AZƏRBAYCAN REGİONDA FORMALAŞDIRDIĞI YENİ GEOSİYASİ REALLIĞI DÜNYADA QƏBUL ETDİRİB

Prezident İlham Əliyevin dekabrın 24-də azad edilmiş ərazilərə səfəri və  Ağdam şəhəri sakinləri ilə görüşdə səsləndirdiyi fikirlər postmünaqişə dövründə Azərbaycanın həm daxili, həm də beynəlxalq siyasətinin mahiyyətini aydın şəkildə ortaya qoyan mühüm siyasi mesajlar kimi qiymətləndirilə bilər.

Dövlət başçısının azad edilmiş ərazilərə mütəmadi səfərləri təkcə işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış Proqramı kontekstində deyil, eyni zamanda, Vətən müharibəsindən sonra formalaşmış yeni geosiyasi reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması, informasiya müharibəsi platformasında ölkəmizin maraqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında yer alan siyasi mesajlar göstərir ki, Azərbaycan postmünaqişə dövründə ideoloji və informasiya sahəsində də təşəbbüsü, üstünlüyü ələ alıb.

Dövlət başçısı son beş ildə informasiya savaşının ön xəttində dayanaraq, Ermənistanın onilliklər ərzində həyata keçirdiyi işğal siyasətini və müharibə cinayətlərini, habelə nümayiş etdirdiyi qeyri-konstruktiv davranışları fakt və konkret nümunələr əsasında ifşa edib. Ağdamda səsləndirilən fikirlər də bu təbliğati-siyasi xəttin davamı olaraq, münaqişənin uzun illər ərzində həll olunmamasının əsas səbəblərindən birinə – beynəlxalq arenada mövcud olan ikili standartlara da diqqəti cəlb etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, aparıcı ölkələrin, eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərinin nümayiş etdirdikləri ikili standartlar uzun illər ərzində işğalın davam etməsinə şərait yaradıb. Tarixin arxivinə gömülmüş separatçı rejimin nümayəndələrinin həmsədr ölkələrdə sərbəst şəkildə qəbul olunmaları, onlara viza verilməsi, telemarafonlar vasitəsilə yüz milyonlarla dollar vəsaitin toplanmasına göz yumulması beynəlxalq hüququn selektiv tətbiqinin bariz nümunələri olub.

Qeyd edilənlər fonunda Azərbaycanın bu il xarici siyasət və diplomatiya sahəsində əldə etdiyi ən mühüm uğurlardan biri ölkəmizin İkinci Qarabağ və lokal antiterror tədbirlərindən sonra regionda formalaşdırdığı yeni geosiyasi reallıqların təkcə siyasi deyil, həm də hüquqi müstəvidə təsdiqlənməsi olub. 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının siyasi iradəsini, dövlətin hərbi gücünü və milli birliyini nümayiş etdirməklə, torpaqlarımızın 30 illik işğalına son qoyub. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri isə de-fakto iki əsrə qədər davam edən Qarabağ münaqişəsinə son nöqtə qoyulub.

2025-ci ilin avqust ayında ABŞ Prezidentinin iştirakı ilə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış Birgə Bəyannamə, paraflanmış yekun sülh sazişi layihəsi isə rəsmi Bakının son beş ildə apardığı sülh quruculuğu siyasətinin məntiqi sonluğa yetişməsi olub. Bu sənədlərlə faktiki olaraq ölkəmizin Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi reallıq hüquqi müstəvidə də təsdiqlənib. Dövlət başçısı bununla bağlı deyib: “Bugünkü yeni reallıqlar dünyanın aparıcı ölkəsinin Prezidentinin iştirakı ilə avqust ayında təsdiqləndi, möhürləndi. Bizim Qələbəmizin çox böyük və güclü möhürü də vuruldu, onunla da separatçılığın, bizə qarşı ərazi iddialarının, anti-Azərbaycan qüvvələrinin bizə qarşı açıq “soyuq savaşı”nın artıq sonu gəldi, separatçılığın kitabı bağlandı və Azərbaycan xalqı artıq bir neçə aydır ki, sülh içində yaşayır”.

2025-ci ildə münaqişə səhifəsinin hüquqi müstəvidə qapadılması istiqamətində mühüm addımlardan biri də ATƏT-in Minsk qrupunun tam ləğvidir. Ölkə rəhbərliyi açıq şəkildə bəyan edirdi ki, “Qarabağ məsələsi” artıq keçmişdə qalıb, ərazilərimizdə separatçılığa son qoyulub, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Əslinə qalsa, Ermənistan rəhbərliyi də Minsk qrupunun əhəmiyyətsizliyini etiraf edirdi. Bununla belə, rəsmi İrəvan məsələni uzadır, vaxt qazanmağa çalışır, siyasi manipulyasiyalara yol verirdi. Avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşdə isə Ermənistan rəsmi Bakının bununla bağlı tələbini rəsmən qəbul etməli olub. Belə ki, hər iki ölkənin xarici işlər nazirləri Minsk qrupunun və əlavə strukturlarının ləğvi ilə bağlı ATƏT-ə rəsmi müraciət ediblər. Nəhayət, bu il dekabrın 1-də Minsk qrupunun de-yure ləğvi yalnız hüquqi-siyasi məna daşımır. Bu addım həm də beynəlxalq ictimaiyyətə münaqişənin başa çatdığı barədə növbəti mühüm mesajdır. Bütün dünya artıq qəbul edir ki, Cənubi Qafqazda formalaşan yeni reallığın əsasında ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası dayanır.

Bu, eyni zamanda, Azərbaycanın regional liderliyinin və diplomatik nüfuzunun artmasının göstəricisidir. Bir daha təsdiqlənir ki, yeni geosiyasi reallıq formalaşdıran və onları beynəlxalq aləmə qəbul etdirən əsas aktor məhz Azərbaycandır. Minsk qrupunun sıradan çıxması  regionda birbaşa dialoq mühitinin, qarşılıqlı məsuliyyət və beynəlxalq hüquq prinsiplərinə əsaslanan yeni münasibətlər sisteminin formalaşmasının təsdiqidir.

Dünyanın aparıcı güclərinin regiondakı yeni vəziyyəti siyasi və hüquqi baxımdan qəbul etməsi Cənubi Qafqazda etibarlı, dayanıqlı sülh üçün ciddi əsaslar yaradıb. Bu eyni zamanda, ölkəmizin sülh prosesində təşəbbüskar mövqeyini, diktə edən tərəf olduğunu aydın şəkildə nümayiş etdirir. Münaqişənin ədalətli və beynəlxalq hüquqa uyğun həlli üçün 5 mühüm şərt müəyyənləşdirən rəsmi Bakı sonrakı mərhələdə “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” layihəsinin də müəllifi olub. Sülh müqaviləsinin mətni, onun maddələri və ümumi çərçivəsi rəsmi Bakı tərəfindən müəyyən edilib. Uzun illər işğalçı mövqedən çıxış edən Ermənistan bu gün regiondakı yeni reallıqları, Azərbaycanın sülh gündəliyini qəbul etməyə məcbur olub.

Prezident İlham Əliyev Ağdam sakinləri ilə görüşü zamanı sülh quruculuğu ilə təhlükəsizlik məsələlərinin paralel şəkildə reallaşdırılması vacibliyini də ön plana çəkib. Ölkəmiz sülhə nail olmaqla yanaşı, potensial geosiyasi təhdidləri neytrallaşdırmaq, hərbi potensialını möhkəmləndirmək xəttindən geri çəkilmir. Bu yanaşma postmünaqişə dövründə regional sabitliyin təmin olunmasının yeganə real mexanizmi kimi çıxış edir.

MTM Analitik Qrup