“ŞƏHƏRSALMA VƏ MEMARLIQ İLİ” AZƏRBAYCANIN İNKİŞAF YOLUNDA YENİ BİR MƏRHƏLƏ AÇIR

Məlum həqiqətdir ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumları müasir dövrdə şəhərlərin davamlı inkişafı, ekoloji tarazlıq və inklüziv idarəetmə kimi mühüm məsələlərin qlobal səviyyədə müzakirə edildiyi ən nüfuzlu beynəlxalq platformalardan biridir. BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) tərəfindən iki ildən bir təşkil olunan bu forumlar, şəhərlərin üzləşdiyi problemlərə kompleks yanaşma formalaşdırmaq və dövlətlər arasında təcrübə mübadiləsini gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd edilən kontekstdə beynəlxalq hüququn aparıcı subyektlərindən biri kimi Azərbaycan da prosesdə fəal iştirakçılardan biridir və bu mənada təsadüfi deyil ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına (WUF13) Bakı ev sahibliyi edəcək. Əsas gözləntilər bundan ibarətdir ki, Forum urbanistika üzrə qlobal dialoqu zənginləşdirərərək onu daha inklüziv hala gətirəcək. Qeyd edilməlidir ki, urbanizasiya prosesi bir tərəfdən iqtisadi inkişaf, innovasiya və mədəni mübadilə üçün imkanlar yaratsa da, digər tərəfdən yoxsulluq, qeyri-bərabərlik, ekoloji çirklənmə, infrastruktur çatışmazlığı və iqlim dəyişiklikləri kimi ciddi problemləri də gündəmə gətirir. Məhz bu kontekstdə Ümumdünya Şəhərsalma Forumları şəhərlərin gələcəyi ilə bağlı strateji baxışların formalaşdırılmasında mühüm rol oynayır. Forumların əsas əhəmiyyəti ondan ibarətdir ki, burada hökumət nümayəndələri, yerli idarəetmə orqanları, beynəlxalq təşkilatlar, qeyri-hökumət qurumları, akademik dairələr və özəl sektor nümayəndələri bir araya gələrək şəhərsalma ilə bağlı qlobal çağırışları müzakirə edirlər. Bu geniş iştirakçılıq formatı şəhər problemlərinə yalnız dövlət prizmasından deyil, cəmiyyətin bütün təbəqələrinin maraqlarını nəzərə alan inklüziv yanaşma formalaşdırılmasına imkan yaradır. Bütün bunlar fonunda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının Bakıda keçirilməsi ölkəmiz üçün çoxşaxəli strateji imkanlar açır və ölkənin mühüm beynəlxalq nailiyyəti hesab olunur. İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti, beynəlxalq ekspert Karlo Marino da qeyd edir ki, dayanıqlı şəhər inkişafı baxımından Forum güclü sürətləndirici rol oynayacaq. Onun sözlərinə görə, WUF13-ə hazırlıq Xəzər dənizi sahili boyunca ictimai məkanların yenilənməsindən tutmuş ictimai nəqliyyata və yaşıl infrastruktura investisiyalara qədər şəhər layihələrinin sürətlə həyata keçirilməsinə töhfə verəcək. O vurğulayıb ki, forum, həmçinin qurumlararası dialoqu stimullaşdıracaq, enerji, nəqliyyat, mənzil siyasəti və ətraf mühitin mühafizəsinə cavabdeh qurumları bir araya gətirərək şəhər siyasətinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM), xüsusilə DİM 11-ə uyğunlaşdırılmasına xidmət edəcək. Bütün bunlar konteksintdə Prezident İlham Əliyevin 2026-cı ili ölkədə “Şəhərsalma və Memarlıq İli” elan etməsi ölkənin inkişafı ilə bağlı yeni perspektivlər açır. Müvafiq Sərəncamda qeyd olunur ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra şəhər quruculuğu sahəsindəki yeni təzahürlər ölkədə inşa edilən monumental komplekslərin memarlıq həllində özünü qabarıq büruzə verib: “Bu gün də Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasında paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi və dayanıqlı məskunlaşmanın təşviqi, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluqlar təsbit edilməklə, memarlıq və şəhərsalma fəaliyyətinin prioritet istiqamətləri olaraq müəyyənləşdirilmişdir”. Sərəncam Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədindən irəli gəlib. Beləliklə, indidən demək olar ki, “Şəhərsalma və Memarlıq İli” Azərbaycanda şəhərsalma prosesində yeni bir mərhələnin başlanğəcı olacaq. Nəzərə alınmalıdır ki, şəhərsalma müasir cəmiyyətin davamlı inkişafını təmin edən ən vacib sahələrdən biridir. Burada təkcə yaşayış məntəqələrinin planlı şəkildə qurulması deyil, həm də əhalinin sosial, iqtisadi və ekoloji tələbatlarının balanslaşdırılmış formada ödənilməsi prosesi nəzərdə tutulur. Müasir dövrdə urbanizasiya prosesinin sürətlənməsi şəhərsalmanın əhəmiyyətini daha da artırır. Milli Məclisin üzvü Elnarə Akimovanın qeyd etdiyi kimi Prezident İlham Əliyevin müvafiq Sərəncamı urbanistik düşüncənin, milli memarlıq irsinin və müasir şəhər mədəniyyətinin dövlət siyasətində prioritet mərhələyə keçdiyini göstərir: “Bakıdan regionlara, ən ucqar yaşayış məntəqələrindən azad edilmiş ərazilərə qədər həyata keçirilən layihələr sübut edir ki, şəhərsalma artıq sadəcə infrastruktur məsələsi deyil, sosial rifahın, estetik düşüncənin və milli kimliyin ifadə vasitəsidir. Ona görə də dövlət başçısının Sərəncamı bu yanaşmanı sistemli, elmi və konseptual mərhələyə daşıyır”. Bununla yanaşı, o da mühüm faktdır ki, iqtisadi baxımdan şəhərsalma mühüm rol oynayır. Məhz düzgün planlaşdırılmış şəhərlər investisiya cəlbediciliyini artırır, biznes mühitinin inkişafına şərait yaradır. Eyni zamanda, müasir şəhərsalma ağıllı şəhər texnologiyalarının tətbiqi ilə resurslardan daha qənaətli istifadəni təşviq edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji zonası kimi layihələr Azərbaycanın tərəqqisində bu faktorlarda artıq uğurla istifadə etdiyini nümayiş etdirir. Yaşıl zonaların salınması, park və meşəliklərin qorunması, ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqi də ölkəmizdə şəhərsalmanın artıq mühüm elementlərindən birinə çevrilib. Mədəni və tarixi irsin qorunması da şəhərsalmanın mühüm tərkib hissəsidir. Tarixi abidələrin, qədim məhəllələrin və milli memarlıq üslubunun mühafizəsi şəhərin kimliyini və mədəni yaddaşını qoruyur. Azərbaycan yenə bunun ən uğurlu nümunələrindən birini ərsəyə gətirir. Ölkəmzidə şəhərsalma yanaşmaları tarixi irslə müasir memarlığın harmoniyasını özündə ehtiva edir ki, bu da şəhərlərin həm estetik, həm də mədəni baxımdan cəlbedici olmasına şərait yaradır. Növbəti il ərzində sözügedən istiqamətdə Azərbaycanın daha böyük nailiyyətlərə imza atması gözlənilir. Ümumiyyətlə, Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsinin Azərbaycanın inkişaf yolunda yeni bir mərhələsinin başlanğıcı kimi də qəbul olunur. İlk növbədə o baxımdan ki, bu, gələcək nəsillər üçün formalaşdırılan yaşayış fəlsəfəsini də özündə əhatə edir. Şəhərlərin salınma prosesinin düzgün planlaşdırılması gələcək nəsillər üçün daha yaşana bilən, təhlükəsiz və dayanıqlı mühit yaratmaq deməkdir. Bu səbəbdən şəhərsalmanın əhəmiyyəti yalnız bu gün üçün deyil, uzunmüddətli perspektivdə də strateji xarakter daşıyır.