
Azərbaycan son illərdə regionda balanslaşdırılmış diplomatiya aparmaqla həm Moskva, həm Tehran, həm də Qərb paytaxtları ilə əlaqələrdə sabit xətt yürüdür. Bakı üçün əsas məqsəd beynəlxalq təzyiqlərdən uzaq, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mühitinin yaradılmasıdır. Bu mənada Cənubi Qafqazda və Xəzər hövzəsində baş verən geosiyasi dəyişikliklər fonunda Bakıda keçirilən İran, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü xüsusi əhəmiyyəti ilə seçilir. Bu görüş regionda strateji əməkdaşlığın yeni mərhələsinə keçid kimi qiymətləndirilir. Deməli, bu format təkcə diplomatik məsləhətləşmə platforması deyil, həm də regional güclər arasında koordinasiyanın dərinləşdirilməsi baxımından mühüm siyasi siqnaldır.
Azərbaycan həm Şimal-Cənub nəqliyyat dəhlizi, həm də Xəzər enerji xəritəsi baxımından körpü rolunu oynayır. Rusiya və İran kimi iki böyük qonşunun ortasında yerləşən Azərbaycan bu formatda həm iqtisadi, həm də təhlükəsizlik baxımından mərkəzi aktora çevrilir. Bakı görüşünün əsas gündəmini Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi təşkil edib. Bu layihə Hind okeanından Baltik dənizinə qədər uzanan 7200 kilometrlik strateji ticarət marşrutudur. Azərbaycanın dəmir yolu infrastrukturu bu marşrutun əsas halqalarından biridir. Rusiya Qərbin sanksiyaları səbəbindən bu dəhlizi alternativ ixrac marşrutu kimi görür, İran isə öz ərazisindən keçən hissənin genişləndirilməsi ilə beynəlxalq tranzit gəlirlərini artırmaq istəyir. Azərbaycan isə logistika mərkəzinə çevrilməklə həm siyasi çəkisini, həm də iqtisadi imkanlarını artırır.
Bakı görüşündə enerji təhlükəsizliyi məsələləri də müzakirə edilib. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsindən sonra bu hövzədə birgə enerji layihələrinin həyata keçirilməsi üçün yeni imkanlar açılıb. Rusiya və İran enerji bazarında rəqib kimi görünsələr də, Azərbaycan vasitəsilə regional enerji əlaqələrinin koordinasiyası və infrastrukturun şaxələndirilməsi istiqamətində ortaq maraqlara malikdirlər. Bakı bu prosesdə həm texniki, həm diplomatik vasitəçi rolunu oynayır. Bununla belə, üç ölkə arasında münasibətlər tam harmonik deyil. İranın Ermənistanla yaxınlığı, Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını qorumaq cəhdləri və Azərbaycanın yeni geosiyasi mövqeyi müəyyən gərginliklər yaradır. Ancaq məhz bu fərqli maraqların bir masa arxasında uzlaşdırılması Bakının diplomatik uğuru kimi görünür. Azərbaycan bu formatla göstərir ki, Cənubi Qafqazda sabitlik yalnız region dövlətlərinin dialoqu ilə mümkündür.
Görüş zamanı sərhəd təhlükəsizliyi, qaçaqmalçılığa qarşı mübarizə və informasiya mübadiləsinin təkmilləşdirilməsi kimi məsələlər də gündəlikdə olub. Xüsusilə İran və Azərbaycan arasında 2023-cü ilin əvvəlində yaşanan gərginlikdən sonra bu görüş münasibətlərin normallaşması baxımından da mühüm addım hesab olunur. Rusiya üçünsə bu format Ukrayna müharibəsindən sonra Cənubi Qafqazdakı təsirini qorumaq və regionda Qərb diplomatiyasına qarşı balans yaratmaq imkanıdır. Bakı görüşü göstərir ki, Cənubi Qafqaz artıq təkqütblü geosiyasi məkan deyil. Burada paralel diplomatik formatlar – Türk Dövlətləri Təşkilatı, Azərbaycan-Türkiyə-Gürcüstan üçlüyü və İran-Azərbaycan-Rusiya platforması qarşılıqlı asılılıq şəraitində formalaşır. Bu, həm regional sabitlik üçün çoxmərtəbəli təhlükəsizlik sisteminin yaranmasına, həm də Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir. Bu mənada qeyd edə bilərik ki, Bakı formatı sabitliyin alternativ modelidir və bu format həm iqtisadi, həm enerji, həm də təhlükəsizlik baxımından çoxşaxəli əməkdaşlığın rəsmi çərçivəsini yaradır. Bu görüşün davamlı xarakter alması Cənubi Qafqazda kənar təsirlərin azalmasına, regional məsuliyyətin artmasına və qarşılıqlı etimadın bərpasına doğru mühüm addım olacaq. Top of Form
MTM Analitik Qrup