
Müasir beynəlxalq münasibətlər sistemi dinamik dəyişikliklər dövrünü yaşayır. Yeni güc mərkəzlərinin meydana gəlməsi, regional alyansların formalaşması, qarşılıqlı iqtisadi-siyasi asılılığın artması dövlətlərin müxtəlif formatlarda əməkdaşlığını aktuallaşdırır. Bu reallıq yeni əməkdaşlıq modellərinin meydana çıxmasını, dövlətlərarası münasibətlərin müxtəlif səviyyələrdə – hökumətlər, parlamentlər və ictimai institutlar müstəvisində inkişafını zəruri edir.
Müasir dövrdə parlament diplomatiyası ənənəvi diplomatik münasibətlərin təkanvericisi kimi çıxış edərək, dövlətlər arasında müttəfiqliyi gücləndirir, uzunmüddətli etimadın formalaşmasına səbəb olur. Oktyabrın 13-də Pakistanın paytaxtı İslamabadda işinə başlayan Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin üçüncü üçtərəfli görüşü də mövcud geosiyasi çağırışlarla şərtlənərək, ölkələrimiz arasında əməkdaşlığın çaxşaxəli xarakter daşıdığına dəlalət edir. Görüşün əsas mövzusunun “Qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi: Sülh, təhlükəsizlik və rifah naminə parlament əməkdaşlığı” kimi müəyyən edilməsi isə təsadüfi olmayıb, beynəlxalq arenada təzahür edən geosiyasi reallıqların, habelə üç qardaş ölkənin ortaq strateji maraqlarının məntiqi nəticəsidir.
Beynəlxalq hüququn təsir gücünün zəifləməsi, regional münaqişələrin artması xüsusilə müttəfiq ölkələr arasında etimad və həmrəyliyin gücləndirilməsini tələb edir. Ukraynada şiddətli müharibənin davam etməsi, Yaxın Şərqdəki gərginliklər, enerji bazarlarındakı qeyri-müəyyənlik və digər problemlər fonunda regional əməkdaşlıq formatları daha da aktuallaşıb. Bu kontekstdə Azərbaycan, Türkiyə və Pakistan kimi mühüm geosiyasi mövqeyə malik, İslam həmrəyliyinə və beynəlxalq ədalət prinsiplərinə sadiq ölkələrin birgə, kordinasiya olunmuş fəaliyyəti dünyada sülh və sabitliyə mühüm töhfədir.
Üçtərəfli əməkdaşlıq formatının inkişafı son illərdə hər üç ölkənin xarici siyasət doktrinasının vacib hissəsinə çevrilib. Xüsusən də ölkəmizin 2020-ci ildən sonra Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlar – ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası, iki ay əvvəl Zəngəzur dəhlizinə dair əldə olunan razılaşma, Orta Dəhlizin inkişafı layihələrinin aktuallaşması Türkiyə və Pakistanla əməkdaşlığımıza geniş imkanlar açıb.
Azərbaycan, Türkiyə və Pakistanı dil, din, mədəni yaxınlıq və tarixi əlaqələrlə yanaşı, ədalətə və suverenlik prinsiplərinə əsaslanan ortaq baxışlar birləşdirir. Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəsi rəsmi Ankara və İslamabad tərəfindən hər zaman dəstəklənib. Dövlət müstəqilliyimizi tanıyan ilk dövlətlərdən olmuş Türkiyə və Pakistan ilk gündən indiyədək beynəlxalq təşkilatlarda ölkəmizin haqq işinə dəstək verirlər.
Xatırlatmaq yerinə düşər ki, üç ölkənin parlament sədrlərinin ilk görüşü 2021-ci il iyun ayında Bakıda keçirilib. Həmin görüş zamanı imzalanmış “Bakı Bəyannaməsi”ndə parlamentlərarası əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsi, davamlı dialoqun, əməkdaşlığın genişləndirilməsi kimi müddəalar yer alıb. Bəyannamədə, həmçinin, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün müdafiəsinə dair birgə öhdəlikləri təsdiqlənib. Hər üç ölkənin parlament sədrlərinin Şuşa şəhərinə səfəri isə simvolik məna daşıyaraq, bu əməkdaşlığın siyasi və mənəvi əsaslarını gücləndirib.
Ümumiyyətlə, Türkiyə, Azərbaycan və Pakistan arasında formalaşan üçtərəfli müttəfiqlik qardaşlıq, etimad və ortaq maraqlar üzərində qurulmaqla, həm də parlament diplomatiyasını özündə ehtiva edir. Qanunverici orqanlar səviyyəsində əməkdaşlıq mövcud birliyin hüquqi və institusional əsasını təşkil edir. Parlament diplomatiyası hər üç ölkənin beynəlxalq platformalarda biri-birilərini daha sıx şəkildə dəstəkləmələri, birgə təşəbbüs və layihələrlə çıxış etmələri, hibrid və informasiya təhdidlərinə qarşı səmərəli mübarizə aparmaları baxımından son dərəcə vacib əhəmiyyət kəsb edir.
Qeyd edilən əlaqələrin inkişafı həm də ictimai diplomatiya baxımından mühüm əhəmiyyət daşıyır. Parlament və komitə sədrlərinin, deputatların qarşılıqlı səfərləri xalqlarımız arasında etimadı, yaxınlığı artırır. Pakistan parlamentinin Xocalı soyqırımını tanıması, Azərbaycanın Kəşmir və Türkiyənin Kipr probleminə dair prinsipial mövqeyi mövcud siyasi-mənəvi birliyin əyani təzahürləridir. Hər üç ölkənin parlamentlərinin beynəlxalq təşkilatlarda – BMT, Qoşulmama Hərəkatı və İslam Əəməkdaşlıq Təşkilatı kimi platformalarda vahid mövqedən çıxış etmələri, müştərək fəaliyyəti də mövcud əməkdaşlığa dəyər qazandırır.
Ölkəmizin liderliyi ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri də üçtərəfli əməkdaşlığa real iqtisadi-siyasi məzmun qazandırır. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi məkan Cənubi Qafqazdan Yaxın Şərq və Cənubi Asiyaya qədər strateji körpü rolunu oynayır. Ölkəmiz, eyni zamanda, Orta Dəhlizin inkişafına verdiyi dəstəklə Avrasiyada əlaqələndirici mərkəzə çevrilib. Azərbaycan hazırda həm Türkiyə, həm də Pakistanla ortaq istisadi layihələr həyata keçirir. Bu və digər iqtisadi təşəbbüslərin reallaşdırılmaıs isə yalnız hökumətlərin deyil, həm də parlamentlərin qanunvericilik dəstəyi ilə mümkündür.
Azərbaycan, Türkiyə və Pakistanın silahlı qüvvələrinin hər il keçirilən birgə təlimləri, müdafiə sənayesində əməkdaşlıq və təcrübə mübadiləsi üçtərəfli əməkdaşlıq modelinin səmərəliliyini artırır. İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar bu formatın güclənməsinə ciddi təkan verib. Ölkəmizin azad edilmiş ərazilərində aparılan bərpa işlərinə Türkiyə və Pakistan şirkətlərinin cəlb olunması iqtisadi əməkdaşlığı yeni mərhələyə yüksəldib. Parlament diplomatiyası bu layihələrin siyasi və hüquqi təminatını, beynəlxalq leqitimliyini möhkəmləndirib.
İslamadad görüşü təsdiq edir ki, üçtərəfli əməkdaşlıq təkcə dövlət başçılarının siyasi iradəsi ilə deyil, həm də parlamentlərin sistemli fəaliyyəti sayəsində möhkəmlənir.
MTM Analitik Qrup