
Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş Qərargahını ziyarət edib.
Bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyi “X” sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunub.
Brüsselə səfəri çərçivəsində NATO Baş Qərargahında Azərbaycan Prezidentinin köməkçisi NATO-nun Şimal Atlantik Şurasının səfirləri, eləcə də Baş katibin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Ruqe Borislə görüşüb.
Görüş zamanı NATO-nun Şimal Atlantik Şurası səfirlərinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü xatırlanıb.
Tərəflər həmçinin, uğurlu Azərbaycan-NATO tərəfdaşlığı və əməkdaşlıq perspektivləri, Azərbaycanın Alyansa, o cümlədən Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, eləcə də regional təhlükəsizlik və Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı məsələlər daxil olmaqla geniş mövzular ətrafında geniş müzakirələr aparıblar.

