MİLLİ MƏCLİS YAP-IN 33-CÜ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVANI TƏBRİK EDİB

Milli Məclis Yeni Azərbaycan Partiyasının yaradılmasımnın 33-cü ildönümü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında bildirib.

Sədr qeyd edib ki, 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin siyasi həyatının müstəsna əhəmiyyətli hadisələrindən biri olub: “Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin inkişafında, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında, milli birlik və həmrəylimizin gücləndirilməsində son dərəcə böyük rol oynayıb”.

Spikerin sözlərinə görə, son 22 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi ictimai-siyasi proseslərin hərəkətverici qüvvəsinə çevrilib.

“Bildiyiniz kimi, Milli Məclisə seçilmiş deputatların böyük əksəriyyəti də Yeni Azərbaycan Partiyasının üzvləridir. Və bu, partiyanın cəmiyyətdə və xalq arasında nə qədər böyük nüfuza malik olduğunu göstərir.

Yeni Azərbaycan Partiyası nəinki ölkəmizin, həm də Cənubi Qafqazın ən güclü siyasi təşkilatıdır.

Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyi münasibəti ilə mən partiyamızın sədri, Prezident İlham Əliyevi, partiya sədrinin birinci müavini Mehriban xanım Əliyevanı, partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm, xalqa və dövlətə xidmət yolunda onlara yeni uğurlar arzulayıram”, – S. Qafarova fikrini tamamlayıb..