AZƏRBAYCAN “EKSPO 2027 YOKOHAMA” BEYNƏLXALQ BAĞÇILIQ SƏRGİSİNDƏ İŞTİRAK EDƏCƏK

Azərbaycan “Ekspo 2027 Yokohama” Beynəlxalq Bağçılıq Sərgisində iştirakını təsdiq edib. Bu barədə müqavilə Beynəlxalq Bağçılıq Sərgisi üzrə Yaponiya Assosiasiyası və Azərbaycan dövləti tərəfindən Heydər Əliyev Mərkəzi arasında imzalanıb.

“Ekspo 2027 Yokohama” Beynəlxalq Bağçılıq Sərgisi gələn il martın 19-dan sentyabrın 26-na kimi Yaponiyanın Kanaqava prefekturasında yerləşən Yokohama şəhərində keçiriləcək.

“Xoşbəxtlik naminə gələcəyin mənzərəsi” (“Scenery of the Future for Happiness”) mövzusunu əhatə edəcək sərgiyə 15 milyondan çox ziyarətçinin gəlişi gözlənilir. Azərbaycan pavilyonu sərginin “Birgə mövcudluq” (“Co-existence”) alt bölümü mövzusunda yaradılacaq.