
Beynəlxalq münasibətlərin sülh və sabitlik əsasında davam etməsi üçün zəruri olan institutlar funksiyasını yerinə yetriən səfirliklərin, eləcə də digər diplomatik nümayəndəliklərin təhlükəsiz şəraitdə fəaliyyət göstərməsi 1961-ci ildə qəbul olunan “Diplomatik Əlaqələr haqqında” Vyana Konvensiyasına qoşulan bütün ölkələrin hüquqi öhdəliyidir. Ancaq təəssüf ki, dünyada savaşların, toqquşmaların artdığı bir şəraitdə diplomatik korpusların üzləşdiyi təhdidlər də artır. Sözügedən kontekstdə Rusiya və Ukrayna arasındakı savaşda ən çox təhdidlə üzləşənlərdən biri elə diplomatik korpuslardır. Bu hal öz növbəsində beynəlxalq hüququn birbaşa pozulmasıdır.
Məsələ burasındadır ki, səfirliklərə, digər diplomatik nümayəndəliklərin qarşı istənilən hücum, onların işinə müdaxilə və ya təhlükəsizliyinin pozulması beynəlxalq hüquq normaları ilə ciddi şəkildə qadağan olunub. Bu qadağanın hüquqi əsası ilk növbədə yuxarıda adı çəkilən “Diplomatik Əlaqələr haqqında” Vyana Konvensiyası, BMT Nizamnaməsi, habelə dövlətlərin ikitərəfli və çoxtərəfli öhdəliklərindən irəli gəlir. Vyana Konvensiyası diplomatik münasibətlərin hüquqi çərçivəsini müəyyən edən əsas beynəlxalq sənəddir. Konvensiyanın mərkəzi prinsiplərindən biri səfirlik binalarının toxunulmazlığı ilə bağlıdır.
Konvensiyanın 22-ci maddəsinə əsasən, diplomatik nümayəndəliyin binası toxunulmazdır. Hətta diplomatik nümayəndəliyin yerləşdiyi ölkənin təmsilçiləri belə nümayəndəliyin binasına icazəsiz daxil ola bilməz. Həmçinin nümayəndəliyin yerləşdiyi ölkə fəaliyyət üçün ayrılan ərazini hər cür təcavüzdən və zədələnmədən qorunması üçün bütün lazımi tədbirləri görməyə borcludur. Bu müddəa yalnız qəbul edən dövlətin rəsmi orqanlarının deyil, həm də üçüncü tərəflərin mümkün hücum və ya müdaxilə cəhdlərinin qarşısını almaq öhdəliyini nəzərdə tutur. Bu baxımdan Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycanın buradakı səfirliyinin binasına zərər dəyməsi faktiki olaraq, rəsmi Moskva tərəfindən beynəlxalq hüququn, müvafiq öhdəliklərin pozulmasıdır. Azərbaycan bunu ən yüksək səviyyədə pisləyib. Sözügedən məsələ Ukrayna dövlət başçısı Volodimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi zamanı aparılan müzakirələr fonunda xüsusi diqqət mərkəzində yer alıb.
Volodimir Zelenski Rusiyanın raket zərbəsi nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını qınayıb və bu hadisə ilə bağlı ciddi narahatlığını bildirib. Öz növbəsində Prezident İlham Əliyev ölkəmizin Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib və bununla əlaqədar ciddi narahatlığını ifadə edib, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndəliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb. Onu da qeyd etmək lazımdır ki, hadisə ilə bağlı Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirliyinin məlumatına əsasən, görüş zamanı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində “İsgəndər” tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və səfirə müvafiq nota təqdim edilib.
Bununla yanaşı, son partlayış nəticəsində səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu zərbənin insan tələfatına səbəb olmadığı qarşı tərəfə bildirilib. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu kimi raket hücumlarının əvvəllər də baş verdiyi xatırladılıb. Xüsusilə 2022-ci il martın 10-da Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun binasına aviazərbə nəticəsində inzibati binanın ciddi dağıntılara məruz qaldığı və xidməti avtomobilin yararsız hala düşdüyü qeyd edilib. Xarici İşlər Nazirliyi onu da xatırladıb ki, 2024-cü il yanvarın 2-də Rusiya tərəfindən “Kinjal” raketi ilə həyata keçirilən hava zərbəsi nəticəsində səfirliyin inzibati binasından təqribən 35 addım məsafədə diametri təxminən 3 metr olan krater yaranıb və yer səthindən 8 metr dərinlikdə detonasiya baş vermədiyi üçün partlamamış sursat aşkar edilib. 2025-ci il avqustun 28-də isə Azərbaycanın Ukraynadakı səfirliyinə təxminən 50 metr məsafədə endirilmiş hava zərbəsi nəticəsində səfirliyin inzibati binasının və konsulluq şöbəsinin, səfirin iqamətgahının zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan dəydiyi diqqətə çatdırılıb.
Eyni zamanda, 2025-ci il avqustun 8-18-də Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edildiyi, nəticədə işçilərin xəsarət aldığı, infrastruktura böyük zərər vurulduğu xatırlanıb. Bütün bu faktların raket hücumlarının məqsədli olması barədə suallar yaratdığı vurğulanıb. Eyni zamanda, bütün bu faktlara dair Rusiya tərəfinə əvvəllər rəsmi notalarla məlumat verildiyi, həmçinin Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatlarının hələ 2022-ci ilin aprelində Rusiya tərəfinə təqdim edildiyi, koordinatların Rusiya Müdafiə Nazirliyi tərəfindən nəzərə alınacağının bildirildiyi xatırlanıb. Görüşdə diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb edilib.
Burada bir daha xüsusi vurğulamaq lazım gəlir ki, Rusiya hərbi rəhbərliyi Ukraynaya hücum zamanı yüksəkdəqiqlikli silahlardan istifadə etdiyini bəyan edir. Bu halda Azərbaycan səfirliyinin, bundan əvvəl isə Ukraynada ölkəmizlə bağlı digər müəssisələrin hücuma məruz qalması ciddi suallar doğurur və məsələyə qarşı tərəfin aydınlıq gətirməsi zəruridir. Baş verənlər ötən ilin dekabrında AZAL-a məxsus təyyarəninin vurulmasından sonra yenicə normallaşmağa başlayan Azərbaycan-Rusiya münasibətlərinə də ciddi xələl gətirir. Həmçinin, bu hal BMT Nizamnaməsinin tələblərinin də pozulmasıdır.
Bəllidir ki, BMT Nizamnaməsi dövlətlər arasında münasibətlərin sülh və əməkdaşlıq prinsipləri əsasında qurulmasını nəzərdə tutur. Diplomatik nümayəndəliklərə hücumlar dövlət suverenliyinə, beynəlxalq nizamın əsas prinsiplərinə və dövlətlərarası münasibətlərə ciddi zərbə vurduğuna görə BMT sisteminin də qadağasına tabedir. Nizamnamənin 2-ci maddəsinə əsasən, dövlətlər bir-birinin suverenliyinə hörmət etməli, problemlər sülh yolu ilə həll olunmalı, güc tətbiqindən çəkinilməlidir. Səfirliklərə hücumlar dövlət suverenliyinin pozulması anlamına gəlir, çünki diplomatik nümayəndəlik müəyyən mənada göndərən dövlətin ərazisi hesab edilən statusa malikdir. Bu səbəbdən, belə hücumlar beynəlxalq təhlükəsizliyə də təhdid kimi qiymətləndirilir.
Bütün bunlar bir daha təsdiq edir ki, səfirliklərə hər hansı hücum beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və dövlətlərarası münasibətləri dərin şəkildə zədələyən aktdır. Qeyd edilənlər həm də onun ifadəsidir ki, səfirliklərə, diplomatik nümayəndəliklərə yönəlmiş hər hansı hücum təkcə hüquqi pozuntu deyil, həm də beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdiddir. Azərbaycan belə pozuntulara, təhdidlərə qarşıdır və qarşı tərəflərdən də məsələyə analoji yanaşma gözləyir.
MTM Analitik Qrup
