AZƏRBAYCAN-TÜRKMƏNİSTAN MÜNASİBƏTLƏRİ STRATEJİ TƏRƏFDAŞLIQ SƏVİYYƏSİNƏ YÜKSƏLİR

Ölkəmizin Şərqlə Qərb arasında etibarlı tranzit qovşağı rolunu gücləndirmək səyləri Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin intensivləşməsini zəruri edir. Bu kontekstdə Türkmənistanla münasibətlər xüsusilə əhəmiyyət edir. Əlaqələrin bütün sahələrdə dinamik inkişafı hər iki ölkənin yeni geosiyasi çağırışları düzgün dəyələndirərək, praqmatik siyasi xətt seçdiyini göstərir.

Dövlət rəhbərlərinin qarşılıqlı səfərləri və aparılan müzakirələr münasibətlərin inkişafı üçün yol xəritəsi rolunu oynayır. Bu səfərlər hər dəfə konkret razılaşmalarla müşayiət olunaraq, mövzud əməkdaşlığın çərçivəsini genişləndirir. Türkmənistan Xalq Məclisinin sərdi Qurbanqulu Berdiməhəmmədovun Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə “Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında” qərarın yekdilliklə qəbulu münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bununla bağlı deyilir: “Qəti əminəm ki, qəbul edilən qərar tamamilə qanunauyğundur, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın tarixi inkişaf yolunu, onların zəruri ehtiyaclarını və həqiqi maraqlarını obyektiv şəkildə əks etdirir. Əsrlər boyu xalqlarımızı coğrafi qonşuluq, ortaq sivilizasiya kökləri, mədəniyyət, adət-ənənə və mənəvi dəyərlərin yaxınlığı birləşdirib. Bununla da müstəqillik şəraitində qarşılıqlı münasibətlərin nadir arxetipik nümunəsi yaradılıb və bu gün o, hazırkı və gələcək kontinental proseslərin inkişafında – siyasətdə, iqtisadiyyatda, sosial məsələlərdə və humanitar sahələrdə güclü amildir”.

Bu ilin iyul və oktyabr aylarında Türkmənistan Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərləri, o cümlədən azad olunmuş ərazilərə getməsi ikitərəfli münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəldib. Türkmənistan liderinin iyul ayında aparılan quruculuq işləri ilə yerində tanış olması, eləcə də ötən ay Qəbələdə keçirilən Türkdilli Dövlətlər Təşkilatının Zirvə Görüşü çərçivəsində Füzulidə dost ölkənin dövlət büdcəsi hesabına tikiləcək məscidin onlayn formatda təməlinin qoyulması mühüm siyasi və mənəvi çalarlara malik hadisə kimi tarixiləşib. Bu təşəbbüs türk və islam dünyasının ortaq dəyərlərinə hörmətin, azad olunmuş torpaqlarımızın bərpası prosesinə verilən dəstəyin əyani təzahürüdür.

Hazırda enerji və nəqliyyat sektorları iki ölkə arasında əməkdaşlığın vacib istiqamətlərindən birinə çevrilib. 2018-ci ilin avqust ayında Xəzər dənizinin hüquqi statusuna dair imzalanmış tarixi Konvensiya ölkələrimiz arasında əməkdaşlıq imkanlarını genişləndirib. 2021-ci ilin yanvar ayında Aşqabadda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” iki ölkə arasında münasibətlərdəki ziddiyyət və anlaşılmazlıqları aradan qaldırıb. Bununla da “Kəpəz” yatağının hansı ölkəyə məxsus olması ilə əlaqədar uzun illər davam edən mübahisə və soyuqluğa son qoyulub. “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı əldə olunan razılaşma həm iqtisadi, həm də siyasi baxımdan ikitərəfli etimadın mühüm göstəricisinə çevrilib.

Nəqliyyat-logistika sahəsində əməkdaşlıq bu gün ölkələrimiz üçün prioritet məsələ olaraq qalır. Transxəzər marşrutunun genişlənməsi, Bakı-Türkmənbaşı xətti üzrə konteyner daşımalarının artması, Lapis-Lazuli dəhlizinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmiryolunun yükdaşıma imkanlarının artırılması, Zəngəzur Dəhlizinin reallaşdırılması Azərbaycan və Türkmənistanı mühüm nəqliyyat qovşaqlarına çevirir.

Ümumiyyətlə, Azərbaycan və Mərkəzi Asiya hazırda Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici körpü rolunu oynayır. Orta Dəhlizin inkişafı bu baxımdan ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması beynəlxalq bazarlarda əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır. Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb, dəhliz boyu gediş vaxtları xeyli azaldılıb. Xəzər üzərindən gedən marşrutlar Türkmənistanın mallarının Türkiyə və Avropaya çatdırılması üçün də real imkanlar yaradır və ölkənin tranzit potensialının artmasına xidmət edir.

Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədovun Prezident İlham Əliyevə ünvanladığı məktubda Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşlərinə qoşulmasının regional koordinasiya üçün yeni imkanlar açacağı xüsusi vurğulanır. Bu qərar Azərbaycanın bölgədə geosiyasi çəkisini artırmaqla yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji inteqrasiyaya ciddi töhfə verir. Eyni zamanda, həm Azərbaycanın, həm də Mərkəzi Asiya dövlətlərinin qlobal proseslərdə vahid mövqedən çıxış etmələrinə şərait yaradır.

İkitərəfli iqtisadi əməkdaşlıq da dinamik inkişaf edir. 2024-cü ildə ticarət dövriyyəsinin 383 milyon dolları keçməsi tərəflərin iqtisadi potensialdan daha səmərəli istifadəyə meyilli olduqlarını göstərir. Bundan əlavə, Azərbaycan Türk Dövlətləri Təşkilatının fəal üzvü kimi Türkmənistanın quruma tamhüquqlu üzvlüyündə maraqlıdır.

Qeyd edilənlər deməyə əsas verir ki, Azərbaycan-Türkmənistan münasibətləri bu gün təkcə ortaq tarixə və mədəniyyətə söykənən dostluq deyil, həm də yeni geosiyasi konfiqurasiyanın formalaşmasına yönəlmiş strateji tərəfdaşlıqdır.  

MTM Analitik Qrup