
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, “3+3” regional əməkdaşlıq platformasının növbəti xarici işlər nazirləri toplantısının Azərbaycanda və ya Ermənistanda keçirilməsi gözlənilir. Bu bəyanat zahirən texniki detal təsiri bağışlasa da, əslində regiondakı mövcud güc balansı, Moskvanın yeni diplomatik manevrləri və Bakı-İrəvan münasibətlərinin gələcək trayektoriyası ilə sıx bağlıdır.
Qeyd edək ki, “3+3” platforması Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya, İran, Türkiyə kimi regional gücləri bir dialoq masasına toplayan nadir mexanizmlərdən biridir. Gürcüstan formatda siyasi səbəblərə görə iştirak etmir, lakin mexanizmin özü Moskvanın və Ankaranın bölgədə “regional məsuliyyət” konseptini qabartmaq cəhdinin bir parçasıdır. Bu platformanın məqsədi rəsmi mətnlərdə iqtisadi əməkdaşlıq, kommunikasiyaların açılması və təhlükəsizlik müzakirələri kimi göstərilsə də, faktiki olaraq burada regionun strateji gələcəyi ilə bağlı böyük güclər arasında koordinasiya aparılır. Belə bir masada toplantının hansı ölkədə keçirilməsi də simvolik məna kəsb edir. Zaxarovanın bəyanatının mahiyyəti məlum “təşviqedici neytrallıq”dır. Rusiya tərəflərə kənardan basqı etmədiyini, Bakı və İrəvanın “öz aralarında razılaşmasını” dəstəklədiyini bildirir. Lakin bu, böyük ölçüdə diplomatik ədəb-ərkanın tələbidir, gerçək geosiyasi mənzərə daha mürəkkəbdir.
2020-ci ildə baş verən ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan regionda öz mövqeyini gücləndirib, yeni reallıq yaradıb. “3+3” görüşünün Bakıda təşkil olunması bu reallığı siyasi səviyyədə təsdiqləyən addım olar. Digər tərəfdən Türkiyə və Rusiya Bakının regionda sabitliyə yönəlik təşəbbüslərini müsbət qiymətləndirir. Zəngəzur dəhlizi, tranzit marşrutlar və enerji xəritəsi bu formatın əsas müzakirə obyektlərindəndir. İrəvan seçimi isə fərqli siyasi mesaj verir. Belə ki, Paşinyan Qərbə inteqrasiya xəttinin fonunda balans axtarır. Ermənistan son aylarda Qərb institutlarına meyli artırsa da, regional formatlarda iştirakı Moskva və Tehranla dialoqu qorumaq üçün vacib hesab edir. Bununla yanaşı, Rusiya Ermənistan münasibətlərinin bərpası, tərəflər arasında gərginliyin qismən yumşaldılması Moskvanın da marağındadır. Toplantının İrəvanda təşkili İrəvanın hələ də regional masanın üzvü olduğuna sübut kimi istifadə edilə bilər. Bu seçim həm də Paşinyanın daxili auditoriyaya “Rusiyanı tam itirməmişik” mesajı verməsi baxımından əhəmiyyətlidir.
Zaxarovanın vurğuladığı əsas məqam “paket razılaşma”dır, yəni bu il hansı ölkə keçirəcəksə, növbəti il digər ölkə keçirəcək. Bu, bir növ balanslaşdırıcı mexanizmdir və Moskvanın vasitəçiliyi ilə işlədiyi hiss olunur. Rusiya burada üç məqsədə çatmağa çalışır. Birincisi, Bakı-İrəvan əlaqə kanallarını açıq saxlamaqdır. Nə qədər sərt bəyanatlar səslənsə də, Moskva bilir ki, regionda sabitlik yalnız tərəflərin bir-biri ilə danışması ilə mümkündür. İkincisi, Qərbin regiondan sıxışdırılmasıdır ki, ABŞ və Avropa İttifaqının Ermənistanla yaxınlaşdığı bir dönəmdə Rusiya regional formatları dirçəltməklə Qərbin buraya kənardan təsir imkanını minimal səviyyədə saxlamağa çalışır. Üçüncüsü, Türkiyə ilə sinxronlaşmadır. Ankara ilə Moskva son illərdə Cənubi Qafqazda rəqabət-əməkdaşlıq modelini davam etdirir. “3+3” bu modelin real təzahürüdür.
Bütün hallarda platformada aktivlik Azərbaycanın regionda geoiqtisadi mərkəz rolunu möhkəmləndirir. Bakı üçün əsas hədəf sülh müqaviləsinə aparan yolun texniki detalları üçün paralel kanallar açmaq, iqtisadi kommunikasiyaları öz nəzarəti daxilində formalaşdırmaqdır. İrəvan isə dilemma içindədir. O, bir tərəfdən, Qərbə inteqrasiya edir, digər tərəfdən, regiondakı əsas aktorlarla – Türkiyə, Rusiya, Azərbaycan, İranla körpüləri tam yandırmaq istəmir. “3+3” formatında ev sahibliyi etməsi onun üçün həm risk, həm də məcburi balans aktıdır. Bununla belə, “3+3” formatının gələcək toplantısının hansı ölkədə keçirilməsi Cənubi Qafqazın geosiyasi arxitekturasında kiçik, amma simvolik nöqtədir. Bu seçim təkcə diplomatik mərasim quruluşu deyil, həm də regionda yeni güc tarazlığının formalaşmasında mühüm mesaj daşıyır. Moskva vasitəçi kimi görünür, amma əslində formatdan istifadə edərək bölgədəki təsirini konsolidasiya etməyə çalışır. Bakı isə yeni statusunu möhkəmləndirməyin, İrəvan isə həyati əhəmiyyətli balansı qorumağın yollarını axtarır.
MTM Analitik Qrup
