GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Konstitusiya dövrün çağırışlarına uyğunlaşdırılmalıdır

Prezident İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciətində bildirib ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, regional lider kimi mövqeyinin möhkəmlənməsi və cəmiyyətdə baş verən ictimai-siyasi dəyişikliklər Konstitusiyanın yenilənməsini zəruri edir. Dövlət başçısı vurğulayıb ki, yeni dövrün reallıqları hüquqi sistemdə müasir yanaşmalar tələb edir və əsas qanunun çağırışlara uyğunlaşdırılması ölkənin uzunmüddətli inkişaf hədəflərinə xidmət edəcək.

2. “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq

Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamasında bildirib ki, “Tramp marşrutu” adlandırılan nəqliyyat xəttinin tikintisinə 2026-cı ilin ikinci yarısında start veriləcək. Hökumət bu layihəni region üçün mühüm kommunikasiya xətti kimi qiymətləndirir.

3. Nikol Paşinyan Serj Sarkisyana qarşı

Paşinyan bəyan edib ki, Qarabağ münaqişəsi ilə bağlı əvvəlki hakimiyyət dövrünə aid danışıqlar sənədlərini ilin sonuna qədər dərc etməyi planlaşdırır. Bu addım Serj Sarkisyan administrasiyasının apardığı danışıqlar prosesini ictimaiyyətə təqdim etmək niyyəti kimi dəyərləndirilir. Paşinyan bununla siyasi məsuliyyət və tarixi həqiqətin açıqlanmasını vacib sayır.

4. İran parlamenti toplanır

İran Prezidenti Məsud Pezeşkian açıqlayıb ki, parlament yaxın günlərdə xalqın gündəlik problemlərinin müzakirəsi üçün xüsusi iclas keçirəcək. O bildirib ki, iqtisadi çətinliklər və sosial gərginlik artdıqca dövlət idarəçiliyi çətinləşir: “Xalq aclıq içindədirsə, ölkəni idarə etmək mümkün deyil”. Pezeşkianın bu mesajı ölkədə sosial-siyasi narahatlıqların artdığını göstərir.

5. Hərbi əməliyyat planı Trampa təqdim edilib

ABŞ administrasiyasındakı yüksək rütbəli hərbi məmurlar Venesuelaya qarşı potensial hərbi əməliyyat planlarını Prezident Donald Trampa təqdim ediblər. Bu, Vaşinqtonun Venesuela hökumətinə qarşı təzyiqləri gücləndirməsi fonunda qiymətləndirilir və regionda gərginliyi artıracaq addım kimi görünür.