
Bakıda ilk dəfə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “ağıllı işıqforlar” (adaptiv) quraşdırılıb. Bu məqsədlə iki xarici ölkənin mütəxəssisləri birlikdə pilot layihəyə başlayıblar.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, ilkin olaraq paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan, Məsud Davudoğlu küçələrinin kəsişməsində, 115 nömrəli tam orta məktəbin qarşısında (piyada işıqforu), həmçinin Cəfər Xəndan küçəsi ilə Əhməd Rəcəbli, Anar Şükürov, İbrahimpaşa Dadaşov, Şövkət Məmmədova və Əlişir Nəvai küçələrinin kəsişməsində quraşdırılan belə işıqforlar sınaq müddətində işə salınıb.
Adaptiv işıqforların ənənəvi işıqforlardan fərqinə gəlincə, bildirilib ki, “Ağıllı işıqforlar” yol üzərində yerləşdirilən sensorlar, kameralar və bəzən radarlar vasitəsilə hərəkət intensivliyini ölçür. Toplanan məlumat mərkəzi idarəetmə proqramına ötürülür və həmin proqram real vaxt rejimində hansı istiqamətdə işıqforun yaşıl işığının müddətinin artıb-azalması ilə bağlı qərar verir. Ənənəvi işıqforlar sabit qrafiklə işləyir, adaptiv sistem isə daim dəyişən vəziyyətə uyğunlaşır.
Məlumatda yeni sistemin nəqliyyatın sıx olduğu pik saatlarda və qəza hallarında verdiyi reaksiyaya da aydınlıq gətirilib. Vurğulanıb ki, pik saatlarda nəqliyyat axını sürətlə artır. Ənənəvi işıqforlar bunu nəzərə almır, nəticədə uzun növbələr yaranır. Adaptiv sistem isə avtomatik olaraq həmin istiqamətə daha çox yaşıl işıq ayırır. Qəza halında və ya yol bağlandıqda isə sistem dərhal vəziyyəti analiz edir, istiqamətlərin prioritetini dəyişir və yükün balanslaşdırılmasına şərait yaradır. Adaptiv işıqforlar yol hərəkəti iştirakçıları üçün səmərəlilik baxımından daha faydalı olacaq. Yəni yolda nəqliyyat sıxlığı olmadığı vaxtlarda işıqforların yaşıl işığı daimi yanmaqla vaxt itkisinin qarşısı alınmış olacaq.
Bundan başqa, məlumatda pilot layihənin ilkin tətbiq edildiyi yollarda nəqliyyat sıxlığının neçə faizə qədər azalmasının gözlənilməsinə də toxunulub. Qeyd olunub ki, xarici təcrübəyə əsasən, adaptiv sistemlərin tətbiqi nəqliyyat sıxlığını 15–30 faiz azaldır.
Qeyd edək ki, pilot layihənin nəticəsindən asılı olaraq “ağıllı işıqforlar”ın digər küçə və prospektlərdə də quraşdırılması nəzərdə tutulur.
