GÜRCÜSTAN MEDİASINDA AZƏRBAYCAN PREZİDENTİNİN NATO NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜNƏ DAİR XƏBƏRLƏR YAYIMLANIB

Gürcüstanın 1Tv.ge televiziyası və eyniadlı portalı, imedinews.ge informasiya saytı Prezident İlham Əliyevin noyabrın 6-da NATO nümayəndə heyəti ilə keçirdiyi görüşlə bağlı xəbərlər yayımlayıb.

Xəbərlərdə deyilir ki, nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya və İspaniyanın NATO-dakı daimi nümayəndələri, həmçinin Amerika Birləşmiş Ştatları və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir.

Bildirilir ki, qonaqlar Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıblar.

Prezident İlham Əliyev NATO mənzil-qərargahına səfərlərini xatırladaraq qeyd edib ki, Əfqanıstandakı əməliyyatlara dəstək Azərbaycan-NATO əməkdaşlığının vacib hissəsi olsa da, ölkəmizlə alyans arasında regional inkişaf, enerji təhlükəsizliyi və digər istiqamətlər üzrə əməkdaşlıq da gündəmdədir.

Dövlətimizin başçısı Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə Ordusu ilə sıx əməkdaşlığı vurğulayıb. Bu xüsusda ölkəmizlə alyans arasında əlaqələrin genişləndirilməsinin roluna toxunub.