
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Yeni il ərəfəsində Gəncə şəhər 4 saylı uşaq evində yaşayan azyaşlılar üçün bayram şənliyi təşkil olunub.
Bayram tədbirində IDEA İctimai Birliyinin könüllüləri uşaqlara hədiyyələr təqdim edib, balacalarla birlikdə müxtəlif əyləncəli oyunlar və fəaliyyətlər həyata keçiriblər. Bu təşəbbüs balacalara yeni il ərəfəsində xoşbəxtlik və bayram əhvali-ruhiyyəsi bəxş edib.
Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir. Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbirlərinin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çox ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını hiss etmələri məqsədilə bu cür tədbirlər mütəmadi olaraq təşkil edilir.











