
Son aylarda Azərbaycan və Ermənistan arasında diplomatik təmasların güclənmısi, sülh danışıqların ciddi şəkildə irəliləməsi fonunda rəsmi İrəvanın Bakıda məhkəməsi davam edən erməniəsilli şəxsləri yenə də “hərbi əsir” adlandırması və onları müdafiə etmək cəhdləri narahatlıq doğurmaya bilməz. Qarşılıqlı etimad tədbirlərinə ciddi ehtiyacın olduğu hazırkı məqamda Ermənistanın yüksək vəzifəli şəxslərinin süquta uğramış Qarabağ separatçı rejiminin keçmiş rəhbərlərini himayədarlıq etmələri danışıqlar prosesinə ciddi təhdiddir.
Ermənistan Baş naziri Nikol Paşinyanın bir neçə gün əvvəl İrəvana səfər edən ABŞ Dövlət katibinin müavini Ellison Hukerlə görüşü zamanı “Bakıda saxlanılan 23 erməni əsilli şəxslə bağlı Vaşinqtonun hansı addımlar atdığı” barədə açıqlama istəməsi və bunu məlum 8 avqust razılaşmalarının tərkib hissəsi kimi təqdim etməyə çalışması deyilənləri təsdiq edir. Onun ardınca Ermənistan parlamentinin sədri Alen Simonyanın noyabrın 24-də ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Qrassa ilə görüşdə bu əsassız iddiaları təkrar etməsi göstərir ki, rəsmi İrəvan yenidən “hərbi əsirlər kartı”na əl atır və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.
Bu il avqustun 8-də Vaşinqtonda əldə olunmuş məlum razılaşmalar, Yekun Sülh Sazişi layihəsinin paraflanması fonunda bu cür məsuliyyətsiz açıqlamalar etimad quruculuğu prosesinə xələl gətirə bilər. Birinci və İkinci Qarabağ müharibəsinin gedişində hərbi cinayətlər törətmiş şəxslərin barəsində cinayət işinin açılması, milli qanunvericiliyə və beynəlxalq konvensiyalara uyğun olaraq məsuliyyətə cəlb olunmaları ölkəmizin suveren hüququdur. Azərbaycan separatçı rejimin rəhbərlərinin cinayət işləri üzrə ədalətli, açıq və şəffaf məhkəmə prosesinin keçirilməsini təmin edib.
Ölkə rəhbərliyi bununla, ilk növbədə, Ermənistanın və keçmiş separatçı rejimin rəhbərlərinin müharibə cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq imkanları əldə edib. Ağır cinayətlərdə təqsirli bilinən erməni əsilli şəxslərin məhkəmə qarşısına çıxarılmaları göstərir ki, ölkə rəhbərliyi etnik-milli zəmində azərbaycanlılara qarşı vandalizm aktlarına yol vermiş şəxslərin qanun qarşısında cavab vermələrini vacib sayır və hüququn aliliyini təmin edir.
Rəsmi İrəvan 30 il müddətində formalaşdırdığı və himayə etdiyi qanunsuz rejimə rəhbərlik edən şəxslərin müdafiəsi ilə, əslində, onların müharibə cinayətlərinə bəraət qazandırmaq yolu tutur. Bu, həm də paraflanmış Yekun Sülh Sazişi layihəsinin mahiyyəti ilə ziddiyyət təşkil edir. Belə ki, sənəddə yer alan müddəalardan biri də tərəflərin qarşılıqlı şəkildə iddialardan əl çəkmələridir.
Ermənistan rəsmilərinin mərkli məqsədi, bu istiqamətdə aparılan saxta kampaniya həm də saxlanılan şəxslərin guya “qeyri-hüquqi davranışlara nəruz qalmaları” barədə əsassız fikir formalaşdırmağa xidmət edir. Halbuki, açıq məhkəmə prosesi zamanı hərbi cinayətlərdə təqsirləndirilən şəxslər – Araik Harutyunyan, Davit Babayan və digərləri hər hansı təzyiqə, xoş olmayan rəftara məruz qalmadıqlarını, təcridxanada onlara qanun çərçivəsində normal şəraitin yaradıldığını etiraf ediblər.
Ümumiyyətlə, Ermənistan tərəfinin “hərbi əsir” kimi həssas mövzu ilə manipulyasiya etməsinin hüquqi-siyasi əsası yoxdur. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra 200-dək hərbi əsiri qarşı tərəfə təhvil verib. Konkret hərbi cinayətlərdə ittiham edilən keçmiş separatçı rejimin təmsilçilərinin “hərbi əsir” kimi təqdimatı cəhdləri isə reallığın təhrif edilməsidir. Onların barələrindəki ittiham aktlarında yer alan faktlar – şahid ifadələri, digər sübutlar və müharibə cinayətlərini təsdiqləyən materiallar separatçıların məsuliyyətə cəlb olunmasının tam hüquqi əsaslara söykəndiyini deməyə əsas verir. Azərbaycan tərəfi cinayət işinin müxtəlif epizodları üzrə araşdırmaların davam etdirilməsi üçün Ermənistana rəsmi əməkdaşlıq təklif etsə də, qarşı tərəfin bu prosesə qoşulmaqdan yayınması səsləndirilən iddiaların siyasi motivli olduğunu daha aydın göstərir.
Belə görünür ki, İrəvan qarşıdakı parlament seçkiləri ərəfəsində qondarma rejimin qalıqlarını müdafiə etməklə, daxildəki narazılıqları aradan qaldırmağa çalışır. Digər tərəfdən, davam edən məhkəmə proseslərinin gedişi Ermənistanın hərbi-siyasi rəhbərlərinin İkinci Qarabağ müharibəsi zamanı və sonrakı dövrdə verdikləri qeyri-qanuni əmrləri, mülki infrastruktura qarşı raket hücumları kimi ağır cinayətləri üzə çıxarır. Bundan narahat olan rəsmi İrəvan isə separatçıları “hərbi əsir” kimi təqdimatına, onların məsələsini danışıqlar predmetinə çevirməyə uğursuz chdlər edir.
Onu da vurğulamaq lazımdır ki, 8 avqust tarixdə Vaşinqtonda imzalanan rəsmi sənədlərin heç birində “hərbi əsir”lərin müzakirəsinə dair müddəa yoxdur. Rəsmi İrəvanın bunu ABŞ-nin vasitəçiliyi ilə aparılmış danışıqların mahiyyətində yer alan, “müzakirəsi aparılan” məsələ kimi təqdim etməsi yolverilməz məqamdır. Bu cür destruktiv davranışların davam etdirilməsi, “hərbi əsir” mövzusu ilə çaşqınlıq yaratmaq cəhdləri Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin ruhuna ziddir. Həmin sənəddə revanşist və əsassız iddialara yol verilməyəcəyi ilə bağlı konkret bənd öz əksini tapıb. Ermənistan rəhbərliyinin bu və digər öhdəlikdən yayınmaq cəhdləri isə sülh quruculuğu prosesinə ciddi problem yarada bilər.
MTM Analitik Qrup
