YENİ KARİB BÖHRANI DÜNYA NEFT BAZARINDA QİYMƏT TƏLATÜMÜ YARADIR

Dünya neft bazarını çalxalayan növbəti mühüm hadisə ABŞ və Venesuela arasında artan gərginlik, tərəflərin genişmiqyaslı müharibəyə başlamaq ehtimalının artmasıdır. Venesuelanın dəniz blokadasına alınması artıq neft qiymətlərinə öz təsirini göstərir. Qeyd edilməlidir ki, dəniz blokadası gəmilərin giriş və çıxışının qarşısını almaq üçün təyin olunmuş sahil xəttini əhatə edən  hərbi əməliyyatdır.  Bu fonda ABŞ Prezidenti Donald Trampın Venesuelaya daxil olan və çıxan bütün sanksiyalı neft tankerlərinin tam, hərtərəfli blokadaya alınması göstərişindən sonra neft qiymətləri  tədricən artır.

Tramp  hələ ötən həftə özünün “Truth” sosial media hesabında Venesuelaya gedən və gələn neft tankerlərinin tam blokadasına əmr verdiyini bildirib. Buna müvafiq olaraq ABŞ Venesuela sahilləri yaxınlığında beynəlxalq sularda artıq bir neçə tankeri ələ keçirib. “Bella 1” və  “Skipper” tankerləri, eləcə də “Centuries” supertankeri ABŞ ordusu tərəfindən saxlanılıb. O da maraqlıdır ki, 2 milyon barel Venesuela nefti ilə yüklənmiş nəhəng gəmi olan “Centuries” Çin şirkəti üçün Panama bayrağı altında yanacaq daşıyırdı. Gəmi ABŞ sanksiyaları altında olmasa da saxlanılıb.  Venesuela hakimiyyəti ABŞ-ın hərəkətlərini “ciddi beynəlxalq piratçılıq aktı” kimi xarakterizə edir. Ölkə Prezidenti Nikolas Maduro bildirir: “Venesuela artıq 25 həftədir ki, psixoloji terrorizmdən tutmuş, neft tankerlərinə hücum edən dəniz quldurlarına qədər müxtəlif formalarda olan təcavüz kampaniyasını pisləyir, ona müqavimət göstərir və qalib gəlir. Təhdidlərə və təcavüzə baxmayaraq, Venesuela güclü ölkə olduğunu və hakimiyyəti tamamilə və vasitəçisiz xalqa ötürəcək dərin inqilabın gedişatını sürətləndirməyə hazır olduğunu sübut edib”. Pentaqon rəhbəri Pit Heqset isə qeyd edir ki, ABŞ ordusu Cənubi Amerika ölkəsi lideri Nikolas Maduro Birləşmiş Ştatların oğurlanmış bütün aktivlərini geri qaytarana qədər Venesueladan gedən bütün tankerləri saxlayacaq: “Prezident Tramp aydın şəkildə bildirib: Venesuelaya gedən və ya gələn sanksiyalı neft daşıyan tankerlərin blokadası Maduronun cinayətkar təşkilatı oğurlanmış bütün Amerika aktivlərini geri qaytarana qədər tam qüvvədə qalacaq”.

İndi uğurla və tam şəkildə tətbiq olunarsa, Prezident Trampın bəyan etdiyi dəniz blokadası Venesuelanın neft ixracını kəskin şəkildə azaldacaq. Venesuela hökuməti dövlət büdcəsini doldurmaq üçün demək olar ki, tamamilə neft satışından asılıdır . Xam neft və neft-kimya məhsulları rəsmi Karakasın ixrac gəlirlərinin 90%-dən çoxunu təşkil edir. Hesab olunur ki, tankerlərin ələ keçirilməsi geniş yayılarsa və ya Tramp blokadanı davam etdirərsə, Venesuela neftinin əhəmiyyətli bir hissəsi ölkədə qalacaq və xarici bazarlara çatan neft isə əhəmiyyətli endirimlə satılacaq. ABŞ ordusu tərəfindən Venesuela tankerinin ələ keçirilməsinin və əlavə tədbirlər təhdidinin təsir göstərməyə başladığına dair artıq dəlillər var. Analitik şirkət olan “S&P Global Commodities Insights”ın məlumatına görə, son həftələrdə Venesuelaya gedən neft tankerlərinin sayı kəskin şəkildə azalıb. O da  bildirilir ki, ABŞ tərəfindən tankerlərin ələ keçirilməsindən sonra əvvəldən sanksiya tətbiq edilən bir neçə gəmi Venesuela sularında və ümumiyyətlə Karib dənizində üzməkdən imtina edir. Bir neçə gün əvvəl isə ABŞ Venesuelanın neft sektorunda müntəzəm olaraq iştirak edən altı gəmiçilik şirkətinə və altı tankerə sanksiyalar tətbiq edib və yaxın həftələrdə əlavə sanksiyaların tətbiq olunacağı ehtimal olunur. Bu da Venesuelanın neft ixracına ciddi şəkildə təsir edəcək.

Venesuela dünyanın ən böyük neft ehtiyatlarına sahib olsa da, “qara qızıl” satışından gəlirlər son on ildə azalmaqda davam edir. Karakas əvvəllər neft satışından ildə 100 milyard dollardan çox qazanc əldə edirdisə, indi bu rəqəm cəmi 20 milyard dollara çatır. Qarşıdakı dövr ərzində bu rəqəmin daha da azalması proqnozlaşdırılır. Brüsseldə yerləşən “Kpler” məlumat analitika şirkətinin baş neft analitiki Muyu Xu bildirib ki, Venesuela nefti qlobal istehsalın təxminən 1 faizini təşkil edir. Amma qeyd edilən rəqəmə baxmayaraq, ABŞ-Venesuela gərginliyi dünya neft bazarına təsirsiz ötüşmür.

Hazırda ABŞ hakimiyyət orqanları dəniz blokadasının əsas rəsmi səbəbi kimi narkotik qaçaqmalçılığına qarşı mübarizəni də göstərir.  Bu payız və qışda Pentaqon artıq ABŞ hərbi rəsmilərinin sözlərinə görə, narkotik daşıyan Venesuela gəmilərinə zərbələr endirib. Halbuki, Venesuela bunu təkzib edir. Donald Tramp hakimiyyəti həmçinin ölkənin Venesuela neftinə olan “hüququnun” geri verilməsini  tələb edir. Ehtimal ki, bu, Amerika şirkətlərinin ötən əsrin ortalarında kəşf etdiyi və ixracına kömək etdiyi neft ehtiyatlarına aiddir. Lakin ölkənin neft sənayesi sonradan milliləşdirildi və amerikalılar bazara çıxışını itirdilər. ABŞ Prezident Nikolas Madurodan narazılığını da gizlətmir. Respublikaçılar Partiyasına yaxın olan jurnalist Taker Karlson Donald Trampın Venesuelaya müharibə elan edəcəyini iddia edir. Amerikanın “NBC News” telekanalı da Vaşinqtonun Venesuelaya qarşı müharibəyə başlaya biləcəyi ehtimalını istisna etməyib. “The New York Times” qəzeti bildirib ki, Venesuela donanması bu açıqlamalardan və ABŞ-nin dəniz nəqliyyatını bloklamaqla bağlı təhdidlərindən sonra neft gəmilərini müşayiət etməyə başlayıb.

Tramp həmçinin Venesuela hökumətini “xarici terror təşkilatı” adlandırır və onu neft gəlirlərindən cinayətkar fəaliyyətin maliyyələşdirilməsi üçün istifadə etməkdə ittiham edir. Bu cür açıqlamalar eskalasiya riskini artırır. Venesuela hökuməti ABŞ-nin hərəkətlərini qətiyyətlə pisləyir, onları piratçılıq və suverenliyinə qəsd adlandırır. Venesuela öz maraqlarının beynəlxalq hüquqi müdafiəsini və neftinin qlobal bazarlara çıxışını təmin etmək üçün səy göstərəcəyini bəyan edir. Hətta Maduronun tənqidçiləri arasında belə, hamı ABŞ-nin potensial hərbi müdaxiləsini dəstəkləmir. Bir çox venesuelalı münaqişənin şiddətlənməsinin əsl siyasi dəyişikliklərə səbəb olmaqdansa, iqtisadi çətinlikləri və sosial gərginliyi artıracağından qorxur. Bu, ictimaiyyətin illərdir davam edən böhrandan dərin yorğunluğunu əks etdirir.

Avropa və Latın Amerikasında əksər liderlər regional sabitliyin pozulmasından qorxaraq gərginliyin artması əvəzinə dialoqa çağırırlar. Venesuela ilə mümkün müharibə ilə bağlı müzakirələr ABŞ-nin Latın Amerikasındakı rolu, beynəlxalq hüquq və enerji təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurur. Təhlükə doğuran hal isə təkcə iki ölkə arasındakı münasibətlərlə bağlı deyil, həm də qlobal neft bazarlarına təsir və regional sabitlik də daxil olmaqla daha geniş geosiyasi məsələlər də burada təhdid mənbəyi qismində qəbul edilir. Vəziyyət getdikcə 1962-ci il Kuba raket böhranını xatırladan ifadələrlə təsvir olunur. 

Baş verənlər Azərbaycanda da diqqətlə izlənilir. Ölkəmiz bütün ziddiyyətli məsələlərin dialoq və sülh müstəvisində həllini tapmasında maraqlıdır. Hadisələrin indiki inkişaf axarı isə sülh ümidlərini azaldır. İndiki hal davam edərsə, neft bazarında da ciddi qiymət artımları qaçılmaz hesab olunur.

MTM Analitik Qrup