
Ermənistanla Azərbaycan arasında bu ilin avqust ayında Vaşinqtonda əldə edilmiş razılaşmalar normallaşma prosesinin əhəmiyyətli dərəcədə irəliləməsinə, kommunikasiyaların bərpası istiqamətində praktik addımlara, qarşılıqlı etimadın gücləndirilməsinə əsaslı zəmin yaratsa da, prosesə xələl gətirməyə çalışan siyasi dairələrin mövcudluğu haqlı narahatlıqlar doğurur.
Avropa İttifaqı ilə Ermənistan arasında bir neçə gün əvvəl imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəddə yer alan müddəaların regionda sülh və etimad quruculuğu prosesinə zidd olması xüsusilə vurğulanmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin bununla əlaqədar dekabrın 9-da yaydığı bəyanat sözügedən sənədin qərəzli mahiyyətini, yeni geosiyasi reallıqları təhrif etdiyini bir daha təsdiqləyir.
Cənubi Qafqaz hazırda dünyanın ən həssas bölgələrindən biridir və sülh quruculuğu ilə bir araya sığmayan addımlar bilavasitə Ermənistanla Azərbaycan arasında qarşılıqlı etimadın formalaşdırılması prosesinə mənfi təsir göstərir. Vaşinqtonda Yekun Sülh Sazişi layihəsinin hər iki ölkə tərəfindən paraflanması fonunda müzakirə gündəliyində yer almayan, hüquqi-siyasi əsası olmayan iddiaların Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış sənəddə yer alması tamamilə yolverilməzdir.
Son aylarda bölgədə yeni geosiyasi reallıq formalaşıb, rəsmi şəxslərin və vətəndaş cəmiyyəti təmsilçilərinin səfərləri təşkil olunub, iqtisadi əlaqələrin bərpası, nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələr konkret mərhələyə keçib. Qarşılıqlı etimadın yaranması asan olmasa da, prosesin irəliləməsi üçün əsaslı zəmin mövcuddur. Belə bir şəraitdə beynəlxalq aktorların addımları da balanslı, obyektiv, qərəzsiz olmalı, regional sabitliyə xidmət etməlidir. Rəsmi Bakı hər zaman bəyan edib ki, əsassız kənar müdaxilələr, birtərəfli qərarlar, geosiyasi reallıqlara zidd təşəbbüslər dialoq ruhunu zədələyə və bölgədə yeni gərginlik yarada bilər.
“Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəddə Ermənistanın təhlükəsizlik sektoruna maliyyə və texniki dəstəyin, ikitərəfli hərbi-siyasi əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur ki, bu da Cənubi Qafqazın geosiyasi rəqabət meydanına çevrilməsi riskini artırır. Bundan əlavə, rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edən sənəddə “Qarabağ ermənilərinin geriyə qayıdışı” kimi absurd müddəanın yer alması revanşizm təşviqi və ölkəmizə qarşı əsassız ittihamların davam etdirilməsidir.
Vaşinqtonda paraflanmış Yekun Sülh Sazişi layihəsində yer alan müddəalardan biri də budur ki, tərəflər beynəlxalq platformalarda qarşılıqlı iddialara son qoymalıdırlar. Bu baxımdan, Avropa İttifaqı ilə imzalanmış sənəddə “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsinin işlədilməsi, həmin şəxslərin “qaçqın” statusunda təqdimatı cəhdi Azərbaycanla Ermənistan arasındakı danışıqların ruhuna ziddir. Qarabağ erməniləri Azərbaycana reinteqrasiya planını qəbul etmədikləri üçün könüllü şəkildə ərazilərimizi tərk ediblər. Bu insanların “qaçqın” kimi təqdim olunması gələcək siyasi manipulyasiyalara zəmin yaradır və dayanıqlı sülhün əldə edilməsi prosesini gərginləşdirir. Son iki ildə müzakirə mövzusu olmayan, tarixin arxivinə gömülmüş bu spekulyativ mövzunun yenidən “aktuallaşdırılması” cəhdləri ölkəmizə uğursuz təzyiq cəhdi kimi dəyərləndirilə bilər.
Narahatlıq doğuran digər məqam sənəddə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına istinad olunmasıdır. Bu yanaşma Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız iddiaların siyasi müstəvidə dəstəklənməsi anlamına gəlir. Halbuki, tərəflərin bir-birinə qarşı hüquqi iddialarının tamamilə aradan qaldırılması Vaşinqton razılaşmasının birbaşa tərkib hissəsini təşkil edir.
Sənəddə iki ölkə arasında kommunikasiyaların bərpası təqdir edilsə də, 2025-ci il avqustun 8-də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılmasına dair əldə edilmiş razılaşma haqqında söz açılmır. Bunun əvəzinə Ermənistan baş nazirinin heç bir reallaşma perspektivi olmayan, kağız üzərində qalmış “Sülh kəsişməsi” layihəsindən söz açılır. Ermənistanda TRIPP layihəsinin reallaşdırılması istiqamətində praktik addımların atıldığı bir zamanda Avropa İttifaqının sənədində hansısa absurd və “xəyali” layihədən bəhs olunması haqlı suallar doğurur. Aşkar görünür ki, təşkilat bu sənədlə yalnız regional sülhə deyil, həm də ABŞ Prezidenti D.Trampın administrasiyasının vasitəçiliyi ilə əldə edilmiş razılaşmalara zidd mövqe sərgiləyir.
Sənəddə “EUMA”-nın – Avropa İttifaqının Ermənistanda “müşahidə missiyası” altında pərdələnmiş hərbi kontingentinin fəaliyyətinin genişləndirilməsinə dair almış müddəanın olması da sülh və sabitliyi birbaşa təhdid edir. Vaşinqtonda paraflanmış sülh sənədinin 7-ci maddəsində açıq şəkildə qeyd olunur ki, tərəflər sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsinə yol verməməlidirlər. Bu baxımdan, EUMA missiyasının destruktiv fəaliyyətinin genişləndirilməsi cəhdi regionda etimad mühitinə xələl gətirir və Ermənistanı militarist siyasətdən əl çəkmədiyini göstərir.
Nəhayət, sənəddə Bakıda məhkəməsi keçirilən, müxtəlif müharibə cinayətlərində təqsirli bilinən erməniəsilli şəxslərin “hərbi əsir” kimi təqdim edilməsi rəsmi Bakının haqlı etirazı ilə qarşılanıb. Həmin şəxslər konkret cinayət əməllərinə görə mühakimə olunurlar. Məhkəmə materialları və şahid ifadələri də bunu sübut edir. Onların “azadlığa buraxılması”nın Avropa İttifaqının sənədində ayrıca prioritet kimi göstərilməsi isə faktların təhrifi olub, Ermənistanın sülh prosesinə nə dərəcədə sadiq olması barədə əsaslı şübhələr yaradır.
“Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəd təşkilatın bölgədə sülhə real töhfə vermək əvəzinə, daha çox siyasi təsir rıçaqları əldə etməyə çalışdığını göstərir. Avropa İttifaqı ikili standartlarını davam etdirərək, sözdə Vaşinqton razılaşmalarını alqışladığın bəyan edir, əməldə isə həmin razılaşmalara zidd addımlar atmaqla, prosesə zərbə vurur. Bu da Avropa İttifaqının Cənubi Qafqazda uzunmüddətli sülh və təhlükəsizliyə “töhfə vermək”lə bağlı açıqlamalarının səmimi olmadığını göstərir.
MTM Analitik Qrup
