MONTENEQRO AZƏRBAYCANI APARICI İNVESTOR DÖVLƏT KİMİ QƏBUL EDİR

Avropa ölkələri ilə münasibətlərin genişləndirilməsi, bu qitədə etibarlı tərəfdaşlar şəbəkəsinin formalaşdırılması rəsmi Bakının xarici siyasətində prioritet istiqamətlərdən biridir. Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə yanaşı, təşkilata üzv olmayan dövlətlərlə də əlaqələri yüksələn xətlə inkişaf edir. Bu baxımdan Monteneqro ilə son onilliklərdə formalaşan dostluq və tərəfdaşlıq münasibətlərini də xüsusi qeyd etmək olar. Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviçin Bakıya rəsmi səfəri çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında səsləndirilən fikirlər ölkələrimiz arasındakı münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ilə bağlı dolğun təsəvvür yaradır. Qeyd edilənlər fonunda bir daha təsdiqlənir ki, Monteneqro Azərbaycan üçün Avropa məkanında vacib tərəfdaşlardan biridir. Balkan regionunda yerləşən bu ölkə Avropa strukturlarına inteqrasiya siyasəti, regional sabitliyə və əməkdaşlığa töhfələri, beynəlxalq təşkilatlarda fəal mövqeyi ilə seçilir. Azərbaycan üçün Monteneqro ilə əlaqələr Avropa ilə siyasi dialoqun, ixrac imkanlarının və strateji tərəfdaşlar şəbəkəsinin genişləndirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Hər iki ölkənin beynəlxalq platformalarda bir-birinin təşəbbüslərinə açıq dəstəyi mövcud münasibətlərin qarşılıqlı etimada və maraqlara əsaslandığını göstərir. Azərbaycan öz növbəsində Monteneqro üçün Cənubi Qafraz və ümumən Avrasiya məkanında strateji tərəfdaşdır. Ölkəmizin iqtisadi potensialı, geniş coğrafi arealda qlobal investor statusunda çıxış etməsi, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması bu ölkənin marağını cəlb edir. Prezident İlham Əliyevin 2013-cü ildə Monteneqroya rəsmi səfəri zamanı imzalanmış “Dostluq və Tərəfdaşlıq haqqında Bəyannamə” münasibətlərin möhkəm təməl üzərində qurulmasını təmin edib. Coğrafi baxımdan fərqli regionlarda yerləşsələr də, rəsmi Bakı və Podqoritsa beynəlxalq münasibətlərdə oxşar prinsipləri bölüşür, suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmət məsələsində vahid mövqedən çıxış edirlər. Bu ortaq yanaşma münasibətlərin illər ərzində ardıcıl və sabit şəkildə inkişafına imkan verib. Xarici siyasət qurumları arasında mütəmadi təmaslar, siyasi məsləhətləşmələr, imzalanmış çoxsaylı sənədlər əlaqələrin institusional əsaslarını möhkəmləndirib. Son illər Azərbaycan şirkətləri xarici bazarlarda daha fəal mövqe tutur, müxtəlif ölkələrin iqtisadiyyatına sərmayə yatırmaqla ölkəmizin maliyyə və iqtisadi potensialını nümayiş etdirirlər. Azərbaycanın Monteneqro iqtisadiyyatına təxminən 1 milyard avro həcmində sərmayə yatırması ölkəmizin Avropada etibarlı və uzunmüddətli investor kimi qəbul edildiyini göstərir. Bu investisiyalar tərəfdaş ölkənin iqtisadi inkişafına töhfə verməklə yanaşı, ikitərəfli əlaqələrin praktik və uzunmüddətli əsaslar üzərində qurulduğunu göstərir. 2026-cı ilin mart ayında keçirilməsi nəzərdə tutulan Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının gündəliyi ticarətin şaxələndirilməsi, qeyri-neft sektoruna investisiyalar, yaşıl enerji, turizm, infrastruktur və kiçik və orta sahibkarlıq sahələrində əməkdaşlığa dair geniş məsələləri əhatə edəcək. Ticarət dövriyyəsinin qənaətbəxş səviyyədə olmamasına baxmayaraq, tərəflər bunu mövcud potensialın tam reallaşmaması ilə əlaqələndirir, gələcək artım üçün yaxşı imkanların olduğunu vurğulayırlar. Enerji, nəqliyyat-logistika, tikinti və xidmət sahələri qarşılıqlı maraq doğuran əsas istiqamətlər sırasındadır. Azərbaycanın iştirak etdiyi regional nəqliyyat və logistika layihələri Monteneqro üçün yeni bazarlara çıxış imkanları yaradır, Avropa ilə Asiya arasında əlaqələrin güclənməsinə töhfə verir. Turizm sahəsi də ikitərəfli əməkdaşlıq üçün perspektivli istiqamətlərdən biridir. Monteneqronun turizm potensialı Azərbaycan investorları üçün cəlbedicidir. Vizasız rejimin mövcud olması fonunda ölkə turistlərinin Avropa istiqamətində üz tutduqları əsas ölkələrdən biri məhz Monteneqrodur. Paytaxtlar arasında birbaşa uçuşların mümkünlüyü barədə aparılan müzakirələr də bu sahədə əməkdaşlığın canlanmasına, iqtisadi əlaqələrə əlavə dinamika qazandıra bilər. Təhlükəsizlik və beynəlxalq əməkdaşlıq məsələləri tərəflərin müzakirə gündəliyində mühüm yer tutur. Monteneqronun NATO-ya üzvlüyü, Azərbaycanın isə Alyansla tərəfdaşlıq formatında sıx əlaqələrə malik olması qarşılıqlı dialoq və təcrübə mübadiləsi üçün əlavə imkanlar yaradır. Bu əməkdaşlıq regional və qlobal təhlükəsizlik məsələlərinə dair mövqelərin daha yaxşı uzlaşdırılmasına şərait yaradır. Ümumilikdə, Monteneqro-Azərbaycan münasibətləri qarşılıqlı etimada, siyasi dialoqa və real iqtisadi maraqlara əsaslanan inkişaf xətti üzrə irəliləyir. Azərbaycanın Monteneqro timsalında Avropada etibarlı tərəfdaş və investor mövqeyini möhkəmləndirməsi, Monteneqronun isə ölkəmizi regional güc və sabit tərəfdaş kimi görməsi bu əlaqələrin uzunmüddətli olacağını göstərir. Coğrafi məsafədən asılı olmayaraq, qarşılıqlı maraqlara söykənən tərəfdaşlıq hər iki ölkə üçün real siyasi və iqtisadi dividendlər yaradır.