
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Avropa enerji təhlükəsizliyini möhkəmləndirir
Prezident İlham Əliyevin Slovakiyaya səfəri çərçivəsində keçirilən danışıqlar Avropa İttifaqının enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın qaz və yaşıl enerji layihələri üzrə təklifləri, eləcə də Cənub Qaz Dəhlizinin genişləndirilməsi barədə müzakirələr tərəflərin strateji enerji əməkdaşlığını daha da dərinləşdirir.
2. Azərbaycan XİN etiraz edir
Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq sənədində Bakının maraqlarına uyğun olmayan, regiondakı reallıqları əks etdirməyən müddəalar olduğunu bildirib. Rəsmi Bakı sənəddə Azərbaycanın suverenlik və ərazi bütövlüyünə toxunan qeydləri qəbul etmədiyini vurğulayır və Avropa İttifaqını tərəfsiz mövqe nümayiş etdirməyə çağırır.
3. Tərəflər sülh quruculuğunu təqdir edir
Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Euronews”ə verdikləri müsahibələrdə sülh təşəbbüslərini müsbət qiymətləndiriblər. Hər iki rəsminin mesajı ondan ibarətdir ki, Bakı və İrəvan arasında davam edən dialoq bölgədə uzunmüddətli sabitlik və kommunikasiyaların açılması üçün real imkanlar yaradır.
4. Amerika Zelenskini dəyişmək istəyir
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukraynada “artıq yeni prezident seçkiləri keçirməyin vaxtı çatıb”. Bu açıqlama Vaşinqtonun Kiyevdə siyasi dəyişikliklərə dair mövqeyinin sərtləşdiyini göstərir. Trampın fikrincə, uzunmüddətli müharibə fonunda Ukraynanın siyasi rəhbərliyində dəyişiklik regionda sülh prosesini sürətləndirə bilər.
5. Paşinyan “TRIPP Company” layihəsini elan edib
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, “Tramp Marşrutu Beynəlxalq Sülh və Rifah üçün (TRIPP)” təşəbbüsünün həyata keçirilməsi məqsədilə Ermənistan-ABŞ birgə şirkəti “TRIPP Company” rəsmi qeydiyyatdan keçiriləcək. Paşinyan bu layihəni Ermənistanın iqtisadiyyatının modernləşdirilməsi və ABŞ ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addım kimi təqdim edib.
