
İllərdir davam edən Rusiya-Ukrayna müharibəsi qlobal təhlükəsizlik sisteminin əsas sütunlarını sarsıdıb, Avropa təhlükəsizlik arxitekturasını yenidən aktuallaşdırıb və dünya iqtisadiyyatında sarsıntılar yaradıb. Amerika Prezidenti Donald Trampın təklif etdiyi 28 maddəlik sülh memorandumu isə yalnız iki ölkə arasındakı qarşıdurmanın deyil, beynəlxalq münasibətlər sisteminin gələcəyinin necə formalaşacağına dair mühüm sualları gündəmə gətirib. Bu sənəd hərbi eskalasiyanı dayandırmağı, dünyanın aparıcı güclərinin maraqlarının toqquşduğu Ukrayna böhranı üçün yeni təhlükəsizlik modelini formalaşdırmağa iddialıdır. Sənədə əsasən Ukraynanın gələcəkdə hərbi əməliyyatlara başlamaqdan imtina edəcəyi barədə öhdəlik götürməsi, bir tərəfdən, sülhün möhkəmləndirilməsi kimi görünürsə, digər tərəfdən, ölkənin suveren hərbi qərarvermə imkanlarını məhdudlaşdırır. Bu maddə Rusiya üçün strateji zəmanət, Qərb üçün isə Ukraynanın müdafiə qabiliyyətinin zəifləməsi kimi dəyərləndirilə bilər. Bu maddə həmçinin Ukraynanın NATO-ya inteqrasiyasının faktiki olaraq dondurulması anlamına gəlir.
Sənədin ən geniş geosiyasi çəkisi olan müddəası ABŞ-Rusiya nüvə razılaşmaları və START-1-in uzadılması ilə bağlıdır. Yəni ABŞ və Rusiya arasında nüvə sazişlərinin bərpası qlobal silah nəzarətinin yenidən dirçəldilməsi deməkdir. Çünki START-1-in uzadılması strateji sabitliyi gücləndirər, soyuq müharibə sonrası itirilmiş balansın bir hissəsini bərpa edər, Pekin və digər nüvə güclərinə qarşı Vaşinqton və Moskvanı müəyyən mənada ortaq mövqedə birləşdirər. Bu isə Ukrayna böhranının artıq yalnız regional deyil, böyük güclərin maraqlarının yeni konfiqurasiyası ilə həll edilməyə çalışıldığını göstərir.
1994-cü il Budapeşt Memorandumunun uğursuzluğu Ukraynanın təhlükəsizlik təminatına inamını sarsıtmışdı. Bu sənəddə yenidən nüvəsiz statusun qəbul edilməsi Rusiya üçün böyük diplomatik qələbə, Qərb üçün riskli, lakin gərginliyi azaltmağa yönəlmiş addım, Ukrayna üçün isə ciddi təhlükəsizlik boşluğunun yaradılması deməkdir. Nüvə silahından imtina edərkən səmərəli və real zəmanətlərin yaradılması böyük sual altındadır. Digər tərəfdən Zaporojye AES-in BAEA nəzarətinə verilməsi həm texniki təhlükəsizliyi, həm də tərəflərin qarşılıqlı enerji maraqlarını qoruyur. Enerjinin Rusiya ilə Ukrayna arasında bərabər bölünməsi isə enerji balansına stabillik gətirə, tərəflər arasında iqtisadi qarşılıqlı asılılıq yaradaraq sülhün möhkəmlənməsinə təsir edə bilər. Lakin Rusiyanın regionda faktiki hərbi nəzarəti davam etdirdiyi bir şəraitdə bu modelin icrası bir qədər çətin görünür.
Sənədin ən mübahisəli və regionun gələcəyinə ən ciddi təsir edən hissəsi ərazi məsələləri ilə bağlıdır. Orada göstərilir ki, Krım, Luqansk və Donetsk de-fakto Rusiya ərazisi kimi tanınır, Xerson və Zaporojye təmas xətti üzrə “dondurulmuş zonaya” çevrilir, Ukrayna Donetskin bir hissəsini boşaldır və bu zona neytral-dəmilitarizasiya edilmiş ərazi olur, Rusiya qüvvələri bu zonaya daxil olmur. Bu model öz mahiyyətinə görə “Koreya variantını” xatırladır. Ukrayna üçün bu maddələr böyük ərazi itkisi, Rusiya üçün isə qismən legitimlik qazanmış işğal deməkdir. Ukrayna cəmiyyətində bu kimi razılaşmanın ciddi daxili-siyasi fəsadları qaçılmazdır. Eyni zamanda Qərb ölkələrinin bu maddələri tanıyacağı sual altındadır. Çünki bu, beynəlxalq hüququn uzun illər formalaşmış prinsipinə – ərazi bütövlüyünün toxunulmazlığına ziddir.
Taxıl dəhlizinin açılması ilə bağlı maddələr qlobal ərzaq bazarı üçün mühüm rol oynayır. Bu dəhlizin bərpası BMT, Afrika və Yaxın Şərq ölkələri tərəfindən müsbət qarşılanar. Dnepr çayının kommersiya istifadəsinə icazə verilməsi isə Ukraynanın logistik imkanlarını genişləndirər. Humanitar komitənin yaradılması, əsir mübadiləsi və girovların geri qaytarılmasını ehtiva edən bəndlər sənədin ən real və praktik şəkildə həyata keçirilməsi mümkün maddələridir. Nəzərə almaq lazımdır ki, qarşılıqlı etimadı artıran humanitar addımlar sülh prosesinin sabit fundamentini yaradır. Xüsusilə ailələrin birləşdirilməsi və uşaqların geri qaytarılması beynəlxalq ictimaiyyət üçün də prioritetdir.
Ukraynada 100 gün ərzində seçkilərin keçirilməsi ilə bağlı maddə ciddi daxili siyasi prosesləri işə salacaq. Çox güman ki, Zelenski administrasiyası təzyiq altında qalacaq, Rusiya üçün legitim danışıqlar tərəfi formalaşdırmağa cəhdlər ediləcək. Çünki müharibə şəraitində demokratik seçkilərin keçirilməsi texniki və hüquqi baxımdan son dərəcə çətindir. Daha bir mübahisəli məqam tam amnistiya və hüquqi iddiaların dayandırılmasıdır. Bu bənd məhkəmə prosesi tələb edən ağır hərbi cinayətlər, qəsdən mülki hədəflərin vurulması, zorla deportasiya və digər beynəlxalq hüquq pozuntularının üstündən xətt çəkir. Sənədin beynəlxalq təminatı üçün yaradılan sülh şurasına birbaşa Prezident Trampın rəhbərlik etməsi ABŞ-ın danışıqlardakı dominant rolunu təsdiqləyir. Bu model ABŞ-ı təminatçı, arbitraj edən tərəf, sanksiya mexanizminə nəzarət edən əsas aktor kimi təqdim edir. Bu isə Avropa İttifaqı, BMT və NATO-nun prosesdən kənarda qalması anlamına gəlir. Lakin sənəddəki bəzi maddələr, xüsusilə ərazi tanınması və amnistiya ilə bağlı bəndlər Ukrayna üçün qəbulolunmazdır və Avropa tərəfindən dəstəklənməsi çətin görünür. Bununla belə, sənədin enerji təhlükəsizliyi, humanitar mexanizmlər, taxıl dəhlizləri və nüvə sazişləri ilə bağlı maddələri beynəlxalq tərəflərin maraqlarına uyğun gəlir və kompromis üçün baza yarada bilər.
