
Mərkəzi Asiya regionu ilə Azərbaycan arasında əsrlər boyu mədəniyyət, dil, din yaxınlığı və ticarət bağları üzərində formalaşan əlaqələr son illərdə daha da dərinləşib, genişmiqyaslı əməkdaşlığa çevrilib. Qlobal miqyasda artan rəqabət, nəqliyyat marşrutlarının əhəmiyyəti, enerji təhlükəsizliyi məsələsinin aktuallığı, iqtisadi tərəfdaşlıq və siyasi sabitlik kimi amillər dövlətlərimizi biri-birinə daha sıx şəkildə bağlayır.
Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında qəbul edilən qərar münasibətləri yeni mərhələyə daşıyan mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu addım region daxilində həmrəyliyin gücləndirilməsi və Avrasiyada yeni əməkdaşlıq xəritəsinin formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin quruma üzvlüyü iki srtateji əhəmiyyətli region arasında əməkdaşlıq imkanlarını genişləndirir və qlobal miqyasda sülhün, inkişafın və qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsinə yeni nəfəs gətirir. Azərbaycan uzun müddətdir ki, Mərkəzi Asiya ilə müxtəlif formatlarda əməkdaşlıq edir. Bu prosesin institusional çərçivəyə keçməsi isə tərəfdaşlığın daha ardıcıl və səmərəli idarə olunmasına imkan verir. Bu mənada, Daşkənd sammiti regional əlaqələrdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir.
Mərkəzi Asiya ölkələrinin Məşvərət görüşləri regional əməkdaşlıq və qarşılıqlı etimadın gücləndirilməsi baxımından səmərəli mexanizmdir. Azərbaycan yeni statusu ilə bu dialoqda və qərarların qəbulunda iştirak edən, təşəbbüs irəli sürən, uzunmüddətli gündəliyin formalaşmasına təsir göstərən üzvə çevrilib. Bu, xüsusilə son illərdə regionda artan geosiyasi rəqabət fonunda mühüm üstünlükdür. Dünya güclərinin Avrasiya məkanına marağı dərinləşdikcə, bölgə yalnız energetika və ticarət marşrutları üçün deyil, həm də strateji təhlükəsizlik və kommunikasiya qovşağı kimi dəyər qazanır.
Azərbaycanın sözügedən quruma tamhüquqlu üzvlüyü onun həm Cənubi Qafqazda, həm də bütövlükdə Avrasiya coğrafiyasında artan nüfuzunun, etibarlı tərəfdaş imicinin göstəricisidir. Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında münasibətlər son illərdə qarşılıqlı səfərlər, müştərək iqtisadi layihələr, humanitar əməkdaşlıq və təhlükəsizlik sahəsində dialoqlar hesabına inkişaf edir. Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı bu əməkdaşlığı daha məqsədyönlü edəcək, region daxilində mühüm layihələrin reallaşdırılması üçün vahid yanaşmanın formalaşmasına imkan verəcək.
Daşkənddə keçirilən sammit zamanı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın bu formata verdiyi önəmin mahiyyətinə işıq salır. Dövlət başçısı qeyd edib: “Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb. Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirmişdir”.
Enerji sahəsində əməkdaşlıq perspektivləri xüsusilə diqqəti çəkir. Azərbaycanın dünyanın aparıcı enerji ixracatçılarından biri olması, Mərkəzi Asiya ölkələrinin isə zəngin enerji potensialı qeyd edilən format çərçivəsində enerji təhlükəsizliyinin koordinasiyalı şəkildə müzakirəsinə imkan yaradır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanı uzun illərdir ki, Avrasiyanın enerji təhlükəsizliyinin əsas oyunçularından birinə çevirib. Mərkəzi Asiya ölkələrinin enerji resurslarının qlobal bazarlara çıxışında Azərbaycanın tranzit rolunun əhəmiyyəti də xüsusilə vurğulanmalıdır. Bu, həm yeni boru kəmərləri və nəqliyyat marşrutlarının müzakirəsini, həm də alternativ enerji sahəsində əməkdaşlıq imkanlarını aktuallaşdırır.
Hazırda Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizi üzərindən “yaşıl enerji dəhlizi”nin yaradılması istiqamətində qlobal layihəni icra edilər. Xatırlatmaq yerinə düşər ki, ötən ilin noyabr ayında Bakıda təşkil olunmuş COP29 konfransı TDT ölkələri arasında yaşıl enerji əməkdaşlığına ciddi təkan verib. Azərbaycan, Qazaxıstan və Özbəkistanın dövlət başçılarının tədbir çərçivəsində imzaladıqları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” təşkilata üzv üç ölkənin əməkdaşlığında yeni səhifə açıb.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq imkanları da genişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməklə, Mərkəzi Asiya üçün etibarlı tranzit məkanıdır. Zəngəzur dəhlizinin açılması perspektivi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, TRASECA layihəsi mövcud əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar açır.
Təhlükəsizlik baxımından Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ortaq yanaşmaların mövcudluğu əməkdaşlığın daha dərin müstəviyə keçidi üçün mühüm əsas yaradır. Terrorizmə, dini radikalizmə, kiberhücumlara, transsərhəd cinayətkarlığa, informasiya müharibələrinə qarşı kollektiv mexanizmlərin hazırlanması xüsusi aktuallıq kəsb edir. Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi hərbi-siyasi təcrübə, formalaşdırdığı güclü Ordu və müdafiə sənayesi Mərkəzi Asiya ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlığa imkan verir.
Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşünə tamhüquqlu üzv olması çoxşaxəli və uzunmüddətli əməkdaşlığa qapı açır. Bu qərar ölkəmizin regionda oynadığı rolu daha da gücləndirir, gələcəkdə strateji təşəbbüslərin formalaşdırılmasına imkan yaradır. Qurum çərçivəsində əməkdaşlıq xalqlarımızın rifahına xidmət etməklə yanaşı, qarşıdakı illərdə Avrasiya məkanında daha möhkəm birlik və etimad mühiti yaradacaq.
MTM Analitik Qrup
