
Azərbaycan son illərdə enerji siyasətində neft və qazla yanaşı, alternativ və bərpa olunan enerji resurslarının inkişafına da xüsusi diqqət yetirir. Bu sahədə aparılan islahatların və həyata keçirilən iri layihələrin mühüm nəticələrindən biri ölkənin elektrik enerjisi istehsal gücünün artırılması və ixrac imkanlarının genişlənməsidir. Xüsusilə Avropa İttifaqının enerji təhlükəsizliyi kontekstində Azərbaycanın elektrik enerjisi ixracı strateji əhəmiyyət kəsb etməyə başlayıb.
Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə görüşdən sonra mətbuata açıqlamasında bu məsələyə xüsusi toxunub:
“Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir. İldən-ilə bizim əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı”.
Artıq neft və qazla yanaşı, Azərbaycan Avropanın elektrik enerjisi təminatında da həlledici rol almağa hazırlaşır. Prezident İlham Əliyev bildirib ki, Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə iş aparılır:
“Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanır. Yəqin ki, yaxın vaxtlarda hazır olacaq. TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana, ordan isə Avropaya ötürüləcək enerji əməkdaşlığımızın həcmini daha da artıracaq”.
Azərbaycanın Avropaya elektrik enerjisi ixracı ilə bağlı ən mühüm təşəbbüslərdən biri “Yaşıl enerji dəhlizi” layihəsidir. 2022-ci ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanan saziş çərçivəsində Xəzər dənizindən Avropaya qədər elektrik ötürmə xətlərinin çəkilməsi nəzərdə tutulur. Layihə sayəsində Azərbaycanda istehsal edilən “yaşıl enerji” Qara dənizin dibi ilə Rumıniyaya, oradan isə Avropanın digər bölgələrinə ötürüləcək. Bu, həm Azərbaycanın ixrac potensialını artıracaq, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək.
Bununla yanaşı, Azərbaycan Mərkəzi Asiyada istehsal edilən yaşıl enerjinin Avropaya nəqlində də əsas tranzit mərkəzə çevrilir. Qazaxıstan və Özbəkistan kimi ölkələrin zəngin günəş potensialı nəzərə alındıqda, Azərbaycanın tranzit imkanları bu istiqamətdə müstəsna əhəmiyyət kəsb edir.
Elektrik enerjisinin ixracı Azərbaycanın büdcəsinə əlavə gəlir mənbəyi yaradır. Əvvəllər ixrac gəlirlərinin əsas hissəsini neft və qaz təşkil edirdisə, yaxın illərdə elektrik enerjisi də mühüm paya sahib olacaq. Bu isə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı baxımından xüsusi önəm daşıyır.
Azərbaycanın Avropaya elektrik enerjisi ixracı həm də siyasi-strateji baxımdan mühüm əhəmiyyətə malikdir. Avropa İttifaqı ilə enerji əməkdaşlığının dərinləşməsi Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir. Avropaya ixrac olunacaq elektrik enerjisinin əhəmiyyətli hissəsi bərpa olunan mənbələrdən əldə ediləcək ki, bu da Azərbaycanın “yaşıl inkişaf” konsepsiyasına uyğun olmaqla yanaşı, ekoloji problemlərin həllinə də töhfə verəcək.
Qarşıdakı 5 ildə ölkəmiz bərpa olunan enerji hesabına əlavə 6500 meqavat güc əldə edəcək. Bu, təbii qazın elektrik istehsalında payını əhəmiyyətli dərəcədə azaldacaq. İxrac üçün daha çox enerji ayrılması Azərbaycanın gəlirlərini artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyindəki rolunu da möhkəmləndirəcək.
MTM Analitik Qrupu