WUF13 TƏDBİRİ ÇƏRÇİVƏSİNDƏ ÖZƏL SEKTOR, AKADEMİK DAİRƏLƏR VƏ TƏDQİQATÇILAR ÜÇÜN MƏLUMATLANDIRMA SESSİYALARI KEÇİRİLƏCƏK

Özəl sektor nümayəndələri, akademik dairələr və tədqiqatçılar bu il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ilə bağlı məlumatlandırma sessiyalarında iştirak etməyə dəvət olunur.

Məlumatlandırma sessiyaları tərəfdaşlar üçün təşkil edilən silsilə tədbirlər çərçivəsində keçirilir. İlk sessiya yanvarın 19-da təşkil olunacaq.

Sessiyalarda WUF13 tədbiri haqqında ümumi təqdimatla yanaşı, biznes nümayəndələri, akademik dairələr, tədqiqatçılar və onların şəbəkələri üçün Ümumdünya Şəhərsalma Forumunda iştirak imkanları barədə ətraflı məlumat veriləcək. Məqsəd milli təmsilçilik və iştirakçılığın təşviq edilməsidir.

WUF13 tədbirinin məlumatlandırma sessiyalarına qeydiyyat üçün müraciətlər link vasitəsilə təqdim edilməlidir:

İştirakda maraqlı olan şəxslər özləri haqqında qısa məlumatı qeyd etməli və müvafiq sessiyanın keçirildiyi vaxtı seçməlidirlər.

Şəhərsalma sahəsində beynəlxalq dialoq və əməkdaşlıq platforması olan WUF13 qurum və təşkilatlara tədbirin “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna uyğun tədbirlər təşkil etmək imkanı yaradır.

Hazırda 2026-cı il 17–22 mayda Bakıda keçiriləcək WUF13 çərçivəsində təşkil olunacaq tərəfdaş tədbirləri üzrə də qeydiyyat prosesi davam edir. Müraciətlərin qəbulu üçün son tarix 2026-cı il yanvarın 29-u olaraq müəyyən edilib. Qeydiyyat və tədbirlərin təşkili ilə bağlı əlavə məlumat almaq üçün unhabitat-events@un.org elektron poçt ünvanı ilə əlaqə saxlamaq mümkündür.

WUF şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik qlobal konfransdır. Burada cəmiyyəti düşündürən ən aktual məsələlər – sürətli urbanizasiya və onun icmalara, şəhərlərə, iqtisadiyyata, iqlim dəyişmələrinə və siyasətlərə təsiri kimi məsələlər araşdırılır. WUF milli, regional və yerli hökumətləri, akademik dairələri, biznes liderlərini, şəhərsalma mütəxəssislərini və vətəndaş cəmiyyətini bir araya gətirir.