
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Ağdam şəhəri günüdür
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən, Ağdam rayonu hərbi əməliyyatlar aparılmadan və itki verilmədən 2020-ci il noyabrın 20-də geri qaytarılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.
2. Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi və Azərbaycan xalqını Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında qərarın yekdilliklə qəbul edilməsi münasibətilə təbrik edib. O, bunu tarixi hadisə adalandırıb və bildirib ki, bu hadisə Mərkəzi Asiya və Azərbaycanın vahid geosiyasi və geoiqtisadi məkana çevrilməsini təcəssüm etdirir.
3. Azərbaycan Tramp marşrutunu dəstəkləyir
Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerlə görüşündə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üzrə işlərin sürətləndirilməsində maraqlı olduğumuzu diqqətə çatdırıb.
4. Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana gələcək
İlin sonuna qədər Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycana səfəri planlaşdırılır. Məqsəd sülh quruculuğu prosesində xalqlar arasında etimad mühitini formalaşdırmaqdır.
5. Zelenski mövqeyini bəyan edib
Ukrayna Prezidenti Volodomir Zelenski bildirib ki, ölkəsi anlamlı formatlarda sülhün bərqərar olması üçün işləməyə hazırdır. Müharibəyə son qoymağa yalnız ABŞ Prezidenti Donald Trampın gücü çatır.
