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizi ənənəvi olaraq “20 Yanvar” stansiyasında yad edəcək.

Saat 12:00-da bütün stansiyalarda qatarların hərəkəti dayandırılacaq və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.

Daha sonra “Bakı Metropoliteni”nin nümayəndələri Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin, o cümlədən hadisə zamanı şəhidlik zirvəsinə ucalmış metropolitençilər – “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımovun məzarını ziyarət edəcəklər.