
Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə çağırılan sülh sammiti dünya miqyasında xüsusi diqqət cəlb edir. Misirin Şarm əl-Şeyx şəhərinin ev sahibliyi etdiyi bu tədbirdə Azərbaycanın da ən yüksək səviyyədə iştirakı ölkəmizin Yaxın Şərqdə sülhə töhfə verən ölkələr sırasında yer almasının daha bir konkret təzahürüdür. Elə bu kontekstdə Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarından və Misirdən olan həmkarları Donald Trampla Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə işgüzar səfər edib.
Misir lideri və ABŞ Prezidentinin həmsədrlik etdikləri sammitə Azərbaycan da daxil olmqla 20-dən çox ölkənin liderinin qatılması tədbirin əhəmiyyətini bir daha ortaya qoyur. Qeyd edilməlidir ki, oktyabrın 9-da İsrail və Fələstinin HƏMAS hərəkatı Yaxın Şərqdə vəziyyətin nizamlanması üçün sülh planı çərçivəsində ilk sazişləri imzalayıb. Buna əsasən, HƏMAS bütün girovları azad etməli, İsrail isə qoşunlarını razılaşdırılmış xəttə çəkməlidir. Artıq oktyabrın 10-da İsrail ordusu qüvvələrinin anklavdakı razılaşdırılmış xəttlərə ilkin çıxarılmasını başa çatdırıb. İsrailin “Haaretz” qəzetinin məlumatına görə, Qəzza zolağından xeyli sayda hərbçi çıxıb. Bununla belə, qəzetin yazdığına görə, İsrail komandanlığı geri çəkilmə xətti boyunca yerləşən İsrail bölmələrinin öz təşəbbüsləri ilə hərəkət edən qüvvələrin hədəfinə çevrilə biləcəyindən narahatdır. Bütün bunlara rəğmən, ABŞ lideri Donald Tramp əldə olunan razılaşmaların təkcə Qəzza zolağında deyil, bütün Yaxın Şərqdə sülhə gətirib çıxaracağına əminliyini ifadə edib.
O da qeyd edilməlidir ki, İsrail və HƏMAS sülhə razılıq versələr də Yaxın Şərq Sülh Sammitində iştirakdan imtina ediblər. Ümumiyyətlə, fakt budur ki, sülh üçün böyük ölkələr və güclər tərəfindən müvafiq addımlar atılsa da buna nail olmaq heç də asan deyil. Düzdür, oktyabrın 10-da silahlı münaqişə tərəfləri arasında rəsmən atəşkəs elan edilsə də, həll olunmamış bir çox məsələlər hələ də qalmaqdadır. Məsələn, İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, girovların qaytarılması mərhələsindən sonra İsrail üçün əsas problem Qəzzadakı HƏMAS-a bağlı bütün terror tunellərinin İsrail Müdafiə Qüvvələri tərəfindən ABŞ rəhbərliyi və nəzarəti altında yaradılacaq beynəlxalq mexanizm vasitəsilə birbaşa məhv edilməsi olacaq. Katz bildirib ki, o, artıq İsrail ordusuna HƏMAS üzvlərinin uzun illər siyasi hökmranlıqda qurduqları yeraltı infrastrukturu məhv etmək tapşırığına hazırlaşmağı tapşırıb.
HƏMAS-ın özünün də silahı yerə qoymaq niyyəti yoxdur. Onlar Qəzza zolağında iki illik müharibə nəticəsində zəifləmiş əvvəlki mövqelərini bərpa etməkdə maraqlıdırlar. “Financial Times” qəzetinə müsahibə verən Qəzza sakinlərinin sözlərinə görə, rəsmi atəşkəs oktyabrın 10-da qüvvəyə mindikdən sonra HƏMAS üzvləri mühüm nöqtələrdə hərbi nəzarəti bərpa etmək üçün bütün zolaqda sürətlə yerdəyişməyə başlayıblar. Halbuki, Donald Trampın 20 bəndlik sülh planı çərçivəsində HƏMAS tərk-silah olmalı, Qəzza zolağına nəzarəti təhvil verməlidir. Hazırda bunun əksi müşahidə edilir. İsrailin yüksək rütbəli kəşfiyyat mənbəsi də “Al-Monitor” nəşrinə bildirib ki, İsrail liderləri HƏMAS-ın əslində tərk-silah məsələsinə əməl etməyəcəyini proqnozlaşdırırlar. Bundan əlavə, HƏMAS, onunla müttəfiq qrupları olan “İslami Cihad” və Fələstinin Qurtuluşu Xalq Cəbhəsi ilə birlikdə anklavdakı münaqişə həll edildikdən sonra Qəzza zolağına xaricdən nəzarət ideyasını rədd etdiklərini bəyan ediblər. Bu fonda hesab edilir ki, demilitarizasiya prosesinə və sazişin digər aspektlərinə nəzarət etmək üçün ABŞ-ın himayəsi altında xüsusi sülhməramlı qüvvə yaradılmalıdır. Vaşinqton bu qüvvələrin əsas hissəsinin Qətər, Misir, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və İndoneziya da daxil olmaqla ərəb və müsəlman dövlətlərindən gələcəyinə ümid edir. Bundan başqa, ABŞ sülhməramlı kontingenti koordinasiya etmək üçün İsrailə 200 nəfərlik ABŞ hərbi komandası göndərib. İndi müşahidəçilərin böyük əksəriyyətinin rəyi odur ki, Trampın 20 bəndlik sülh planı çərçivəsində Qəzza sülh prosesinin ikinci mərhələsi hazırkı birinci mərhələdən qat-qat çətin olacaq. Çünki o, HƏMAS-ın tərk-silah edilməsini və onun hərbi və siyasi qüvvə kimi aradan qaldırılmasını nəzərdə tutur. İsrailin BMT-dəki səfiri Denni Danon “Fox News” telekanalına müsahibəsində qeyd edib: “Birinci mərhələ ən asandır. İkinci mərhələ daha çətindir. Çünki ikinci mərhələdə HƏMAS silahlarını yerə qoymalıdır. Qəzza hərbsizləşdirilməlidir. Bu, xeyli vaxt aparacaq”.
Ancaq burada nəzərə alınması vacib məqam odur ki, Qəzzada sülhün təmini və burada savaş son qoyulması üçün beynəlxalq aləm siyasi iradə sərgiləyir. Yaxın Şərq Sülh Sammiti bunun konkret göstəricisidir. Dünya ictimiyyətinin iradə və səyinə qarşı çıxmağa nə İsrailin, nə də HƏMAS-ın qüdrəti yetər. Qeyd edildiyi kimi bu sülh prosesinə töhfə verən tərəflərdən biri də Azərbaycandır. Burada o da nəzərə alınır ki, Yaxın Şərq kimi mürəkkəb geosiyasi məkanda Azərbaycan kimi tarazlaşdırılmış, müstəqil və çoxvektorlu xarici siyasət yürüdən ölkənin rolu mühüm əhəmiyyətə malikdir. Azərbaycan, həm öz diplomatik fəallığı, həm də multikulturalizm və dinlərarası dialoq təcrübəsi ilə Yaxın Şərqdə sülh prosesinə real töhfə verən ölkələr kateqoriyasında yer alır.
Daha bi mühüm nüans odur ki, Azərbaycanın xarici siyasət strategiyası tarazlıq prinsiplərinə əsaslanır. Ölkə həm Qərb, həm də Şərq dövlətləri ilə qarşılıqlı faydalı münasibətlər saxlayır, müxtəlif dini və mədəni mərkəzlər arasında körpü rolunu oynayır. Bu, Bakının Yaxın Şərqdəki sülh təşəbbüslərində etibarlı tərəfdaş kimi qəbul edilməsinə imkan yaradıb. Azərbaycanın İsrail və Fələstinlə münasibətləri buna bariz nümunədir. Bakı həm İsraillə strateji əməkdaşlıq edir, həm də Fələstin xalqının dövlət qurmaq hüququnu dəstəkləyir. Bu balanslı mövqe Azərbaycanın beynəlxalq arenada neytral vasitəçi kimi çıxış etməsinə şərait yaradır.
Azərbaycanın sülh prosesində ən böyük üstünlüyü həm də ölkəmizin çoxmillətli və multikultural cəmiyyət modelidir. Bakı uzun illərdir ki, dinlərarası dialoq və tolerantlıq mövzusunda beynəlxalq təşəbbüslər irəli sürür. Bakı Humanitar Forumu, Dinlərarası Dialoq Konfransı, Mədəniyyətlərarası Dialoq Forumları kimi tədbirlər Yaxın Şərq ölkələrinin nümayəndələrini bir araya gətirir. Azərbaycan bu platformalar vasitəsilə müsəlman ölkələri, o cümlədən Yaxın Şərqdəki dövlətlər arasında qarşılıqlı anlaşma və mədəni yaxınlaşmanı təşviq edir. Onu da xüsusi vurğulamaq lazım gəlir ki, Azərbaycanın Yaxın Şərqdəki sülh missiyası Türkiyə ilə strateji ittifaqı fonunda daha da güclənib. Ankara regionda əsas diplomatik və hərbi güclərdən biri kimi sülh təşəbbüslərində fəal rol oynayır. Azərbaycan-Türkiyə tandemi Yaxın Şərqdə ədalətli və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin formalaşmasında ortaq mövqe nümayiş etdirir. Suriyada məlum hakimiyyət dəyişikliyindən sonra ölkəmizin burada rolu qeyd edilənlərə bariz nümunədir. Azərbaycanın yanaşması bundan ibarətdir ki, Yaxın Şərqdə sülhün bərqərar olması üçün güc faktoru kənara qoyulmalı, diplomatiya, qarşılıqlı anlaşma ön plana çıxmalıdır. O səbəbdən ölkəmiz ABŞ Prezidentinin buradakı sülh planına tam dəstək verir.
MTM Analitik Qrup