
Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri regionun sabitliyi və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Lakin yaxın keçmişdə baş verən faciəvi hadisə “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin Rusiya hərbi qüvvələri tərəfindən vurulması münasibətlərin tarixində ciddi sınaq anı oldu. Hadisənin təfərrüatları əvvəldən bəlli olsa da, Azərbaycan tərəfindən buna müvafiq qiymət verilsə də, Rusiya öncə bu yanaşmanı qəbul etmədi. İstintaqın getdiyi əsas gətirilərək bu məsələdə məsuliyyətdən yayınmaq cəhdləri müşahidə edildi. Lakin elə istintaqın özü Azərbaycanın yanaşmalarının, verdiyi qiymətin tamamilə haqlı olduğunu təsdiqlədi. Bunu Prezident İlham Əliyevlə Düşənbədə görüşü zamanı Rusiya lideri Vladimir Putin də etiraf etdi.
Rusiya Federasiyasının Prezidenti bildirdi ki, hadisə ilə bağlı istintaq başa çatmaq üzrədir və indi ümumilikdə bu faciənin, bu qəzanın səbəbləri barədə danışmaq olar: “O, bir neçə amillə əlaqədardır. Birincisi ondan ibarətdir ki, səmada Ukraynanın pilotsuz uçuş aparatı vardı. Biz faciə günü gecə Rusiya Federasiyasının sərhədini keçən üç belə pilotsuz aparatı eyni vaxtda izləyirdik. İkinci səbəb Rusiyanın hava müdafiə sisteminin özündə texniki nasazlığın olmasından ibarətdir. Buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib, – əgər bu baş versəydi, təyyarə yerindəcə məhv olardı, – raketlər partlayıb, ola bilər ki, bu, bir neçə metr məsafədə, təqribən 10 metrlik məsafədə özünü məhv etmək olub”. Vladimir Putin onu da qeyd edib ki, belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək. Bütün bunlar lap əvvəldən Azərbaycan tərəfindən səsləndirilən və tamamilə haqlı xarakter daşıyan tələblər idi. Onlar qəzadan 4 gün sonra Prezident İlham Əliyevin Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində səslənmişdi: “Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir… Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır”.
Qeyd olunmalıdır ki, hadisə baş verəndən 3 gün sonra Rusiya Federasiyasının Prezidenti Azəbaycan liderinə etdiyi telefon zəngində AZAL təyyarəsi ilə bağlı yaşananların ölkəsinin səmasında baş verdiyi üçün üzr istəmişdi. Növbəti telefon zəngində o, bir daha Azərbaycan tərəfindən üzr istədi. Qalan şərtlərin də yerinə yetiriləcəyini Vladimir Putin Düşənbə görüşü zamanı bəyan etdi. Bütün bunlar Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Bu xüsusda Prezident İlham Əliyev rusiyalı həmkarı ilə görüşündə qeyd edib: “Eyni zamanda, bu vəziyyəti nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq, həmçinin komandalarımızın üzvləri daim təmasdadırlar. Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, o, bütün məsələləri obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə məhz bu məsələyə aydınlıq gətirməyi zəruri hesab etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı ifadə etmək istərdim”.
Təbii ki, gəlinən bu nöqtə iki dövlətin diplomatik yetkinliyini və münasibətlərinin dərin təməllər üzərində qurulduğunu bir daha nümayiş etdirdi. Əslində bu hadisə Azərbaycan-Rusiya münasibətlərinin nə qədər strateji və çoxqatlı olduğunu göstərdi. Çünki belə bir böhran bir çox region ölkələri arasında ciddi diplomatik qarşıdurmaya səbəb ola biləcəkdi. Lakin Bakı və Moskva arasında uzun illər ərzində formalaşmış etimad mühiti, ortaq maraqlar və qarşılıqlı hörmət sayəsində tərəflər emosiyaya qapılmadan, konstruktiv dialoq yolu ilə vəziyyətdən çıxış yolu tapdılar. Bütün bunlar şübhəsiz ki, qarşıdakı dövr ərzində ikitərəfli münasibətlərin inkişaf dinamikasının qorunub saxlanılmasına xidmət etməklə yanaşı, onu daha dinamik hala gətirəcək. Elə ekspert dairələrinin yanaşması da bu yöndədir. Məsələn, MDB məsələləri üzrə ekspert Arkadi Dubnov qeyd edir ki, dövlət başçıları ikitərəfli münasibətlərdə böhrandan çıxmağa imkan verəcək qarşılıqlı məqbul formul tapıblar. Onun sözlərinə görə, hadisəyə görə Rusiyanın məsuliyyətinin faktiki etirafı Azərbaycan tərəfindən məqbul qarşılanır. Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman bildirir: “Mən şadam ki, prezidentimiz bir daha “dürüstlük ən yaxşı siyasətdir” şüarına əməl etdi. O, Azərbaycan təyyarəsinin qəzaya uğramasının səbəblərini aydın şəkildə izah etdi… Beləliklə, prezident etiraf etdi ki, bu fəlakətdə bizim də günahımız var”. Azərbaycanlı politoloq, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov da qeyd edir ki, Düşənbə görüşü hər iki tərəfin münasibətlərdə normallaşmaya sadiqliyini nümayiş etdirib: “İnanıram ki, bu görüş münasibətlərin bərpasının başlanğıcı olacaq, əlaqələr yeni normal şəraitdə inkişaf edəcək”.
O da xüsusi qeyd olunmalıdır ki, ötən ilin dekabrında baş verən məlum hadisədən sonra rəsmi Bakı nə anti-Rusiya ritorikasına baş vurdu, nə də münasibətləri kəskinləşdirən bəyanatlar verdi. Bu, Azərbaycanın xarici siyasətində praqmatizmin və balanslaşdırılmış yanaşmanın daha bir nümunəsi oldu. İqtisadi və enerji əməkdaşlığı sahəsində də proseslər öz axarında davam etdi. Hər iki ölkə üçün vacib olan Şimal-Cənub nəqliyyat dəhlizi, enerji ticarəti, ticarət dövriyyəsi və sərhəd əməkdaşlığı layihələri dayanmadı. Əksinə, hadisədən sonra iki tərəf bu istiqamətlərdə fəaliyyətini daha da koordinasiya etdi ki, bu da qarşılıqlı etimadın dərinliyini göstərdi.
Rusiya nəzərə alır ki, Azərbaycan Cənubi Qafqazın ən sabit və güclü dövlətidir. Rusiya üçün regionda balansın qorunması baxımından Azərbaycanla əməkdaşlıq həyati əhəmiyyət daşıyır. 2020-ci il Vətən müharibəsindən sonra formalaşan yeni reallıqlarda Azərbaycan regionun lider dövlətinə çevrilib. Rusiya isə bu reallığı qəbul edərək, Bakı ilə strateji tərəfdaşlığı davam etdirməkdə maraqlıdır. Azərbaycanın müstəqil siyasət yürütməsi, balanslı xarici siyasəti, Qərb ölkələri ilə bərabər münasibətlər saxlamaq bacarığı onu Moskva üçün etibarlı tərəfdaşa çevirir. Rusiya üçün Azərbaycan regionda həm təhlükəsizlik baxımından, həm də diplomatik sabitlik baxımından vacib dayaqlardan biridir.
Digər tərəfdən, Rusiya iqtisadi baxımdan da Azərbaycana bağlıdır. İki ölkə arasında ticarət dövriyyəsi hər il artır və artıq 5 milyard dollara yaxınlaşıb. Azərbaycanın ərzaq, tikinti, logistika və qeyri-neft məhsulları bazarları Rusiya şirkətləri üçün əhəmiyyətli istiqamətlərə çevrilib. Qərblə münasibətləri gərginləşən Rusiya üçün Azərbaycan həm diplomatik, həm də siyasi körpü funksiyasını daşıyır. Bakı həm Avropa, həm də islam dünyası ilə açıq dialoq imkanlarına malikdir. Rusiya üçün bu münasibətlər sistemi vasitəsilə müəyyən diplomatik manevr sahəsi yaranır. Digər tərəfdən Azərbaycanın regional nüfuzu, xüsusilə 2020-ci ildən sonra əldə etdiyi hərbi və siyasi üstünlüklər, onu bölgədə Rusiya üçün əvəzolunmaz tərəfdaşa çevirib. Moskva qəbul edir ki, Cənubi Qafqazda sabitlik yalnız Bakının dəstəyi və razılığı ilə mümkündür. O səbəbdən qarşıdakı dövr ərzində də Azərbaycan-Rusiya münasibətlərinin yeni inkişaf dinamikası əsasında yüksəlişinin davam etməsi tamamilə gözləniləndir.
MTM Analitik Qrup