AZƏRBAYCAN TAMAŞALARI TÜRKMƏNİSTANDA XARİCİ KLASSİKLƏR HƏFTƏSİNDƏ NÜMAYİŞ OLUNACAQ

Azərbaycanın səhnə əsərləri, Türkmənistanın teatrlarında dünya xalqları arasında sülh və dostluq münasibətlərinə həsr olunan xarici klassik tamaşalar həftəsində nümayiş olunacaq.

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən verilən məlumata əsasən, Türkmənistanın daimi tərəfsizliyinin 30 illik ildönümü münasibətilə 6-12 dekabr 2025-ci il tarixlərində ölkədə keçiriləcək mədəniyyət həftəsi çərçivəsində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığından nümunələr də təqdim olunacaq.

Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkəmizdə və bütün dünyada bu il doğumunun 140 illiyi qeyd olunan Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası əsasında səhnələşdirilmiş eyniadlı tamaşa Aşqabadda Böyük Saparmurad Türkmənbaşı adına Baş Dram Teatrında türkmən dilində nümayiş etdiriləcək. Tamaşa eyni zamanda, ingilis və rus dillərinə sinxron tərcümə olunacaq.

Qeyd edək ki, Üzeyir Hacıbəylinin əsərləri Türkmənistanın mədəni həyatında mühüm yer tutur. “Ər və arvad”la yanaşı, bəstəkarın ölməz əsəri “Arşın mal alan” operettası da Aşqabadda müxtəlif teatr səhnələrində daim tamaşaçıların rəğbətini qazanır və həm yerli, həm də xarici izləyicilər tərəfindən yüksək qiymətləndirilir.

Həmçinin, həftə çərçivəsində Aşqabadın A.S.Puşkin adına Rus Dram Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası ənənəvi olaraq nümayiş olunacaq.

Tamaşa həftəsi ərzində Türkmənistan tamaşaçıları və xarici qonaqlar teatr səhnələrində Azərbaycan, qırğız, gürcü, amerika, rus, italyan və fransız dramaturqlarının əsərlərini izləmək imkanı əldə edəcəklər.