ZƏNGƏZUR DƏHLİZİ REGİONDA YENİ ƏMƏKDAŞLIQ PLATFORMASINA ÇEVRİLİR

Cənubi Qafqazda son aylarda müşahidə olunan diplomatik fəallıq regionun iqtisadi inteqrasiyası və nəqliyyat-kommunikasiya əlaqələrinin yenidən qurulması baxımından mühüm mərhələnin başlanğıcını göstərir. 2025-ci ilin avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş bir sıra mühüm razılaşmalar sülh və etimad quruculuğu ilə yanaşı, Zəngəzur Dəhlizinin – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nın reallaşmasına mühüm töhfə olub.

Vaşinqton görüşü, bu mənada, iqtisadi və siyasi baxımdan yeni reallıqlar yaradaraq, Cənubi Qafqazda kommunikasiyaların, ticarət əlaqələrinin bərpası, qarşılıqlı etimadın möhkəmlənməsi üçün yeni səhifə açıb. Ermənistanla ABŞ arasında əldə olunmuş razılaşmanın ölkəmiz üçün strateji əhəmiyyəti isə Zəngəzur dəhlizinin Azərbaycanın əsas hissəsi ilə ekslavı Naxçıvan Muxtar Respublikası arasında maneəsiz keçidi təmin edəcəyi ilə şərtlənir. İkinci Qarabağ münaqişəsindən sonra layihənin reallaşmasına qarşı çıxan, onun əhəmiyyətini etiraf etməkdən yayınan Ermənistan rəhbərliyi rəsmi Bakı ilə eyni mövqedən çıxış edir.

Son bir ayda layihənin reallaşdırılması ilə əlaqədar ABŞ və Ermənistan nümayəndələri arasında aparılan müzakirələrin intensivləşməsi göstərir ki, yaxın zamanda layihənin icrasına başlanılması bütün tərəflərin maraq dairəsindədir. Zəngəzur Dəhlizi regionda sülh və etimad mühitinin möhkəmlənməsinə müsbət təsirləri ilə yanaşı, bütün maraqlı tərəflərə iqtisadi dividendlər vəd edir. Cənubi Qafqazın geoiqtisadi arxitekturasını dəyişəcək, region ölkələrinin ticarət, tranzit və investisiya potensialını artıracaq bu dəhliz, eyni zamanda, Orta Dəhlizin, Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafı baxımından perspektivlidir.

Beynəlxalq iqtisadi qurumların qiymətləndirmələrinə əsasən, dəhlizin fəaliyyətə başlaması Avrasiya məkanı üçün dəyəri milyard dollarla ölçülən sinerji yaradacaq. Dünya Bankının proqnozlarına görə, Orta Dəhliz boyunca ticarət axınlarının 2030-cu ilə qədər üç dəfə artması gözlənilir. Zəngəzur Dəhlizi bu sistemin mühüm komponentinə çevrilməsi isə tranzit məsafəsini və daşınma xərclərini azaldacaq. Dəhlizin tam gücü ilə işə düşməsi Azərbaycan, Türkiyə, Ermənistan və Mərkəzi Asiya ölkələrinin qeyri-neft ixracında əhəmiyyətli artıma səbəb olacaq. İllik 15 milyon ton yükdaşıma gücünə malik olacaq bu dəhliz regionun enerji, kənd təsərrüfatı və sənaye məhsullarının Avropaya daşınmasında mühüm rol oynayacaq.

Prezident İlham Əliyevin Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Toplantısında səsləndirdiyi fikirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. “2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb: “Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib” – deyən dövlətimizin başçısı əlavə edib ki, Vaşinqton Zirvəsinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.

Zəngəzur Dəhlizinin yaxın perspektivdə regionda əsas əməkdaşlıq platformasına çevriləcəyi şübhəsizdir. Dəhliz üzərində yaradılacaq yeni logistika mərkəzləri, sənaye parkları, sərhədyanı xidmət zonaları regionun istehsal potensialını yüksəltməklə, xarici sərmayə axınını gücləndirəcək. Dəhlizin reallaşması enerji təhlükəsizliyinə, logistika dayanıqlığına, sabitlik və təhlükəsizliyə mühüm töhfə verəcək.

Ermənistan Baş nazir Nikol Paşinyan oktyabrın 9-da Brüsseldə keçirilən “Global Gateway” beynəlxalq konfransında çıxışı zamanı etiraf edib ki, Zəngəzur layihəsi (TRIPP) Ermənistan üçün mühüm iqtisadi imkanlar açır və ölkəni regional təcriddən çıxarmağa xidmət edir. Onun “Cənubi Qafqaz tarixdə ilk dəfə öz istifadə olunmamış potensialını üzə çıxarmağa və Avropa ilə Mərkəzi Asiya arasında maneəsiz əlaqələrə inteqrasiya etməyə hazırdır” fikri Ermənistan siyasətində iqtisadi praqmatizmin siyasi-hərbi ritorikaya üstün gəlməsinin aşkar təzahürüdür.

Ermənistan Baş naziri Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Koş ilə görüşündə də Zəngəzur Dəhlizinin iki ölkə arasında sülhün bərqərar olması baxımından əhəmiyyətindən söz açıb. Söhbət zamanı Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsinin inşasına Avropa İttifaqının mümkün dəstəyi də müzakirə edilib. Bundan əlavə, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker və Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrçyan arasında oktyabrın 9-da aparılan müzakirələrdə də sözügedən layihənin icra mexanizmləri, dəmir yolu və enerji infrastrukturunun bərpası, qarşılıqlı investisiya təşəbbüsləri əsas mövzulardan olub.

Ermənistanın gec də olsa, Zəngəzur layihəsinin iqtisadi səmərəsini qəbul etməsi, layihənin icrası istiqamətində atdığı addımlar göstərir ki, rəsmi İrəvan regional iqtisadi proseslərdən kənarda qalmağın mənasızlığını anlayıb. Nikol Paşinyanın “Ermənistan Avropa İttifaqı ilə Mərkəzi Asiya arasında körpü olmağa hazırdır” fikri də yeni siyasi reallığın göstəricisidir.

Bir sözlə, Azərbaycanın təşəbbüsü ilə formalaşan nəqliyyat siyasəti region ölkələri və beynəlxalq tərəfdaşların maraqlarını uzlaşdırır. Ölkəmiz iqtisadi və siyasi baxımdan Cənubi Qafqazın gələcəyini müəyyən edən aparıcı aktor kimi qəbul olunur.

MTM Analitik Qrup