BÖLGƏLƏRDƏ MƏŞĞULLUQ SƏVİYYƏSİNİN DAVAMLI YÜKSƏLDİLMƏSİ DÖVLƏT SİYASƏTİNİN PRİORİTETLƏRDƏN BİRİDİR

Məşğulluq hər ölkənin sosial-iqtisadi tərəqqisinin, sabitliyinin əsas göstəricilərindən biridir. Əhalinin işlə təmin olunması, gəlir səviyyəsinin artması və yoxsulluğun azalması birbaşa əmək bazarı ilə bağlıdır. Bütün bunlar fonunda məşğulluq məsələsinə ölkəmizdə də xüsusi diqqət edilir. Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan məlumatlar göstərir ki, bu ilin  avqustun 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 355,4 min nəfər olub, onlardan isə 5 milyon 74,2 min nəfərini məşğul əhali təşkil edib. Bu rəqəm ölkədə məşğulluq səviyyəsinin yüksək olduğunu bir daha təsdiq edir. Lakin hökumət əldə olunan nailiyyətlərlə kifayətlənməyərək, bu istiqamətdə fəlaiyyət dairəsini daha da genişləndirməyə, xüsusən də regionlarda məşğulluq səviyyəsini yükəltməyə çalışır.

Qeyd edilməlidir ki, ölkədə iqtisadi inkişafın regional bərabərliyini təmin etmək, kənd və rayon əhalisinin rifahını yüksəltmək məqsədilə bir sıra dövlət proqramları həyata keçirilib və keçrilməkdədir. Ümumiyyətlə, bölgələrdə məşğulluq məsələsi hələ də sosial siyasətin ən vacib istiqamətlərindən biri olaraq qalır. Məsələyə Prezidenti İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra icra başçılarını  qəbul edərkən xüsusi toxunub: “Bölgələrdə əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Ancaq o da həqiqətdir ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyilləri mövcuddur. Bunun müxtəlif səbəbləri var. Miqrasiyanın, kəndlərdən şəhərlərə axının mövcud olması təkcə bizim ölkə üçün xas deyil, inkişaf etmiş ölkələrdə də bu var. Təbii ki, böyük şəhərlərdə imkanlar da genişdir, yaşayış səviyyəsi də daha yüksəkdir. Bütün bunlar başadüşüləndir. Ancaq, eyni zamanda, bölgələrdən şəhərlərə miqrasiyanın səbəblərindən biri də işsizlikdir”.

Dövlət başçısı xatırladıb ki, bölgələrdə insanları işlə təmin etmək üçün indi hökumət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir: “Artıq on minlərlə insan bu proqramla əhatə olunub. Ona görə yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir. Kənd təsərrüfatı və turizmlə bağlı son müddət ərzində dövlət xətti ilə bir çox önəmli addımlar atılmışdır. Bunu daha da genişləndirmək lazımdır. Xüsusilə turizm üçün cəlbedici olan bölgələrdə bu, iqtisadiyyatın, bölgə iqtisadiyyatının kənd təsərrüfatı ilə birlikdə əsas amilini təşkil etməlidir”.

Xatırlatmaq lazım gəlir ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində son illərdə bölgələrdə çoxsaylı sənaye parkları, aqroparklar, logistika mərkəzləri, emal müəssisələri yaradılıb, kənd təsərrüfatı sahəsində yeni iş yerləri açılıb. Bu proses həm iqtisadi diversifikasiyanı, həm də bölgələrdə əhalinin işlə təmin olunmasını təşviq edir. Eyni zamanda son illərdə dövlət məşğulluq siyasətində yeni yanaşmalar tətbiq olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən “Məşğulluq strategiyası”, “Özünüməşğulluq proqramı” və “Gənclərin məşğulluq təşəbbüsləri” regionlarda insanların gəlir mənbəyi əldə etməsinə şərait yaradır. Özünüməşğulluq proqramı çərçivəsində minlərlə ailə dövlət dəstəyi ilə kiçik biznes qurub, heyvandarlıq, arıçılıq, toxuculuq, xidmət və digər sahələrdə fəaliyyətə başlayıb. Bunlar fonunda qeyd olunamlıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin 10 ayında 491,8 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Onlardan 158 min şəxs münasib işlərlə təmin olunub, 16,3 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. Yanvar-oktyabr aylarında 15,5 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 302 min şəxsə peşəyönümü xidmətlər göstərilib.

Təbii ki, bölgələrdə məşğulluğun artırılmasında kənd təsərrüfatı xüsusi yer tutur. Aqrar islahatlar, torpaq bölgüsü və subsidiyaların verilməsi nəticəsində kəndlilərin istehsal imkanları genişlənib.  Aqroparkların yaradılması, iri fermer təsərrüfatlarının təşviqi və kənd təsərrüfatı məhsullarının emalına yönələn investisiyalar bölgələrdə sabit iş yerlərinin formalaşmasına imkan yaradır. Bununla belə, kiçik fermerlərin bazara çıxış imkanları və məhsul satış kanalları hələ də məhduddur. Sənaye sektorunda da bölgələrin potensialı yüksəkdir.  Yeni texnoloji istehsal sahələrinin yaradılması, xüsusilə emal sənayesi və enerji sektoruna investisiyaların artırılması bölgələrdə məşğulluq səviyyəsini daha genişmiqyaslı edir.

Turizm potensialı yüksək olan regionlarda sözügedən sənayesinin inkişafı da mühüm məşğulluq mənbəyidir. Hotelçilik, ictimai iaşə, nəqliyyat və xidmət sahələrinin genişlənməsi yerli əhalinin işlə təminatına və gəlirlərinin artmasına şərait yaradır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa işləri yaxın illərdə on minlərlə yeni iş yerinin yaranmasına səbəb olacaq. Rəqəmsal iqtisadiyyatın genişlənməsi bölgələrdə yeni iş formalarının yayılmasına imkan yaradır. Dövlətin regionlarda internet infrastrukturunu gücləndirməsi bu sahədə mühüm rol oynayır. Ancaq o da faktdır ki, Azərbaycanda bölgələrdə məşğulluq sahəsində mühüm irəliləyişlər olsa da, bu proses davamlı diqqət və strateji planlaşdırma tələb edir. Dövlətin dəstəyi, özəl sektorun fəallığı  sayəsində regionlarda işsizlik səviyyəsinin azalması, sosial rifahın yüksəlməsi və bərabər iqtisadi inkişafın təmin olunması üçün mövcud potensialdan daha səmərəli istifadə olunması isə Azərbaycan üçün yeni imkanlar açır.

MTM Analitik Qrup