MOSKVANIN TƏKLİFİ ARTIQ YEGANƏ ÇIXIŞ YOLU DEYİL

Cənubi Qafqazda sülh gündəliyinin irəlilədiyi bir vaxtda Moskva diplomatik hərəkətliliyini artırıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin son bəyanatında bildirib ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi üçün Moskva platforma təklifi qüvvədə qalır. Qaluzinin bəyanatı ilk növbədə Moskvanın regionda azalan təsirini bərpa etmək üçün başladığı simvolik və strateji mübarizə kimi də qəbul oluna bilər. Çünki Qaluzin açıq şəkildə deyir ki, “Rusiya sülh müqaviləsinin imzalanması üçün münasib şərait yaratmağa hazırdır”. Halbuki sülh müqaviləsinin bu ilin avqustunda Amerika Prezidenti Donald Trampın iştirakı ilə paraflandığı Kremlə yaxşı məlumdur. Ona görə də Qaluzinin bəyanatı əslində, ikiqat məna daşıyır. Birincisi, Rusiya prosesin tam kənarlaşdırılmadığını göstərmək istəyir. İkincisi isə Qərbin təşəbbüsü ilə Vaşinqtonda razılaşdırılmış sənədin Moskva himayəsində rəsmiləşdirilməsinə çalışır. Bu, Rusiyanın Cənubi Qafqazda diplomatik “geri dönüş cəhdi” kimi də oxunur.

Rusiya üçün sülh müqaviləsinin məzmunundan daha önəmlisi harada və kimin vasitəçiliyi ilə imzalanacağıdır. Moskva üçün bu mərasim postimperiya nüfuzunun simvolik bərpası ola bilər. Bununla Qərbə, xüsusilə də ABŞ və Avropa İttifaqına “Cənubi Qafqazda hələ mən varam” mesajı verəcəyini düşünən Moskva digər tərəfdən həm Ermənistana, həm də Azərbaycana “vasitəçisiz barışa bilməzsiniz” xəbərdarlığı edir. Şübhəsiz ki, əgər müqavilə Moskvada imzalansa Kreml bunu diplomatik qələbəsi kimi təqdim edəcək və daxili auditoriyada Rusiyanın regiondakı təsirinin davam etdiyini sübut etməyə çalışacaq.

Hazırda sülh prosesində iki paralel xətt müşahidə edilir. Birinci xətt Vaşinqton xəttidir ki, Amerikanın dəstəklədiyi, tərəflərin avqust ayında ilkin razılığa gəldiyi sənədlə rəsmiləşib. Digər xətt Moskva xəttidir ki, o da Rusiyanın vasitəçiliyi ilə imzalanmı 2020-ci il 10 noyabr bəyanatına əsaslanır. Bu iki yanaşma arasında əsas fərq vasitəçiliyin xarakterindədir. Vaşinqton prosesi beynəlxalq hüquq və ikitərəfli sülh prinsipləri üzərində qurur, Moskva isə təhlükəsizlik və nəqliyyat razılaşmaları ilə regional təsirini qorumağa çalışır. Başqa sözlə, bu, sülh müqaviləsi uğrunda geosiyasi rəqabət mərhələsidir.

Ermənistan üçün Moskva artıq etibarlı tərəfdaş deyil. Paşinyan hökuməti Brüssel və Vaşinqton formatlarına üstünlük verir, çünki Rusiya vasitəçiliyinin Qarabağ böhranında nəticə vermədiyini düşünür. Azərbaycan isə daha praqmatik mövqedədir. Bakı üçün əsas olan sülh sənədinin məzmunu və dövlət suverenliyinin tanınmasıdır. İmzalama məkanına gəlincə, Bakı dəfələrlə qeyd edib ki, bu onun üçün xüsusi əhəmiyyət kəsb etmir. Əsas odur ki, sülh sazişi imzalansın və bu sənəd tərəflərin maraqlarını tam ehtiva etsin. Lakin indiki məqamda Trampın vasitəçiliyi Azərbaycan üçün də kifayət qədər cəlbedici görünür. Amerika Prezidenti müxtəlif beynəlxalq tədbirlərdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflanmasını mühüm hadisə kimi qeyd edir və hər iki liderə göstərdikləri mövqeyə görə təşəkkürünü bildirir. Məhz belə bir məqamda Qaluzinin verdiyi bəyanat göstərir ki, Moskva sülh təşəbbüskarı imicini dirçəltməyə çalışır. Bunun üçün o, üçtərəfli bəyanatlara istinadla hüquqi əsas yaratmağa çalışır, Ermənistana təhlükəsizlik zəmanətləri vəd edir, regionda sabitlik və nəqliyyat dəhlizlərinin açılması təkliflərini yenidən gündəmə gətirir. Lakin reallıq ondan ibarətdir ki, ülh Moskvanın deyil, regionun imtahanıdır. Rusiya sülhün özünə deyil, onun simvolikasına fokuslanıb. Lakin regionun reallığı dəyişib. Artıq Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə məsafə saxlayır, Azərbaycan müstəqil və balanslı xarici siyasət yürüdür,  Türkiyə, ABŞ və Avropa İttifaqı bölgədə yeni diplomatik mərkəzlər formalaşdırır. Belə şəraitdə Moskvanın təklifi artıq əvvəlki kimi yeganə çıxış yolu deyil.

MTM Analitik Qrup