AZƏRBAYCAN VƏ GÜRCÜSTAN REGİONAL ƏMƏKDAŞLIĞIN ƏSAS TƏMİNATÇILARIDIR

Azərbaycan-Gürcüstan münasibətləri hazırda regionda sabit və uzunmüddətli, qarşılıqlı maraqlara əsaslanan səmərəli əməkdaşlıq modellərindən biridir. Bu münasibətlərin əsasında yalnız coğrafi yaxınlıq və tarixi bağlar deyil, eyni zamanda, siyasi etimad, iqtisadi inteqrasiya və təhlükəsizlik sahəsində ortaq maraqlar dayanır. Regional layihələrin icrasında üst-üstə düşən maraqlar iki ölkəni regionda ayrılmaz tərəfdaşa çevirib.

Ötən 30 ildə Bakı və Tbilisi regional layihələrin memarı kimi çıxış edərək, Cənubi Qafqazın geosiyasi arxitekturasında mühüm rol oynayıblar. Müstəqillikdən sonra iki ölkənin paralel geosiyasi istiqamətdə inkişafı, regional layihələrin reallaşdırılmasında birgə iştirakı münasibətlərin yüksələn xətlə inkişafına zəmin yaradıb. Bütün bunların nəticəsidir ki, hazırda Azərbaycan-Gürcüstan əməkdaşlığı Cənubi Qafqazın enerji və nəqliyyat arxitekturasının əsas dayağına çevrilib.

Rəsmi Tbilisi Azərbaycanı nəinki Cənubi Qafqazda, ümumən Avrasiya məkanında mühüm strateji tərəfdaş kimi dəyərləndirir. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili iki ölkənin baş nazirlərinin – Əli Əsədov və İrakli Kobaxidzenin dekabrın 11-də Türkmənistanda reallaşan görüşünün nəticələri fonunda bunu bir daha vurğulamaqla yanaşı, ikitərəfli iqtisadi-siyasi əlaqələrin ən yüksək səviyyədə müzakirəsinin əhəmiyyətini diqqətə çəkib.

Aşqabadda keçirilən görüşdə Azərbaycan və Gürcüstanın baş nazirləri strateji tərəfdaşlığın ticarət-iqtisadi, nəqliyyat-tranzit, investisiya, neft-qaz, yaşıl enerji və humanitar sahələrdə inkişafından məmnunluq ifadə edib, ikitərəfli gündəliyin aktual məsələləri üzrə geniş müzakirələr aparıblar. İnvestisiya əməkdaşlığının genişləndirilməsi, energetika və nəqliyyat sahələrində yeni layihələrin icrası da görüşün əsas mövzularından olub.

Ümumiyyətlə, iki ölkə arasında intensiv xarakter alan yüksək səviyyəli dialoq tərəfdaşlığın praktiki məzmununun dərinləşdiyini göstərir. Qlobal güclər arasında rəqabətin kəskinləşməsi, enerji bazarlarında baş verən dəyişikliklər, nəqliyyat dəhlizlərinin yenidən formalaşması ölkələrimiz arasında əlaqələndirilmiş siyasəti xüsusilə vacib edir. Bundan əlavə, uzun illər etnik separatçılıqla üz-üzə qalan Bakı və Tbilisi hər zaman bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləyərək, regional sabitliyin, təhlükəsizliyin qorunmasında mühüm rol oynayıblar.

İstər ikitərəfli görüşlərdə, istərsə də beynəlxalq platformalarda Azərbaycan daim Gürcüstanın ərazi bütövlüyünü müdafiə edib, etibarlı və sadiq qonşu olduğunu sübut edib. Eləcə də 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə Azərbaycanın maraqlarına zidd hansısa addım atmayıb. Qonşu ölkə müharibə dövründə quru ərazisi və hava məkanı üzərindən Ermənistana silah və hərbi texnika daşınmasına yol verməyib.

Enerji əməkdaşlığı ikitərəfli münasibətlərin əsas strateji dayaqlarından biridir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, Cənub Qaz Dəhlizi layihəsi Gürcüstanın tranzit ölkəsi kimi mövqeyini möhkəmləndirməklə yanaşı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu və ixrac imkanlarını genişləndirib. Azərbaycan Gürcüstan üçün qlobal investor olmaqla yanaşı, qonşu ölkənin təbii qaz və avtomobil yanacağı ilə təminatında da dominant mövqeyə malikdir. Ölkəmiz uzun illərdir ki, qonşu ölkənin əsas mavi yanacaq təminatçısıdır və bu, qonşu ölkənin enerji balansında vacib rol oynayır.

Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz son 10 ildə birinci yerdə qərarlaşıb. SOCAR-ın qonşu ölkədə reallaşdırdığı layihələrin – inşa etdirdiyi yanacaqdoldurma məntəqələrinin və qaz borusu şəbəkələrinin əhəmiyyətini xüsusi qeyd etmək lazım gəlir.

Perspektivdə alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün də yaxşı imkanlar mövcuddur. Xatırladaq ki, 2022-ci ilin dekabr ayında imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Azərbaycanın alternativ mənbələr hesabına istehsal edəcəyi “yaşıl enerji”nin Gürcüstan ərazisindən keçməklə Qara dənizin dibi ilə çəkiləcək 1100 kilometrlik sualtı kabel vasitəsilə Avropa ölkələrinə ixracını nəzərdə tutur. Layihə Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin gücləndirilməsinə, təchizat mənbələrinin şaxələndirilməsinə, Xəzər regionunda bərpa olunan enerji istehsalı potensialından istifadəyə geniş imkanlar açıb. Bu kabel xətti həm də Mərkəzi Asiya ölkələrinin istehsal etdiyi yaşıl enerjinin Azərbaycan və Gürcüstan ərazisi ilə Avropaya ixracına imkan verəcək.

2017-ci ildə istifadə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiya arasında qısa və təhlükəsiz quru əlaqəsi yaradaraq, Orta Dəhlizin potensialını artırıb. Qlobal tədarük zəncirlərinin yenidən qurulduğu bir zamanda Azərbaycan və Gürcüstanın logistika imkanları regionun iqtisadi inkişafında mühüm rol oynayır. Limanların modernləşdirilməsi, yeni yük mərkəzlərinin yaradılması və dəhliz boyu infrastrukturun təkmilləşdirilməsi iki ölkənin strateji tranzit rolunu daha da gücləndirir.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı regionda sülh, təhlükəsizlik və inkişaf üçün mühüm platformadır. Hər iki ölkə üçün əsas məqsəd regionun müstəqil inkişafı, xarici müdaxilələrdən qorunması, sərhədlərin təhlükəsizliyinin təmini və iqtisadi inkişafın davamlılığının qorunmasıdır. Bu baxımdan Bakı və Tbilisi arasındakı siyasi həmrəylik Cənubi Qafqazda sabitliyin vacib sütunlarından biri kimi çıxış edir.

MTM Analitik Qrup