ŞUŞA BEYNƏLXALQ ANALİTİK DİALOQUN MƏRKƏZLƏRİNDƏN BİRİNƏ ÇEVRİLİR

Şuşada keçirilən Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin birinci forumu təkcə iki ölkə arasında elmi-analitik əməkdaşlığın yeni mərhələsinin başlanğıcı deyil, həm də Cənubi Qafqazda formalaşan geosiyasi reallıqlar fonunda strateji sinxronluğun nümayişidir. Forum regionda təhlükəsizliyin, iqtisadi inteqrasiyanın və qərarverici proseslərin intellektual əsaslarının gücləndirilməsi baxımından mühüm platforma kimi meydana çıxır. Bu tədbirin məhz Şuşada – Azərbaycanın siyasi və mədəni suverenliyinin rəmzinə çevrilmiş şəhərdə keçirilməsi isə siyasi simvolizm baxımından xüsusi dəyərə malikdir. Çünki Şuşa həm Qarabağ müharibəsindən sonrakı reallıqların mərkəzində dayanır, həm də Azərbaycan-Türkiyə müttəfiqliyinin rəsmiləşdiyi şəhərdir.

Forum Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən təşkil olunub. Açılış nitqlərində BMTM sədri Fərid Şəfiyev və SAM rəhbəri Polat Safi iki ölkə beyin mərkəzləri arasında institusional tərəfdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Bunlar təsadüfi deyil. Belə ki, son illərdə regionda yaranmış yeni geosiyasi düzən, xüsusilə Qafqazda güc balansının dəyişməsi, Azərbaycanın enerji və nəqliyyat qovşağına çevrilməsi, Türkiyənin regional və qlobal güc statusunun möhkəmlənməsi, Rusiya-Qərb qarşıdurmasının Cənubi Qafqaza təsirləri, bütün bunlar iki ölkənin həm siyasi, həm də analitik səviyyədə koordinasiyasının zəruriliyini artırır. Bu baxımdan Şuşa Forumu yalnız akademik görüş deyil, iki ölkənin strateji düşüncə sistemini birləşdirən platforma kimi görünür.

Forum çərçivəsində keçirilən üç panel müzakirəsi Azərbaycan-Türkiyə münasibətlərinin strateji istiqamətlərini müəyyənləşdirən dörd əsas sahəni xarici siyasət və təhlükəsizlik,  iqtisadi əməkdaşlıq və ticarət inteqrasiyası, nəqliyyat-kommunikasiya dəhlizləri, regional inteqrasiya mexanizmlərini əhatə edir. Birinci sessiyanın “Azərbaycan və Türkiyənin xarici siyasətində əsas trendlər və əməkdaşlıq imkanları” mövzusuna həsr olunması iki ölkənin geosiyasi koordinasiya mərkəzinin məhz təhlükəsizlik və diplomatiya sahələrində cəmləndiyini göstərir. Panel sessiyada SETA, ORSAM, İRAM, ANKASAM kimi regionun nüfuzlu tədqiqat qurumlarının rəhbərlərinin iştirakı müzakirələrin elmi nüfuzunu daha da artırır. Ekspertlərin diqqəti əsasən post-müharibə dövründə Cənubi Qafqazda güc balansının yenidən formalaşmasına, Azərbaycan-Türkiyə müttəfiqliyinin regional təhlükəsizlik sistemində roluna, Azərbaycan-Türkiyə-Mərkəzi Asiya xəttində inteqrasiya zəncirinin gələcəyinə, İran, Rusiya və Qərbin bölgədəki siyasətlərinin iki ölkənin xarici siyasətinə təsirlərinə, enerji və nəqliyyat dəhlizlərinin geosiyasi əhəmiyyətinə  yönəlib. Bu müzakirələr iki ölkə arasında analitik sinxronluğun daha da dərinləşdiyini göstərir.

Forumda səsləndirilən çıxışlarda ortaq mesaj aydın şəkildə görünür: Azərbaycan-Türkiyə müttəfiqliyi artıq yalnız siyasi və hərbi müstəvidə deyil, analitik-institusional səviyyədə də sistemləşdirilir. Bu, bir neçə səbəbə görə əhəmiyyətlidir. Birincisi, yeni təhlükəsizlik reallıqlarıdır. Belə ki, 2020-ci ildən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyət xarici siyasətdə daha çevik qərarların qəbulunu tələb edir. Beyin mərkəzləri isə bu qərarların analitik bazasını təmin edir. İkincisi, regionda informasiya müharibəsinin genişlənməsidir. Azərbaycan və Türkiyə regional informasiya məkanında dəfələrlə koordinasiya edilməmiş təbliğat hücumlarının hədəfi olublar. Ortaq araşdırma platformaları qarşı narrativlərin yaradılmasını təmin eder. Üçüncüsü, nəqliyyat və enerji qovşaqlarında rəqabətdir ki, Orta Dəhliz, TANAP, TAP, Bakı-Tbilisi-Qars xətti kimi layihələr geoiqtisadi rəqabəti artırır.

Forumun məhz Şuşada keçirilməsi Azərbaycan-Türkiyə tərəfdaşlığının daha da gücləndiyini göstərir. Forumdan çıxan nəticələr oan dəlalət edir ki, Ankara-Bakı xətti Cənubi Qafqazın gələcək siyasi arxitekturasını müəyyənləşdirən əsas gücdür. İki ölkə yalnız hərbi müttəfiq deyil, həm də analitik-siyasi ekosistem yaradan strateji tərəfdaşlardır. Bu mesaj xüsusilə Ermənistan və digər aktorlar üçün ciddi siqnaldır. Digər tərəfdən bu forum ölkələrimiz arasında strateji koordinasiyanı dərinləşdirir, regional siyasətdə analitik çərçivəni gücləndirir, Cənubi Qafqazda yeni geosiyasi düşüncə modelinin formalaşmasına təkan verir, Şuşanı beynəlxalq analitik dialoqun mərkəzlərindən birinə çevirir. Bu forumun davamlı şəkildə keçirilməsi Azərbaycan-Türkiyə münasibətlərinin intellektual və strateji sütunlarının daha da güclənməsini təmin edəcək.

MTM Analitik Qrup