DİSTANT İŞİN ƏLAVƏ ŞƏRTLƏRİ ƏMƏK MÜQAVİLƏSİ İLƏ MÜƏYYƏN EDİLƏCƏK

Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi ilə müəyyən ediləcək.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, bu Məcəllə işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını öz evində, habelə məsafədən (distant) iş formasında yerinə yetirən işçilərə də şamil ediləcək.

Əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsi məsafədən (distant) iş hesab ediləcək.