AZƏRBAYCAN-TÜRKİYƏ-PAKİSTAN QARDAŞLIQ İTTİFAQI BİR DAHA BAKIDAN BÜTÜN DÜNYAYA NÜMAYİŞ ETDİRİLDİ

Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi parad, burada nümayiş etdirilən texnika yenidən dünyanın diqqətini Azərbaycan üzərində cəmləşdirdi. Bunu parad barədə müxtəlif xarici media vasitələrində yayımlanan materiallar, ekspert rəyləri və təhlilləri kontekstində də görmək mümkündür. Ancaq burada xüsusi maraq kəsb edən məqamlardan biri Türkiyə və Pakistanın yüksək səviyyədə təmsil olunması, eyni zamanda sözügedən qardaş ölkələrin hərbçilərinin də paradda iştirakı oldu.
Hərbi paradda çıxışında bütün bunları yüksək qiymətləndirən Prezident İlham Əliyev qeyd edib ki, qardaş Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərib: “Müharibə zamanı onun “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”. Dövlət başçısı qeyd edib ki, hərbi paradda Türkiyə hərbçilərinin iştirakı birliyimizin növbəti təzahürüdür. Prezident qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin paradı qonaq qismində izləməsini yüksək qiymətləndirib: “Pakistan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir… İlk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin – Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür”.
Heç şübhəsiz ki, Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin nəticələri təkcə bu ölkələrin sərhədlərinin daxilində yox, ondan kənarda özünü qabarıq şəkildə büruzə verir. İlk növbədə strateji tərəfdaşlıq hər üç ölkənin təhlükəsizlik və inkişaf siyasətində mühüm rol oynayır. Ümumiyyətlə, Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan çoxşaxəli əməkdaşlıq platforması həm siyasi, həm də hərbi müstəvidə xüsusi əhəmiyyət daşıyır. Üç qardaş ölkənin birliyi təkcə ortaq tarixi və mədəni dəyərlərə əsaslanmır, eyni zamanda qarşılıqlı maraqlar, təhlükəsizlik zərurətləri və beynəlxalq ədalətin qorunması prinsipləri üzərində qurulub. Azərbaycan, Türkiyə və Pakistan artıq “bir millət, üç dövlət” anlayışını praktik əməkdaşlıqla reallaşdıran nadir ölkələrdəndir. Bu üçlüyün əsasında duran dostluq və qardaşlıq əlaqələri ilk növbədə əsrlərlə formalaşmış tarixi və dini yaxınlıqdan qaynaqlanır. Hər üç xalq İslam sivilizasiyasının bir parçası olmaqla yanaşı, müstəqil və suveren inkişaf yolunu seçib, eyni zamanda Qərb və Şərq arasında körpü rolunu oynayan strateji mövqeyə malikdir. Bu xüsusiyyətlər Azərbaycan-Türkiyə-Pakistan münasibətlərini digər regional tərəfdaşlıqlardan fərqləndirir.
Siyasi baxımdan üç ölkə arasındakı münasibətlərin intensivləşməsi 1990-cı illərdən başlayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Türkiyə onun müstəqilliyini tanıyan ilk dövlət, Pakistan isə Ermənistanla diplomatik əlaqə qurmayan yeganə müsəlman ölkə oldu. Bu, İslam həmrəyliyinin və dostluğun real təzahürü idi. Sonrakı illərdə üç ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək nümayiş etdirdi və bu proses indi də uğurla davam edir. Xüsusilə Qarabağ məsələsində Türkiyə və Pakistanın Azərbaycana verdiyi prinsipial dəstək qardaşlıq münasibətlərinin siyasi təməlini daha da möhkəmləndirdi. 2020-ci ilin Vətən müharibəsi zamanı Türkiyə və Pakistanın Azərbaycana verdiyi mənəvi-siyasi dəstək bu birliyin dərinliyini bir daha ortaya qoydu. Türkiyə diplomatik və informasiya sahəsində Azərbaycanla tam həmrəylik göstərdi, hərbi texnologiya sahəsində əməkdaşlıq nəticəsində əldə olunan üstünlüklər müharibənin nəticələrinə mühüm təsir göstərdi. Pakistan isə beynəlxalq platformalarda Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Qeyd edilməlidir ki, Azərbaycan Cəmmu və Kəşmir məsələsində analoji dəstəyi Pakistana göstərir, Türkiyənin maraqlarının müdafiəsində daim birmənalı, qətiyyətli mövqe nümayş etdirir.
Təbii ki, ölkələrimiz arasında əlaqələrin intensiv inkişafı davamlı inkişaf xarakterinə malikdir. 2021-ci ildə Bakıda imzalanan “Bakı Bəyannaməsi” Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının institusional əsasını qoydu. Bəyannamədə üç ölkənin müdafiə, təhlükəsizlik, enerji, nəqliyyat və texnologiya sahələrində əməkdaşlığının dərinləşdirilməsi nəzərdə tutulur. Bu sənəd həmçinin regional və qlobal sülhün təmin edilməsində birgə səylərin artırılmasını da ehtiva edir. Ötən dövr ərzində bu istiqamətdə mühüm addımlar atılıb. Hərbi sahədə üç ölkə arasında əməkdaşlıq sürətlə genişlənir. Müntəzəm olaraq keçirilən birgə hərbi təlimlər tərəflərin müdafiə qabiliyyətinin və qarşılıqlı uyğunluğunun artırılmasına xidmət edir. Bu təlimlər vasitəsilə birgə əməliyyat bacarıqları təkmilləşdirilir, müasir döyüş texnologiyalarının tətbiqi üzrə təcrübə mübadiləsi aparılır. Həm Türkiyə, həm də Pakistan hərbi sənaye sahəsində Azərbaycan üçün strateji tərəfdaş sayılır.
Daha bir vacib nünas odur ki, bu gün türk-İslam dünyasında yeni bir yüksəliş müşahidə edilməkdə, Azərbaycan, Türkiyə, Pakistan kimi ölkələr bu prosesin önündə gedən dövlətlər sırasında yer almaqdadır. Ümumiyyətlə, türk-İslam dünyası formalaşmaqda olan yeni güc mərkəzlərindən biri kimi xarakterizə edilir. Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşmaqda olan ittifaq bu güc mərkəzinin əsas təməl daşlarından biri, hətta nüvəsi hesab olunur. Hazırda sözügedən üçlük Avrasiyanın geosiyasi arenasında mühüm iştirakçılar sayılırlar. Türk ölkələrinin, o cümlədən Mərkəzi Asiya respublikalarının, bir çox İslam dövlətlərinin bu üçlüklə dərinləşən işbirliyi onların artıq dünya miqyasında proseslərə təsir imkanlarını artırır.
Real vəziyyət bir daha göstərir ki, Azərbaycan, Türkiyə və Pakistanın siyasi-hərbi birliyi təkcə üç ölkənin deyil, bütün regionun təhlükəsizliyi və sabitliyi üçün mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq modeli Qərb və Şərq arasında balanslı siyasətin, həmrəylik və qarşılıqlı etimadın nümunəsidir. Artıq bu birliyin iqtisadi, texnoloji və digər sahələrə də genişlənməsi onun qlobal təsir imkanlarını artırmağa xidmət edir.

MTM Analitik Qrup