
ABŞ Konqresinin Nümayəndələr Palatasında Florida ştatından olan respublikaçı konqresmen Rendi Fayn tərəfindən Qrenlandiyanın ABŞ-a ilhaqını nəzərdə tutan qanun layihəsinin təqdim edilməsi Vaşinqtonun Arktika siyasətini yenidən qlobal gündəmin mərkəzinə çıxarıb. Layihəyə əsasən, ABŞ prezidentinə Danimarka Krallığı ilə danışıqlar aparmaq, Qrenlandiyanı ilhaq etmək və ya digər yollarla ABŞ ərazisinə birləşdirmək üçün “zəruri tədbirlər görmək” səlahiyyəti verilir. Sənəddə hətta Qrenlandiyanın gələcəkdə ABŞ-ın ştatı kimi tanınması perspektivi də yer alır. Bu təşəbbüs ABŞ-ın dəyişən qlobal strategiyasının, Arktika regionunda artan rəqabətin və böyük güclər arasında yeni geosiyasi oyunun açıq ifadəsidir.
Qrenlandiya coğrafi baxımdan Şimal Buzlu okeanına nəzarət üçün unikal mövqedə yerləşir. Buzlaqların əriməsi Arktikanı tədricən qlobal ticarət və enerji marşrutlarının əsas istiqamətlərindən birinə çevirir. Bölgədə zəngin nadir metallar və enerji ehtiyatları, yeni dəniz yolları, hərbi və raketdən müdafiə sistemləri üçün əlverişli mövqelər mövcuddur. ABŞ üçün Qrenlandiya yalnız iqtisadi resurs deyil, həm də strateji hərbi platforma deməkdir. Hazırda ABŞ-ın Qrenlandiyada yerləşən Tule hərbi bazası Vaşinqtonun Arktikadakı ən mühüm dayaq nöqtələrindən biridir. Bu baxımdan Rendi Faynın təqdim etdiyi qanun layihəsi ABŞ daxilində bir neçə siyasi mesaj daşıyır. Bu təşəbbüs ABŞ-ın Arktika regionunda liderliyini qorumaq niyyətinin açıq bəyanıdır. Çin özünü “Arktikaya yaxın dövlət” elan edərək bölgəyə iqtisadi və elmi ekspansiya həyata keçirir, Rusiya isə Arktikanı faktiki olaraq hərbiləşdirib. Bu fonda Vaşinqtonun passiv qalmaq istəmədiyi aydındır. Lakin qanun layihəsinin ən zəif və problemli tərəfi beynəlxalq hüquq müstəvisində ortaya çıxır. Qrenlandiya Danimarka Krallığının tərkibində olan, geniş muxtariyyətə malik ərazidir. Onun öz parlamenti və hökuməti olsa da, xarici siyasət və müdafiə məsələləri Kopenhagenin səlahiyyətindədir. Beynəlxalq hüquqa görə, bir dövlətin başqa bir suveren dövlətin ərazisini ilhaq etməsi yalnız həmin dövlətin və əhalinin açıq razılığı ilə mümkündür. Buna görə də ABŞ-ın müttəfiqi olan Danimarkaya belə bir təklif irəli sürməsi NATO daxilində ciddi etimad böhranına səbəb ola bilər. NATO üzvü olan iki dövlət arasında ərazi məsələsinin gündəmə gətirilməsi alyansın mahiyyətinə ziddir.
Ən çox diqqətdən kənarda qalan məqam Qrenlandiya xalqının mövqeyidir. Son illərdə Qrenlandiyada müstəqillik ideyası güclənir. Lakin bu müstəqillik istəyi ABŞ-a birləşmək arzusundan çox, Danimarkadan tədricən ayrılmaq və öz milli dövlətini qurmaq istəyindən qaynaqlanır. ABŞ-ın ilhaq planı yerli əhali üçün mədəni kimlik riski, sosial və ekoloji təhlükələr, böyük güc siyasətinin obyektinə çevrilmək qorxusu yaradır. Bu səbəbdən Qrenlandiya cəmiyyətində belə bir ideyanın geniş dəstək qazanması real görünmür. Ona görə də əgər bu cür təşəbbüslər real siyasətə çevrilsə, nəticələr çoxşaxəli ola, ABŞ-Danimarka münasibətlərində gərginlik yarana, NATO daxilində parçalanma riski arta, Rusiya və Çinin “Qərb imperializmi” arqumentlərini gücləndirə, Arktikanın hərbiləşdirilməsi sürətlənə bilər. Bu isə regionu əməkdaşlıq zonasından qarşıdurma meydanına çevirər. Bu amillərə nəzərə alaraq eyd edə bilərik ki, Rendi Faynın Qrenlandiyanın ilhaqı ilə bağlı qanun layihəsi real icra perspektivindən daha çox siyasi və simvolik məna daşıyan sənəddir. Bu təşəbbüs ABŞ-ın Arktika uğrunda gedən qlobal rəqabətdə geri çəkilmək istəmədiyini göstərir. Lakin beynəlxalq hüquq, müttəfiqlik münasibətləri və yerli iradə faktoru bu planın həyata keçməsini son dərəcə çətinləşdirir. Amma onu da qeyd edək ki, ABŞ-ın bu addımı Arktikanın gələcəkdə dünya siyasətinin ən həssas nöqtələrindən birinə çevriləcəyini göstərən ciddi xəbərdarlıqdır.
MTM Analitik Qrup
