AZƏRBAYCANIN VATİKANLA HƏYATA KEÇİRDİYİ LAYİHƏLƏR SİVİLAZİYALARASI DİALOQ PROSESİNƏ TÖHFƏ VERİR

Azərbaycanla Müqəddəs Taxt-Tac – Vatikan arasında uzun illər ərzində qarşılıqlı maraqlar əsasında formalaşan münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə daxil olub. Bu əlaqələr təkcə diplomatik deyil, həm də humanitar, mədəni və dini sahələrdə genişlənərək strateji məzmun qazanıb. Xüsusilə 2020-ci ildən sonra Cənubi Qafqazda formalaşan yeni reallıqlar fonunda Azərbaycanın Vatikanla əməkdaşlığı istər ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, istərsə də tolerant və multikultural dəyərlərin dünyaya təqdimatı baxımından əhəmiyyət kəsb edir.
Bu əməkdaşlığı zəruri edən digər mühüm amil beynəlxalq münasibətlərdə Vatikanın artan rolu ilə şərtlənir. Vatikan rəhbərliyi beynəlxalq münasibətlərin aktual problemləri – silahlı qarşıdurmaların dinc yolla həlli, etnik-dini dözümlülük mühitinin möhkəmləndirilməsi, humanitar böhranların aradan qaldırılması, ətraf mühitin qorunması və digər bu kimi qlobal məsələlərdə konstruktiv və fəal mövqedən çıxış edir. Ərazi və əhali baxımından dünyanın ən kiçik ölkələrindən biri olmasına baxmayaraq, Müdəddəc Taxt-Tac Avropanin əsas dini mərkəzi kimi dünyada müəyyən nüfuza, çəkiyə malikdir.
Azərbaycanda din dövlətdən və onun siyasətindən ayrı olsa da, dini institutların mədəni-mənəvi irs daşıyıcısı kimi qorunması, bu sahədə beynəlxalq əməkdaşlğın genişləndirilməsi mühüm hədəflərdəndir. Vatikanla genişlənən əməkdaşlıq ölkəmizin uzun illər boyu təşviq etdiyi tolerant və multikultural dəyərlərin, mədəniyyətlərarası dialoqun qlobal miqyasda nümayişi üçün əlverişli platforma yaradıb. Ölkəmizin son 20 ildə müxtəlif beynəlxalq humanitar forumlara ev sahibliyi etməsi, sivilizasiyalararası və dinlərarası anlaşmanı önə çəkməsi Vatikan tərəfindən müsbət qarşılanır. Bu sırada Azərbaycanda xristian irsinin, xüsusən də Qafqaz Albaniyası dövrünə aid abidələrin qorunması sahəsində dövlət səviyyəsində aparılan işləri də qeyd etmək lazımdır.
Qeyd edilənlər fonunda Vatikanla genişlənən ikitərəfli əlaqələr, sadəcə, diplomatik əlaqələrlə məhdudlaşmır, eyni zamanda, bəşəriyyətin qarşısında duran siyasi, iqtisadi, mədəni, sosial və humanitar problemlərin həllində kollektiv iştirakı təşviq edir. Milli və dini zəmində qarşıdurmaların, ksenofobiya, İslamafobiya kimi neqativ təzahürlərin gücləndiyi hazırki şəraitdə dünya ölkələrinin bu və digər problemlərinin həllinə cəlb olunmaları, birgə layihələr həyata keçirmələri, yeni öhdəliklər götürmələri, geniş əlaqələr qurmaları obyektiv zərurətdir. Qlobal gərginliyin azaldılması, çağdaş dünyanın üzləşdiyi lokal və qlobal xarakterli problemlərlərin həlli sivilizasiyalar arasında qarşılıqlı anlaşma mühitini, konstruktiv əməkdaşlığı zəruri edir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Vatikana rəsmi səfəri, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin və digər şəxslərlə keçirdiyi görüşlər bu baxımdan diqqəti xüsusi cəlb edir. Tərəflər münasibətlərin inkişaf istiqamətlərini müzakirə etməklə yanaşı, dinlərarası dialoqa, mədəni-humanitar əməkdaşlığa və qlobal səviyyədə sülh təşəbbüslərinə xüsusi ehtiyacın olduğunu vurğulayıblar.
İkitərəfli münasibətlərin genişlənməsində mövcud müqavilə-hüquq bazasının, imzalanmış 9 dövlətlərarası sazişin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Hələ 2008-ci ilin sentyabrında Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasında imzalanan Anlaşma Memorandumu, eləcə də 29 aprel 2011-ci ildə imzalanmış “Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında Katolik Kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında” saziş ikitərəfli əlaqələri daha da möhkəmləndirib.
Heydər Əliyev Fondunun humanitar əməkdaşlıq çərçivəsində Vatikana qədim katakombaların bərpasında göstərdiyi köməyi xatırlatmaq yerinə düşər. Fondun dəstəyi ilə bərpasına 2012-ci ildə başlanılan Vatikanın San Marçellinio və Pietro katakombalarının əsaslı təmir və bərpa işlərindən sonra 2016-cı ilin fevralında, bərpa işlərinə 2016-cı ildə başlanılan San Sebastian katakombalarının isə 2018-ci ilin sentyabrında açılış mərasimləri keçirilib. Vatikan Apostol Kitabxanasında bir sıra əlyazmaların, habelə Vatikan Muzeylərində bəzi sənət nümunələrinin bərpası da Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşdırılıb. 2021-ci il martın 4-də isə Fond və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında Kommodilla katakombalarının bərpası ilə bağlı müqavilə imzalanıb.
Kommodilla katakombalarının, Müqəddəs Pavel və Pyotr Bazilikalarının bərpasına dəstək, Apostol Kitabxanası və “Bambino Gesu” xəstəxanası ilə əməkdaşlıq ölkəmizin humanitar yönümlü siyasətini bir daha nümayiş etdirir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ötən ay Vatikana reallaşan səfəri ikitərəfli münasibətlərin inkişafına yeni təkan verib. Bu səfər zamanı imzalanan rəsmi sənədlər iki ölkə arasında dini, mədəni və tibbi-humanitar əməkdaşlığı daha da genişləndirib. Bakıda II İoann Pavelin şərəfinə yeni katolik kilsənin inşası istiqamətində atılan addımlar da bunu bir daha sübut edir.
Vatikanda keçirilən son görüşlərdə Azərbaycanla Ermənistan arasında normallaşma prosesi, avqust ayında Vaşinqtonda əldə edilmiş razılaşmalar, post-münaqişə dövründə regionda cərəyan edən proseslər barədə məlumatların verilməsi isə Vatikanın Cənubi Qafqazda sülh və sabitliyə marağı ilə izah oluna bilər. Müqəddəs Taxt-Tac münaqişələrin həlli və dini icmalar arasında dialoqun təmini sahəsində geniş təcrübəyə malikdir və Azərbaycan üçün belə bir tərəfdaşın mövcudluğu diplomatik-siyasi üstünlükdür.
Vatikanla münasibətlər Azərbaycanın həm də beynəlxalq humanitar təşəbbüslərdə rolunu artırır, ölkəmizi sülh, dialoq və qarşılıqlı anlayışın fəal müdafiəçisi kimi dünyaya təqdim edir.

MTM Analitik Qrup