
Qloballaşmanın sürətləndiyi, texnoloji yeniliklərin iqtisadi münasibətləri köklü şəkildə dəyişdirdiyi müasir dövrdə sənaye parkları ölkələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayan əsas mexanizmlərdən birinə çevrilib. Bəllidir ki, sənaye parkları istehsal müəssisələrinin bir ərazidə cəmləşdirilməsi, müasir infrastrukturla təmin olunması və biznes mühitinin əlverişli hala gətirilməsi məqsədi daşıyan xüsusi iqtisadi zonalardır. Bu parklar iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli məhsul istehsalı və davamlı inkişaf baxımından strateji əhəmiyyət kəsb edir.
Bununla yanaşı, sənaye parklarının əsas üstünlüklərindən biri investisiya mühitinin yaxşılaşdırılmasıdır. Müasir sənaye parklarında sahibkarlar hazır infrastruktur, logistika imkanları, enerji və kommunikasiya şəbəkələri ilə təmin olunur. Bu amillər istehsal xərclərini azaldır, biznesin qurulması üçün tələb olunan vaxtı minimuma endirir. Nəticədə yerli və xarici investorların marağı artır, iqtisadiyyata əlavə kapital axını təmin edilir. Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün sənaye parkları birbaşa xarici investisiyaların cəlb edilməsində effektiv vasitə hesab olunur. Qeyd edilənlərin real nümunəsini Azərbaycanın timsalında görmək mümkündür.
Xatırlatmaq lazım gəlir ki, ölkəmizdə ilk sənaye parkı Sumqayıtda yaradılıb. Prezident İlham Əlyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə Sumqayıt Sənaye Parkı yaradılıb. Burada neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələrinin yaradılması istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirilib. Daha sonra bu proses geniş vüsət alıb və ötən dövr ərzində Bakı şəhərində Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, logistik imkanlar baxımından əlverişli ərazidə yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, Naxçıvan Muxtar Respublikasında Naxçıvan Sənaye Parkı yaradılıb. Bu sənaye parklarında xeyli sayda sahibkarlıq subyekti rezident və qeyri-rezident kimi qeydiyyata alınıb. Sənaye parklarına milyardlarla manat investisiya qoyulub, ötən dövr ərzində burada yenə milyardlarla manat həcmində müxtəlif məhsullar istehsal edilib, ixrac həyata keçrilib.
Ölkədə sənaye parklarının siyahısına yaxın tezlikdə daha biri əlavə ediləcək. Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərman əsasında Azərbaycanda Qərb Sənaye Parkı yaradılır. Onun məqsədi ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara və yerli resurslara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, habelə regionlarda iqtisadi fəallığın və məşğulluğun daha da artırılmasıdır. Sənəddə qeyd edilir ki, Qərb Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Qərb Sənaye Parkının fəaliyyəti üçün Gəncə şəhərində və Şəmkir rayonunda müvafiq ərazi ayrılır.
Məsələ ilə bağlı deputat Vüqar Bayramov bildirir ki, Qərb Sənaye Parkı Azərbaycanın qeyri-neft ixracatına xüsusi töhfə verəcək. Onun sözlərinə görə, sənaye parkları yerli sahibkarlar və bir sıra hallarda xarici investorlar üçün güzəştlər anlamına gəlir: “Sənaye parkları artıq işğaldan azad edilmiş ərazilərimizdə də formalaşır. Ağdam və Cəbrayılda sənaye parklarının yaradılması, istehsalın təşkili həyata keçirilir. Ağdamda yaradılan sənaye parkı həm də Azərbaycanda qeyri-neft ixracatına töhfə verir, burada istehsal olunan məhsulların xarici ölkələrə ixracı həyata keçirilir. Bu baxımdan Azərbaycan sənaye məhəllələri və sənaye parkları praktikasından istifadə edir. Bu, sahibkarlar üçün qeyri-neft sektoruna sərmayənin cəlb edilməsi baxımından yeni imkanlar yaradır, həm də sahibkarların dövlət tərəfindən daha yaxın dəstəklənməsidir. Çünki sahibkarlar sənaye parkları və sənaye məhəllələrində kifayət qədər ciddi vergi güzəştlərindən istifadə edirlər. Həmin ərazilərdə infrastrukturun formalaşması, bu infrastrukturdan istifadə imkanları olur ki, bu da sahibkarlar üçün sərmayənin cəlb edilməsinin təşviqidir. O baxımdan Qərb Sənaye Parkının yaradılması da bu istiqamətdə siyasətin daha da genişləndirilməsinə xidmət edəcək”.
Dövlətin sahibkarları fərqli alət və vasitələr ilə dəstəklədiyini deyən Vüqar Bayramov Qərb Sənaye Parkının xarici investorlar üçün maraqlı olacağını sözlərinə əlavə edib: “Bu, yerli sahibkarlar üçün birmənalı maraqlıdır, çünki onlar vergi güzəştlərindən istifadə edəcək, istehsal imkanlarını genişləndirəcəklər ki, bu da daha az xərclə daha çox məhsul istehsalı deməkdir. Ümumiyyətlə, sənaye parkları sənaye sektorunda istehsalın təşkilini həyata keçirir. Əvvəlki sənaye parkları və sənaye məhəllələrində iqtisadiyyatın fərqli sektorları üzrə məhsul istehsalının həyata keçirilməsini müşahidə etmişik. Bu praktika yeni yaradılan sənaye parkında da davam etdiriləcək. Burada xüsusən də daha çox tələb olunan sənaye məhsullarının istehsalının təşkil olunacağı gözlənilir. Sənaye parkının formalaşması, investisiyanın cəlb edilməsi qeyri-neft sektorunun inkişafını stimullaşdırır. Orada istehsal edilən məhsullar qeyri-neft məhsullarıdır. Bu, qeyri-neft məhsullarının istehsalının artırılması ilə yanaşı, həm də ixrac imkanlarının genişləndirilməsi deməkdir”.
O da mühüm faktdır ki, sənaye parkları məşğulluğun artırılmasına mühüm töhfələr verir. Müasir dövrdə sənaye parklarının əhəmiyyəti innovasiya və texnologiya sahəsində də özünü aydın şəkildə göstərir. Bir çox sənaye parkları yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin inkişafına yönəlib. Xüsusilə rəqəmsal iqtisadiyyat dövründə sənaye parkları bilik və innovasiya mərkəzlərinə çevrilməkdədir. Eyni zamanda, sənaye parkları ixrac potensialının artırılmasında mühüm rol oynayır. Müasir standartlara cavab verən, keyfiyyətli və rəqabətqabiliyyətli məhsulların istehsalı xarici bazarlara çıxışı asanlaşdırır. İxracın artması ölkəyə valyuta axınını gücləndirir, tədiyə balansının yaxşılaşmasına müsbət təsir göstərir. Bu isə makroiqtisadi sabitliyin təmin olunmasında mühüm amildir. Bir çox ölkələrdə sənaye parkları məhz ixracyönümlü istehsalın inkişafı məqsədilə yaradılır. Sənaye parklarının əhəmiyyətli cəhətlərindən biri də regionların sosial-iqtisadi inkişafına verdiyi töhfədir. Parklar əsasən paytaxtdan kənar ərazilərdə yaradılmaqla regionlararası inkişaf fərqlərinin azaldılmasına xidmət edir. Yeni infrastrukturun qurulması, nəqliyyat və xidmət sahələrinin inkişafı həmin ərazilərin ümumi iqtisadi aktivliyini artırır. Bu isə daxili miqrasiyanın azalmasına, regionlarda həyat səviyyəsinin yüksəlməsinə şərait yaradır.
Müasir dövrdə ekoloji məsələlər də sənaye parklarının fəaliyyətində önəmli yer tutur. Yeni nəsil sənaye parkları ekoloji standartlara uyğun şəkildə fəaliyyət göstərir, yaşıl texnologiyalardan istifadəni təşviq edir. Enerji səmərəliliyi, tullantıların idarə olunması və ətraf mühitin qorunması bu parkların əsas prinsipləri sırasındadır. Bu yanaşma sənayeləşmə ilə ekoloji tarazlıq arasında balansın qorunmasına imkan verir. Bütün bunlar fonunda Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasında sənaye parklarının rolunun artırlması inkişaf prioritetlərindən biri qismində çıxış edir.
MTM Analitik Qrupu
