
Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı danışıqlar sənədlərini ilin sonuna qədər dərc etmək niyyəti Cənubi Qafqazda yeni siyasi dinamikanın başlanğıcı ola bilər. Paşinyan bu addımın səbəbini ATƏT-in Minsk qrupunun fəaliyyətinin faktiki olaraq dayandırılması ilə əlaqələndirib. Onun sözlərinə görə, bu qurumun buraxılması prosesi başa çatdıqdan sonra “sənədlərin dərcinə mane olan mənəvi və siyasi baryer aradan qalxır”. Bu bəyanat təkcə Ermənistan daxilində siyasi polemikanı artırmır, həm də regionda yeni geosiyasi mesajlar doğurur. Mövcud vəziyyət göstərir ki, İrəvan daxilində Paşinyan-Sarkisyan qarşıdurması daha da dərinləşir.
Paşinyan bildirib ki, Minsk qrupunun buraxılması ilə 1994-2020-ci illəri əhatə edən bütün danışıqlar paketi artıq funksional dəyərini itirib. Bu, bir neçə aspektdən mühümdür. Birincisi, artıq Qarabağ münaqişəsi bitib. 2020-ci il müharibəsi və 2023-cü il antiterror əməliyyatından sonra Ermənistan Qarabağ mövzusunu beynəlxalq gündəmdən geri çəkib. İkincisi, Paşinyan hökuməti Qərbə inteqrasiya xəttini gücləndirir və danışıqların köhnə mətnlərini ictimaiyyətə çıxarmaqla, həm Rusiyaya, həm də keçmiş hakimiyyətə qarşı siyasi mesaj verir. İndi hamını maraqlandıran əsas sual bundan ibarətdir ki, köhnə mətnlərdə hansı nüanslar var ki, Paşinyan həmin məqamlardan keçmiş xəyənətkar prezidentlərə qarşı istifadə etmək istəyir?
Paşinyanın bəhs etdiyi “danışıqlar sənədləri” əsasən 2016-2019-cu illəri əhatə edən paketdir. Ora Madrid prinsiplərinin yenilənmiş variantları, Kazan sənədi və onun modifikasiyaları, 2019-cu ildə Minsk qrupunun təklif etdiyi yeni çərçivə sənədi, Qarabağın hüquqi statusuna dair keçmiş hakimiyyətin variantları, torpaqların mərhələli qaytarılması mexanizmləri, həmçinin təhlükəsizlik zonası və keçid mərhələsi modelləri daxildir. Bu sənədlərin açıqlanması Ermənistan cəmiyyətində ciddi siyasi şok effekti yarada bilər, çünki həmin mətnlərin əksəriyyəti Ermənistan üçün güzəştlərə əsaslanırdı və ictimaiyyət bu güzəştlərin real miqyasını heç vaxt tam bilməyib.
Paşinyanın açıqlamasında “Serj Sarkisyanın başqa dövlət başçısına göndərdiyi məktubun da dərc ediləcəyi” fikri təsadüfi deyil. Bu, o deməkdir ki, Paşinyan keçmiş hakimiyyəti xalqdan gizlədilmiş diplomatik yazışmalar üzrə ittiham etməyə hazırlaşır. Məqsəd təkcə Sarkisyana qarşı siyasi hücum deyil, həm də Ermənistanın 20 illik Qarabağ strategiyasının uğursuzluğunu göstərməkdir. Bu, həm də Paşinyanın özünü “şəffaf lider” kimi təqdim etmək cəhdidir. Bəs görəsən, niyə məhz indi? Bu suala cavab verərkən əsas o məqamın üzərində dayanmalıyıq ki, indi Ermənistan daxilində Qərb-Rusiya qarşıdurması dərinləşir. Paşinyan hakimiyyəti Qərbə yaxınlaşdıqca, keçmiş Rusiya yönlü komanda ilə hesablaşma daha kəskinləşir. Qarabağ mövzusu artıq Ermənistan siyasətində tabu deyil, ona görə açıqlamalar daxili auditoriya üçün daha sərbəstdir. Serj Sarkisyan da bu sərbəstlikdən faydalanaraq deyir ki, 2019-cu ildə Minsk qrupu yeni sənəd təklif edib. O, əvvəlcə sənədi “qəbuledilməz” hesab edib, sonradan isə “danışıqlar üçün əsas ola biləcəyini” düşünüb. Bu bəyanatın məqsədi odur ki, Sarkisyan Paşinyanı köhnə formatı dağıtmaqda günahlandırır. O, öz siyasətinin guya “alternativ çıxış yolu” yaratdığını iddia edir. Eyni zamanda, “biz baza yaratmışdıq, o davam etdirmədi” formasında məsuliyyəti Paşinyanın üzərinə yıxmaq istəyir. Paşinyan isə bütün sənədləri açıqlayacağını deyir. Bu addım Ermənistan cəmiyyətində müəyyən reaksiyalar doğura bilər. İlk növbədə keçmiş hakimiyyətin gizli diplomatiyası ifşa ediləcək və danışıqların real məzmunu ilk dəfə geniş ictimaiyyətə çatacaq. Bununla yanaşı, Qarabağla bağlı yanlış təsəvvürlərə əsaslanan illərlə qurulmuş ideoloji çərçivə dağılacaq. Keçmiş və indiki hakimiyyət arasındakı qarşıdurma daha da güclənəcək.
MTM Analitik Qrup
