AZƏRBAYCANIN UĞURLU GEDİŞLƏRİ ERMƏNİ CƏMİYYƏTİNDƏ ÖLKƏMİZƏ MÜNASİBƏTİ SÜRƏTLƏ DƏYİŞİR

Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin bərqərar olması istiqamətində Azərbaycanın atdığı son addımlar da məntiqi nəticəsini verməkdə, hətta erməni cəmiyyətində belə ölkəmizə münasibətdə əsaslı dəyişikliklərə gətirib çıxarmaqdadır. Söhbət konkret olaraq, Azərbaycanın Ermənistana tranzit embarqolarını aradan qaldırmasından, bu ölkəyə neft məhsullarının satışını həyata keçirməsindən gedir. Ermənistanda bütün bunlar fonunda vəziyyətin təhlili sözügedən ölkə cəmiyyətində Azərbaycana münasibətin sürətlə dəyişməsi, düşmənçiliyi təbliğ edən revanşistlərin mövqeyinin sarsılması müşahidə edilir. Konkret olaraq, Ermənistanda satılan və Azərbaycanda istehsal edilən Aİ-95 markalı benzini, buna cəmiyyətin münasibətində qeyd edilənlərin əyani nümunəsini görmək mümkündür.

Ermənistanda radikal müxalifət təmsilçiləri, o cümlədən, revanşist qüvvələr Azərbaycandan idxal edilən benzinin erməni cəmiyyəti tərəfindən boykot edilməsinə, sürücülərin onu almamasına dair çağırışlar etmişdi. Amma ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan tamam əks mənzərənin müşahidə olunduğunu bildirir. Həmçinin Azərbaycan benzinin satışını həyata keçirən şirkətlərdən biri olan “Mega Trade” də bunu konkret rəqəmlərlə təsdiq edir. Şirkət ona məxsus “Run Oil” yanacaqdoldurma məntəqələrində tariflərin endirilməsi səbəbindən benzin satışlarının kəskin şəkildə artdığını bildirir. Burada bir litr Azərbaycan premium benzini 520 drama deyil, 430 drama satılır. “Mega Trade” şirkətinin direktoru Karen Hayriyan paytaxt İrəvan da daxil olmaqla Ermənistanın müxtəlif bölgələrindəki bütün “Run Oil” yanacaqdoldurma məntəqələrində Azərbaycan benzininin satışının həyata keçirildiyini qeyd edir: “Satış həcmlərinin əvvəlki ilə müqayisədə artıq dörd dəfə artdığını təsdiqləyə bilərəm. Gözlənildiyi kimi, məhsulun mənşəyi nəyəsə həlledici təsir göstərmir”. İqtisadiyyat naziri Gevorq Papoyan da əmindir ki, benzinin Azərbaycan mənşəli olması satışa maneə ola bilməz. Papoyan vurğulayır ki, elə türk brendləri Ermənistanda bazarda ən çox satılan geyim mağazaları arasında lider mövqe tutur. Azərbaycan faktorunun benzin idxal edən hanısa bir şirkətə zərər verməsinin mümkünlüyü barədə suala o, belə cavab verib: “Bu mümkün deyil. 3 nəfər Azərbaycan benzininin əleyhinə yazır, 300 nəfər 90 dram daha ucuz benzin almağa gedir”.

O da faktdır ki, Azərbaycan benzininin aşağı qiymətlə satılmasına Gürcüstan ərazisindən yanacağın birdəfəlik pulsuz tranziti əhəmiyyətli dərəcədə təsir edib. “Gürcüstan Dəmir Yolları” şirkətinin növbəti daşınma üçün hansı qiymət təyin edəcəyi hazırda məlum deyil. “Mega Trade” şirkətinin direktoru da bildirib ki, hələlik onlar Gürcüstan tərəfindən rəsmi qiymət təklifi almayıblar. Gevorq Papoyan isə qeyd edib ki, Gürcüstan tərəfinin malların tranziti üçün təklif etdiyi ilkin qiymət nisbətən yüksək, rəqabətsiz hesab olunurdu, lakin bu xüsusda müzakirələr hələ də davam edir. Baş nazir Nikol Paşinyan bu yaxınlarda Gürcüstan dəmir yolunun tranzit tarifi ilə bağlı danışarkən bildirib ki, əgər məsələ həll olunmazsa, məntiqi olaraq, biznes subyektləri idxal və ixracı təmin etmək üçün alternativ yollar axtaracaqlar. Elə bu fonda Ermənistanda gündəmə gələn məsələlərdən biri də Azərbaycandan məhsulun birbaşa sərhəddən idxalının həyata keçirilməsidir. Gevorq Papoyanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında quru sərhədinin açılmasının vaxtıdır. Beləliklə, Qazaxıstan və Rusiya buğdasının, ardınca Azərbaycan benzininin Gürcüstan dəmir yolu vasitəsilə Ermənistana idxalından sonra İrəvan Bakıya birbaşa ticarətin təşkilini təklif edir. Papoyan məsələ ilə bağlı qeyd edib: “Mənim fikrimcə, Ermənistan və Azərbaycan arasında quru sərhədinin açılması və məhsulların dəmir yolu ilə Ermənistan sərhədinə, oradan isə yük maşınlarına yüklənməklə multimodal şəkildə daşınması üçün çox əlverişli zamandır. Məncə, nə Ermənistanda, nə də Azərbaycanda buna mane olan heç bir hal yoxdur. Məncə, bizneslər də buna hazırdır”.

Belə bir vaxtda baş nazir Nikol Paşinyan bəyan edir ki, Ermənistanı Azərbaycanla, Azərbaycanın əsas hissəsini Naxçıvan və Türkiyə ilə birləşdirəcək dəmir yolunun İcevan, Arazdəyən və Axurik hissələrinin bərpası vacibdir. Baş nazir bu barədə Rusiya prezidenti ilə görüşündə də danışdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Rusiya vaxtında bunu etməsə, Ermənistan hökuməti dəmir yolu infrastrukturunu dövlət vəsaiti ilə bərpa etməyə hazırdır: “Bu sahələr Rusiyanın konsessiyasındadır. Hər hansı maneələr və ya digər problemlər yaranarsa, Ermənistan hökuməti bu sahələri konsessiyadan çıxara və bərpanı Ermənistan dövlət büdcəsi hesabına həyata keçirə bilər”. Ermənistandakı dəmir yolu şəbəkəsi 17 ildir ki, Rusiyanın dövlətə məxsus “Rusiya Dəmir Yolları” şirkətinin törəmə müəssisəsi olan “Cənubi Qafqaz Dəmir Yolları” tərəfindən idarə olunur. Müqavilə 2008-ci ildə 30 il müddətinə imzalanıb və tərəflər arasında razılaşdırılmış yeni şərtlərlə daha 10 il uzadıla bilər.

Müxalifətdəki “Hayastan” fraksiyasından olan deputat Artur Xaçatryan qeyd edir ki, Paşinyan hakimiyyəti dəmir yollarının idarəçiliyini Rusiyadan geri almaqda maraqlıdır: “Aydındır ki, hakimiyyət orqanları Rusiya kapitalını Ermənistandan sıxışdırıb çıxarmaq üçün addımlar atır və məsələn, “Ermənistan Milli Elektrik Şəbəkələri”nin milliləşdirilməsi bu işdə ilk addım idi. Rusiyanın iştirakı olan digər müəssisələrin də oxşar dilemma ilə üzləşəcəyini istisna etmirəm”. Amma o da məlumdur ki, quru sərhədlərində yükdaşımaların həyata keçrilməsi, dəmir yolu əlaqəsinin bərpası Azərbaycandan Ermənistana ixracın birbaşa reallaşdırılması baxımından İrəvan üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycandan sərfəli idxal erməni cəmiyyətində ölkəmizə qarşı düşmən münasibətini daha sürətlə sarsıdır. Hər halda son proseslər də bunu təsdiq edir.

Digər tərəfdən erməni biznes dairələri də Azərbaycanla ticarətdə maraqlı tərəf kimi çıxış edir. Paşinyan yaxın gələcəkdə Ermənistandan Azərbaycana ixracın olacağını istisna etmir: “Baş verənlərin miqyasını qiymətləndirmək çox vacibdir və mən göstərmək istəyirəm, göstərirəm, bəyan edirəm ki, sülh reallıqdır. Və bu reallığın konkret ifadə formaları var. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında ikitərəfli ticarət fenomeni olacaq. İndi Azərbaycandan Ermənistana idxal var. Ümid edirəm ki, Ermənistandan Azərbaycana ixrac da olacaq”. Bəs Ermənistan Azərbaycana nə ixrac edə bilər? İqtisadiyyat naziri Gevorq Papoyan iddia edir ki, bu cür məhsullar var: “Kənd təsərrüfatı məhsulları, alüminium folqa, qızıl-zinət əşyaları, ferromolibden, mürəbbələr və sair. Yəni, biz Azərbaycanın idxalına, ixracımıza baxdıq, düşünürük ki, Azərbaycan bazarının ehtiyac duyduğu məhsullar var və əgər biznes icmamız rəqabətli qiymət təklif edə bilirsə, düşünürəm ki, Azərbaycan tərəfi bundan imtina etməyəcək”. Ermənistandan Azərbaycana ixrac ediləcək məhsullarla bağlı artıq konkret razılaşmalar varmı? Gevorq Papoyan bildirib ki, Azərbaycan tərəfi konkret açıqlama verdikdə, Ermənistan tərəfinin təsdiqi də olacaq. Erməni iqtisadçı Qagik Makaryan isə qeyd edir ki, Azərbaycan bazarı Ermənistan şərablarının çeşidləri, eləcə də meyvə araqları ilə maraqlana bilər: “Bu, müəyyən növ konservləşdirilmiş məhsullar ola bilər, azərbaycanlıların çay həvəskarı olduqlarını nəzərə alsaq, mürəbbə satışı da mümkündür. Azərbaycan Ermənistan üçün böyük bazar ola bilər. Azərbaycan böyük bir ölkədir, əhalisi 10-11 milyondur, buna görə də Ermənistan bazarından ən azı üç dəfə böyükdür”.

Belə zəmində aparılan müzakirələr bir daha erməni cəmiyyətində Azərbaycana münasibətin dəyişməkdə olduğunu göstərir. O da faktdır ki, Azərbaycan və Ermənistan arasında ticarətin bərpası sülh prosesinin siyasi və praktiki aspektlərini gücləndirən mühüm elementdir. Bununla belə, proses infrastruktur layihələrinin həyata keçirilməsi, o cümlədən Zəngəzur dəhlizinin açılması və sülh müqaviləsinin tam imzalanması ilə daha intensiv xarakter almaq iqtidarındadır.

MTM Analitik Qrupu