
Cənubi Qafqazda kommunikasiya və nəqliyyat dəhlizləri uğrunda mübarizə son illərin ən mühüm geosiyasi proseslərindən birinə çevrilib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “İran və Rusiya “Tramp dəhlizi” layihəsinə etiraz etmir” açıqlaması bu mənzərədə diqqətəlayiq dönüş kimi görünür. Halbuki İkinci Qarabağ müharibəsindən dərhal sonra Tehran Zəngəzur dəhlizini özünün “qırmızı xətti” elan etmiş, Moskva isə həmin marşrutu nəzarət altında saxlamağa can atmışdı. Bəs indi vəziyyət niyə dəyişib?
Qərbin təşəbbüsü kimi təqdim olunan “Tramp dəhlizi” Orta Asiyanı, Cənubi Qafqazı və Avropanı birləşdirən alternativ nəqliyyat marşrutu kimi nəzərdə tutulur. Layihənin əsas məqsədi Rusiya və İran üzərindən keçməyən, lakin region ölkələrini iqtisadi əlaqələr baxımından Qərbə inteqrasiya edən yeni yolun formalaşdırılmasıdır. Bu dəhliz Azərbaycanın azad edilmiş əraziləri, Ermənistan, Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya çıxış imkanlarını əhatə edə bilər. Belə bir model reallaşarsa, bölgədəki strateji nəzarət balansı dəyişəcək, Rusiya və İranın tranzit üstünlüyü zəifləyəcək, Azərbaycan və Türkiyənin isə rolu artacaq.
İran 2020-2022-ci illərdə Zəngəzur dəhlizinə qarşı ən sərt mövqelərdən birini nümayiş etdirmişdi. Tehran bu layihəni “İranı Qafqazdan kənarlaşdırmaq planı” kimi qiymətləndirirdi. Lakin son bir ildə İranın xarici siyasətində müəyyən praqmatizm müşahidə olunur. ABŞ-la dolayı diplomatik kanalların bərpası, sanksiyaların yumşalması perspektivi və Çinlə artan iqtisadi əlaqələr Tehranın regional siyasətini yenidən tənzimləməyə vadar edib. İran indi bölgədəki nəqliyyat marşrutlarını yalnız siyasi təhlükə kimi deyil, həm də iqtisadi fürsət kimi görməyə başlayıb. “Tramp dəhlizi”ndə iştirak etməklə Tehran regiondakı təcrid riskini azalda, eyni zamanda Qərb kapitalına dolayı yolla yaxınlaşa bilər.
Rusiya üçün isə Cənubi Qafqaz postimperial təsir zonasının qalıqlarını qorumaq baxımından həyati əhəmiyyət daşıyır. Moskva uzun müddət Zəngəzur dəhlizini öz nəzarətində saxlamaq istəyirdi, çünki bu yol həm Ermənistan üzərində nəzarəti təmin edir, həm də Azərbaycan-Türkiyə strateji xəttinə balans yaradırdı. Lakin Ukrayna müharibəsi, Qərbin sanksiyaları və iqtisadi təcrid Rusiyanın regionda əvvəlki dominant rolunu zəiflədib. İndi Kreml üçün əsas məsələ nəzarəti saxlamaq deyil, prosesdən kənarda qalmamaqdır. Bu səbəbdən Rusiya “Tramp dəhlizi” kimi təşəbbüslərə açıq şəkildə etiraz etmir. Moskva bu layihədə müəyyən pay almaqla öz mövcudluğunu qorumağa çalışır.
Regionda formalaşan yeni kommunikasiya sistemlərinin hər biri Azərbaycanın coğrafi və siyasi mərkəz rolunu gücləndirir. Bakı həm Rusiya, həm İran, həm də Qərb üçün zəruri tranzit mərkəzinə çevrilib. Azərbaycan balanslaşdırılmış diplomatiyası ilə bu prosesdə strateji çevikliyini qoruyur. Bakı bir tərəfdən, Rusiya və İranla enerji və nəqliyyat sahəsində əməkdaşlıq edir, digər tərəfdən, Qərb dəhlizlərinin reallaşmasına dəstək verir. Bu, Azərbaycanın geosiyasi çəkisini artırmaqla yanaşı, regional qərarvermə proseslərində də əsas oyunçu statusunu möhkəmləndirir. Bu mənada həm Tehran, həm də Moskva artıq başa düşür ki, Cənubi Qafqazda kommunikasiya yollarının qarşısını almaq mümkün deyil. Qlobal iqtisadi sistem regionun açıq tranzit modelinə doğru yönəlir. “Tramp dəhlizi” bu mənada yalnız bir nəqliyyat xətti deyil, həm də geosiyasi dəyişikliyin simvoludur. Azərbaycan bu dəyişikliyin mərkəzində dayanaraq həm regional sabitliyin təminatçısı, həm də iqtisadi inteqrasiyanın aparıcı aktoru kimi çıxış edir.
MTM Analitik Qrup
