ERMƏNİSTAN KTMT-DƏN NÖVBƏTİ DƏFƏ İMTİNA ETDİ-İRƏVAN MOSKVADAN UZAQLAŞIR

Ermənistanın 27 noyabr 2025-ci il tarixli Bişkek KTMT sammitində iştirak etməyəcəyini açıqlaması, Moskva ilə Yerevan arasında strateji tərəfdaşlığın kövrəkliyini və Ermənistanda Rusiyayönümlü təhlükəsizlik kooperasiyasına qarşı artan narazılığı simvolizə edir. Bu qərar təkcə formal diplomatik addım deyil, eyni zamanda Ermənistanın xarici siyasət prioritetlərində dərin struktur dəyişikliklərinin olduğunu göstərir.

Ermənistanın növbəti dəfə KTMT tədbirində iştirakdan imtina etməsi, Yerevan–Moskva münasibətlərində uzun müddətdir yığılan ziddiyyətlərin kəskinləşmiş ifadəsi kimi dəyərləndirilir. Bu qərar nə ani addımdır, nə də texniki protokol məsələ­sidir; əksinə, Ermənistanın təhlükəsizlik arxitekturasını yenidən qurmaq cəhdinin, Rusiyaya bağlılıq modelindən uzaqlaşma strategiyasının mühüm elementinə çevrilib.

Moskva Yerevanın ardıcıl etirazlarını və tədbirlərdən imtinasını təkcə texniki diplomatik jest kimi görmür. Rusiya rəsmiləri açıq şəkildə bildiriblər ki, Ermənistan KTMT-nin tamhüquqlu üzvüdür və təşkilatda aktiv iştirak etməlidir. Kremlin narahatlığını artıran əsas faktor ondan ibarətdir ki, Ermənistanın bu davranışı təkcə Rusiya–Ermənistan münasibətində gərginlik yaratmır, həm də KTMT-nin vahidliyinə xələl gətirir. Yəni Rusiya üçün problem yalnız Ermənistanın Yerevan-Moskva xəttində yaratdığı diskomfort deyil — bu hadisə KTMT-nin nüfuzuna sistemli zərbə vurur.

Erməni analitikləri isə Moskvanın bu narahatlığını başadüşülən saysalar da, Ermənistanın təhlükəsizlik arxitekturasında “yenilənmə labüd” olduğunu irəli sürürlər. Onların fikrincə, Rusiya liderliyindəki təhlükəsizlik blokları artıq Ermənistanın milli maraqlarına cavab vermir, çünki Moskva öz regional prioritetlərini dəyişib və Ermənistanın təhlükəsizlik çağırışları Kremlin gündəmində əvvəlki yerini itirib. Bu kontekstdə Ermənistanın KTMT büdcəsinə ödənişdən imtina etməsi və iştirakın “dondurulması” yalnız siyasi etiraz deyil, strateji xəttin dəyişməsinin rəsmi təsdiqi kimi qəbul olunur.

Rus analitik mühitində isə fərqli bir perspektiv üstünlük təşkil edir. Kremlin yaxınlığında duran ekspertlər Yerevanın KTMT-dən uzaqlaşmasını “Qərbin təsiri ilə edilən siyasi manevr” kimi dəyərləndirir, Ermənistan rəhbərliyinin təhlükəsizlik addımlarında rasional strateji məntiq olmadığını iddia edirlər. Onların fikrincə, Ermənistanın Qərbə inteqrasiya cəhdləri reallıqdan uzaqdır, çünki Qərb nə Rusiya kimi genişmiqyaslı hərbi-siyasi təminat verə, nə də regionda Rusiyanın rolunu tam əvəz edə bilər. Bu yanaşma rus ekspert icmasının ümumi mövqeyini əks etdirir: Ermənistanın KTMT-dən uzaqlaşması özünə zərbədir və onun təhlükəsizlik boşluğunu daha da dərinləşdirəcək.

Lakin erməni analitiklər bu arqumentləri qəbul etmir. Onlar hesab edirlər ki, Yerevanın Rusiya ilə təhlükəsizlik ittifaqından uzaqlaşması gecikmiş qərardır və Ermənistan suverenlik baxımından daha balanslı mühitə çıxmaq istəyir. Bu fikrə görə, Rusiya regiondakı siyasətində dəyişikliklər etdikcə, Ermənistan da geopolitik manevr imkanlarını genişləndirməyə məcburdur. Qərblə inteqrasiya cəhdlərinin tam alternativ yaratmayacağı etiraf edilsə belə, erməni şərhçilər bunun “Rusiya asılılığının tədricən azaldılması” prosesinin vacib mərhələsi olduğunu vurğulayırlar.

Bu fonda Ermənistanın KTMT sammitində iştirakdan imtinası həm simvolik, həm də real nəticələr yaradır. Simvolik olaraq, bu addım Yerevanın Moskvanın liderlik etdiyi qurumdan prinsipial məsafə saxlamasını təsdiqləyir. Real nəticə isə ondan ibarətdir ki, Ermənistan artıq KTMT-nin kollektiv qərarvermə mexanizmlərində iştirak etmir və bu, faktiki olaraq, ölkənin təşkilatda “dondurulmuş status”a keçməsinə bərabərdir. Bu vəziyyət KTMT üçün presedent yaradır və digər üzv ölkələrin də gələcəkdə oxşar davranışlara meyl etməsinə zəmin hazırlaya bilər.

Moskvanın cavabı isə hələlik sərt deyil, amma açıq şəkildə narazılıq bildirən siqnallarla müşayiət olunur. Rusiya Ermənistanı tamamilə itirmək istəmir — həm regiondakı balans, həm də KTMT-nin imici üçün onun üzvlüyü hələ də vacibdir. Buna görə də Rusiya, hələlik, qarşıdurmanı dərinləşdirmək yerinə, Yerevanı dialoqa qaytarmağa çalışan xətt izləyir. Amma bu taktikanın nə qədər effektiv olacağı sual altındadır, çünki Ermənistan daxilində siyasi və ictimai rəy sürətlə Rusiyadan uzaqlaşma istiqamətində transformasiyaya gedir.

MTM Analitik Qrup