
Ermənistanın Baş naziri Nikol Paşinyanın seçki platformasında “Qarabağ” sözünə ilk dəfə rast gəlinmir. Bu, Ermənistan siyasətində uzun illərdir “milli ideologiya” səviyyəsinə qaldırılmış bir anlayışın siyasi gündəmdən çıxarılması deməkdir. Əslində bu fakt təkcə bir platforma yeniliyi deyil, Ermənistanın siyasi təfəkküründə və regional mövqeyində dönüş nöqtəsidir. Halbuki 1990-cı illərdən etibarən Ermənistanın daxili və xarici siyasəti “Qarabağ” ideyası üzərində qurulmuşdu. İstər Robert Köçəryan, istər Serj Sarkisyanın hakimiyyəti dövründə “Qarabağ klanı” hakimiyyətin əsas dayağı kimi çıxış edirdi. Ermənistanın seçki kampaniyaları da məhz bu mövzu üzərindən seçiciləri emosional şəkildə yönləndirmək strategiyasına əsaslanırdı. Amma 2020-ci il müharibəsindən sonra yaranan yeni reallıq bu kartın artıq siyasi dəyərini itirdiyini göstərir. Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi, suverenliyini bütün Qarabağ ərazisində təmin etməsi Ermənistanın bu mövzuda manevr imkanlarını sıfıra endirib. Beləliklə, Paşinyanın “Qarabağsız Ermənistan” platforması həm daxili siyasi, həm də regional reallığın qaçılmaz nəticəsi kimi meydana çıxıb.
Paşinyanın bu addımı Ermənistanda həm tənqid, həm də təqdir doğurub. Mühafizəkar dairələr onu “milli mənafelərdən imtina etməkdə” ittiham edirlər. Amma reallıqda bu yanaşma Ermənistan siyasətində populizmdən realizmə keçidin təzahürüdür. Paşinyan artıq başa düşür ki, Ermənistanın gələcəyi Qarabağ iddiası ilə deyil, iqtisadi, diplomatik və regional inteqrasiya strategiyaları ilə təmin edilə bilər. Bu, onun “sülh və sabitlik” ritorikasının əsasını təşkil edir. Baş nazir anlayır ki, uzunmüddətli inkişaf ancaq qonşularla dinc münasibətlər və açıq kommunikasiya xətləri üzərində qurula bilər.
Paşinyanın platformasında Qarabağ məsələsinin yer almaması, əslində, Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın Ermənistan tərəfindən rəsmən tanınması kimi dəyərləndirilə bilər. Azərbaycanın 2020-ci və 2023-cü illərdə əldə etdiyi hərbi-siyasi üstünlük bölgədə tamamilə yeni status-kvo formalaşdırıb. Bu gün Cənubi Qafqazda güc balansı Bakının lehinədir. Ermənistan üçün isə bu reallığı qəbul etməmək nə iqtisadi, nə də siyasi baxımdan mümkündür. Paşinyanın siyasəti məhz bu nöqtədə məcburi uyğunlaşma siyasəti kimi qiymətləndirilə bilər. Amma bu uyğunlaşma tədricən Ermənistan cəmiyyətində reallıqla barışıq psixologiyasını formalaşdırır. Onu da qeyd edək ki, Paşinyanın “sülh və sabitlik quruculuğu” ilə bağlı iddiaları ilk baxışda idealist görünə bilər. Amma bu ritorikanın arxasında konkret məqsədlər dayanır. Rəsmi İrəvan çalışır ki, Qərb institutları ilə əlaqələrini möhkəmləndirsin, regionda təcriddən çıxsın və iqtisadi layihələrə qoşulsun, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqla geosiyasi manevr imkanlarını bərpa etsin. Bu mənada Paşinyan artıq “Qarabağ məsələsi”ni Ermənistan üçün yük kimi deyil, maneə kimi görür.
Seçkilərə “Qarabağsız platforma” ilə getmək Paşinyan üçün riskli olsa da, bu risk artıq əvvəlki illərdəki qədər təhlükəli deyil. Cəmiyyətin böyük hissəsi müharibədən və izolyasiyadan yorulub. İnsanlar daha çox sabitlik, iqtisadi rifah və təhlükəsizlik istəyir. Bu şəraitdə Paşinyan özünü milli faciənin məsuliyyətini daşıyan lider kimi yox, reallığı qəbul edən və ölkəsini yeni mərhələyə aparan siyasətçi kimi təqdim etməyə çalışır. Bu baxımdan Paşinyanın “Qarabağsız Ermənistan” platforması Ermənistanın siyasi tarixində post-münaqişə dövrünün başlanğıcı kimi qəbul edilə bilər. Bu platforma həm də regionda uzun illər davam edən tarixi illüziyaların sonunu simvolizə edir. Azərbaycanın gücü, diplomatik iradəsi və reallıq siyasəti nəticəsində Cənubi Qafqazda münaqişə sonrası yeni siyasi nizam formalaşır. Bu nizamda artıq Qarabağ məsələsi deyil, sülh gündəliyi, iqtisadi əməkdaşlıq və qarşılıqlı tanınma ön plana çıxır.
MTM Analitik Qrup
